Dünyaca məşhur "Barbie" kuklaları artıq süni intellektlə təchiz oluna bilər.
Qayanrinfo xəbər verir ki, oyuncaq nəhəngi "Mattel", "Barbie", "Hot Wheels" və "Uno" kimi məşhur brendlərinin süni intellektlə təkmilləşdirilməsi məqsədilə "OpenAI" ilə əməkdaşlığa başlayıb. Bu barədə şirkət "Business Insider" portalına açıqlama verib.
İnnovasiya, məxfilik və təhlükəsizlik ön plandadır
"Mattel" şirkəti yaydığı mətbuat açıqlamasında bildirib ki, "OpenAI" texnologiyalarının köməyi ilə müxtəlif yaş qruplarına uyğun oyunlara "süni intellekt sehri" əlavə ediləcək. Bu zaman innovasiya, istifadəçi məxfiliyi və təhlükəsizlik prinsiplərinə ciddi şəkildə riayət olunacaq.
Hazırda layihənin detalları gizli saxlanılır. Bununla belə, ilk süni intellekt əsaslı məhsulun bu ilin sonunadək təqdim olunacağı gözlənilir.
"Mattel" nəzarəti əlində saxlayır
"Bloomberg"ə açıqlamasında "Mattel"in franşiza üzrə direktoru Coş Silverman bildirib ki, əməkdaşlıq müqaviləsi çərçivəsində şirkət öz intellektual mülkiyyətini "OpenAI"yə vermir və hazırlanacaq məhsullar üzərində tam nəzarəti saxlayır.
Silvermanın sözlərinə görə, "OpenAI" ilə danışıqlar 2024-cü ilin sonlarında başlayıb. Əməkdaşlıq yalnız oyuncaq istehsalı ilə məhdudlaşmır – "Mattel" eyni zamanda "ChatGPT Enterprise" kimi alətlərdən öz biznes əməliyyatlarında da istifadə edəcək.
Süni intellekt və əmək bazarı: cins bərabərsizliyi artmaqdadır
Süni intellektin inkişafı ilə bağlı narahatlıqlar da artır. Yeni analizlərə əsasən, yüksək gəlirli ölkələrdə – xüsusilə ABŞ-da – qadınlar süni intellektin avtomatlaşdırma potensialından daha çox təsirlənirlər. 2023-cü ildə bu risk qadınlar üçün 9,6 faizə yüksəlib, bu göstərici iki il əvvəl 7,8 faiz idi.
Bunun əsas səbəbi qadınların daha çox inzibati, kargüzarlıq və məlumat daxil etmə kimi vəzifələrdə təmsil olunmalarıdır. Bu tip işlər isə süni intellekt vasitəsilə avtomatlaşdırıla biləcək kateqoriyaya daxildir.
"Qorxulmalı olan süni intellekt deyil, ondan istifadə etməyi bacaranlardır”
"Nvidia” şirkətinin həmtəsisçisi Censen Xuand bu məsələyə münasibət bildirərək qeyd edib ki, insanlar süni intellektin özlərini əvəz edəcəyindən yox, bu texnologiyadan daha yaxşı istifadə etməyi bacaran şəxslərdən çəkinməlidirlər:
"Dünyada bu texnologiyanı tam istifadə etməyi bacaran 30 milyon nəfər var. Onlar aləti yaradıb və necə istifadə olunacağını bilirlər. Qalan 7,5 milyard insan isə hələ bu bacarığa sahib deyil.”
Aydın
Şərhlər