2024-cü il ərzində Azərbaycan bank sektorunda unikal əmanətçilərin sayı artıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan bank sektorunda unikal əmanətçilərin sayı 2023-cü ilin sonuna 106 723 olub:
"2024-cü il ərzində əlavə 43 796 unikal əmanətçi qeydə alınıb. Onların da, 77,6%-i 30 min manatadək olan əmanətçilərdir".
Maraqlıdır, Azərbaycan bank sektorunda unikal əmanətçilər deyəndə kimlər nəzərdə tutulur?
Azərbaycan Mərkəzi Bankı bu məsələyə aydınlıq gətirib.
Bankın mətbuat xidmətindən Qaynarinfo-nun sorğusuna verilən cavabda bildirilir ki, bank sektorunda "unikal” əmanətçi dedikdə, bir neçə bankda müddətli əmanəti və ya əmanətləri olan şəxs nəzərdə tutulur:
"Son illərə nəzər yetirsək, ilk dəfə olaraq nəzərəçarpacaq artım müşahidə olunduğunu qeyd edə bilərik. Bu, mühüm bir göstərici və nailiyyət olmaqla, əhalinin bank sektoruna etimadının yüksək olduğunu əks etdirir. Mərkəzi Bankın pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi və faiz kanalının ötürücülüyünün artırılması, həmçinin milli valyutada olan əmanətlər üzrə vergi güzəştlərinin tətbiq edilməsi bu dinamikanı şərtləndirən amillərdən hesab oluna bilər. Bank sektorunda "unikal” əmanətçi dedikdə, bir neçə bankda müddətli əmanəti və ya əmanətləri olan şəxs nəzərdə tutulur. Məsələn, 1 şəxsin 5 bankda müddətli əmanəti və ya əmanətləri mövcuddursa, həmin şəxs bank sektoru üzrə 1 unikal əmanətçi olaraq nəzərə alınır”.
Bahar Rüstəmli
Şərhlər