Siyasət 11:28 15.06.2022

Şuşa bəyannaməsi Türkiyə ilə hərbi ittifaq anlamına gəlir - Etibar Məmmədov

Bu gün Türkiyə ilə Azərbaycan arasında Şuşa bəyannaməsinin imzalanmasından bir il ötür. Artıq bu bəyannamə hər iki ölkənin parlamenti tərəfindən ratifikasiya edilib. 15 iyun 2021-ci il bəyannaməsilə Bakı və Ankara hərbi-siyasi və iqtisadi sahələrdə müttəfiqlik əlaqələrini artıq rəsmi səviyyəyə qaldırırlar. Onun imzalanması ilə Azərbaycanla Türkiyə arasında münasibətlər artıq hüquqi müstəviyə keçib. Bəyannamədə qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birinə dəstək olacaqlar. 

Bəyannamənin hərbi baxımdan tarixi əhəmiyyətini Qaynarinfo-ya şərh edən hərbi ekspert Ədalət Verdiyevin fikrincə, Şuşa bəyannaməsi artıq Azərbaycana qarşı atılan hər bir addımın Türkiyəyə təhdid kimi dəyərləndirilməsinə imkan verəcək:


 
"Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında imzalanan müstəsna əhəmiyyətə malik bir sənəddir. Bəyannamə iki qardaş ölkənin daha əvvəldən mövcud olan strateji tərəfdaşlıq münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəltdi. Sənəd hər iki ölkə üçün üstün təhlükəsizlik formatının konturlarını müəyyənləşdirdi. Bu müstəvidə də hər iki ölkə hazırda özünün təhlükəsizlik və müdafiə sahəsində imkanlarının inteqrasiya prosesini həyata keçirir. Azərbaycan müstəqillik qazanandan sonra Türkiyə daim hərbi məsələlərdə ölkəmizi dəstəkləməyə çalışıb. Bunun üçün bir neçə dəfə müxtəlif sənədlər də imzalanıb. Şuşa bəyannaməsi isə hər iki ölkənin təhlükəsizliyinə qarantiya verilməsi deməkdir. İki ölkənin təhlükəsizlik və müdafiə sahəsində birgə əməkdaşlıqla bağlı ortaq məxrəcə gəlməsi, qüvvə, imkan və resursların birləşdirilməsi indiki və bundan sonrakı dövrdə hər iki qardaş ölkənin gücünə əlavə gücün qatılması deməkdir. Bu həmçinin Azərbaycanın Qarabağ və Zəngəzurda həyata keçirdiyi fəaliyyətlərə birmənalı dəstək məqsədi daşıyır. Bakıda keçirilən "Texnofest-2022” festivalı da imzalanan bəyannamənin şərtlərinin kağız üzərində deyil, real həyatda icra edilməsinin göstəricisidir. Digər tərəfdən, Azərbaycanda Türkiyə PUA-larının istehsalı istiqamətində müəyyən razılıqlar da əldə olunub. Bu proses gələcəkdə digər silah sistemlərinə də aid edilə bilər. Yaranmış vəziyyət, Azərbaycanla Türkiyə arasında ikitərəfli hərbi təlimlər, birgə təcrübə mübadiləsi və kadr hazırlığı kimi əməkdaşlıq sahələrində intensivliyin artacağını da ehtimal etməyə əsas verir”. 

AMİP lideri Etibar Məmmədov düşünür ki, Şuşa bəyannaməsi ilə iki ölkə arasında olan razılığa əsasən gələcəkdə Azərbaycanda Türkiyə hərbi bazasının yerləşdirilməsinə də gətirib çıxara bilər:


 
"Şuşa bəyannaməsi hərbi ittifaqın yaradılması deməkdir. Ona görə bəyannaməni imzalayan ölkələrdən hər hansı birinə qarşı təcavüz olarsa, digəri onu müdafiə etmək öhdəliyini üzərinə götürür. Bu, açıq hərbi ittifaqdır. Şuşa bəyannaməsi ilə iki ölkə arasında olan razılığa əsasən, gələcəkdə Türkiyənin hərbi bazasının Azərbaycanda da yerləşməsinə gətirib çıxara bilər”. 

Rüfət Sultan