Xəbər lenti

Ölkə 14:11 27.11.2025

"Uşağın sərhədi olmalıdır" - Ekspert valideynləri məsuliyyətsizlikdə günahlandırır

Əməkdar artist Elza Seyidcahanın məktəb uşaqları ilə bağlı fikirləri müzakirəyə səbəb olub. Müğənni uşaqların əyləncə məkanlarında böyüdüyünü bildirib: "Restoranlarda adam əlindən yer yoxdur. Uşaqlar restoranlarda böyüyürlər. Onlar məktəbdə böyüməlidirlər. Uşaqlar "çıqqa-cuqqa" tərzində mahnılara qulaq asırlar. Gecə 12-yə qədər restoranda olan uşaq necə dərs oxusun, məktəbə getsin?"
 


Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə isə Qaynarinfo-ya açıqlamasında buna görə valideynləri ittiham edib:

"Bu uşaqlar restoranlara, əyləncə mərkəzlərinə özü getmir, onları valideynlər aparır. Həmin uşaqları restoranlarda böyüdən onların valideynlərinin məsuliyyətsiz davranışıdır. Uşağın sərhədləri olmalıdır. Restorana böyüklərlə yanaşı, uşaq da gedə bilər. Amma bunu davamlı olaraq təkrarlamaq uşağın şüurunu başqa istiqamətdə formalaşdırır. Sanki bir meşşan xarakterli uşaq böyüyür. Elza xanım düz deyir, amma gəlin görək bunu valideyn dərk edirmi? Yox. Valideyn də bunu dərk etmək istəmir. Çünki ana əylənmək istəyini hər şeydən üstün tutur. Ana düşünür ki, bu gün filan restoranda olmalıyam və bu mənim haqqımdır".
 


Sədr vurğulayıb ki, ana uşağın hüququnu tapdalayıb keçməsini hüquq pozuntusu kimi qiymətləndirmir:

"Valideyn uşağının gecə saatlarında əyləncə məkanlarında olmasını gözü qabağına alırsa, onun üçün övladının nə sağlamlığı önəmlidir, nə tədrisi. Bu yazını oxuyanlar deyəcək ki, mənim uşağım sənin uşağından qat-qat yaxşı qidalanır və həm də sağlamdır. Amma bu o deyil. Uşağın yuxu və qidalanma saatı var, həmin saatda onun əyləncə məkanında olması düzgün formalaşmasına təsir edir. Əsas da ki onun mənəviyyatının formalaşmasına mənfi təsir edir".

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->