
Futbol üzrə Avropa çempionatının C qrupunda keçirilmiş Almaniya - Ukrayna matçından (2:0) sonra Ralf adlı bir alman azarkeş milli komandaların paltardəyişmə otağına girərək şəkil çəkib.
Qaynarinfo.az xəbər verir ki, daha sonra o, telefonla çəkdiyi fotoları Almaniyanın məşhur "Bild" qəzetinə göndərib.
Görüntülərdə Ukrayna millisinin paltardəyişmə otağında şərab şüşəsi, bir neçə pivə qutusu və çoxlu siqaret kötüyü əks olunub. Daha sonra Ralf Almaniya millisinin paltardəyişmə otağına girib və orda buz torbalarından başqa, heç nəyə rast gəlmədiyini bildirib.
Adi bir azarkeşin oyundan sonra əlini sallayaraq komandaların paltardəyişmə otağına daxil olması Lillin Pyer Morua adına stadionunda təhlükəsizliyin nə dərəcədə zəif olmasından xəbər verir. Ralf isə ora necə daxil olmasını belə izah edib: "Matç bitdikdən yarım saat sonra bütün tribunalar boşaldı. Gəlmişkən stadionun ətrafını dolaşıb yaxşıca görüm deyə gəzişdim. Çıxış qapısına gələndə içəridən VİP qonaqların çıxdığını gördüm. Hamısının əlində 1 futbol topu vardı".
Ralf onlardan birinə bu topları hardan aldıqlarını soruşub, cavab isə "içəridə paylayırlar" olub: "Mən açıq qapıdan yenidən içəri girdim. Heç kim bir şey soruşmayınca, əvvəl meydançaya çıxdım. Məşqçi Lövün oturduğu yerdə əyləşdim. Sonra soyunma otaqlarının olduğu dəhlizə girdim. Ukraynanın soyunma otağı tam bir rəzalət idi. Boş şərab şüşəsi, pivə qutuları və yerlər siqaret kötükləri ilə dolu idi. Düz 41 dənə kötük saydım. Sonra almanların soyunma otağına girdim. Ətrafda sadəcə düzgün şəkildə istifadə olunmuş buz torbaları vardı. Stadionun içində saatlarla qaldım, heç kim kim olduğumu soruşmadı".
Qaynarinfo.az

