Xəbər lenti

Uşaqların bu şəkildə ölümü çox qorxulu tendensiyadır: Bəs nə etməli? (RƏY)
Ölkə07:59 24.08.2021

Uşaqların bu şəkildə ölümü çox qorxulu tendensiyadır: Bəs nə etməli? (RƏY)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Uşaqların bu şəkildə ölümü çox qorxulu tendensiyadır və cəmiyyət üçün siqnaldır”. 
Bunu Qaynarinfo-ya açıqlamasında Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin sədri Sevinc Fədai Goranboyda 11 yaşlı uşağın anasının sevgilisi tərəfindən döyülməs və iki gün sonra aldığı xəsarətdən xəstəxanada ölməsindən danışarkən deyib.  Sədr bildirib ki, bu durumun qarşısını almaq üçün hər kəs çalışmalıdır:
"Uşaqların hüquqlarının pozulması, ilk növbədə, ailədən və onu əhatə edən mühitdən başlanır. Ailədə, bağçada, məktəbdə uşaqların etdiyi uşaqlıq səhvlərinə görə cəza vermək onların hüquqlarının istismar edilməsidir. Uşaq etdiyi səhvə görə fiziki şiddətə məruz qalaraq cəzalandırılmamalıdır. Cəza növü seçilərkən fiziki şiddət yolu seçilməməli, uşağa etdiyi səhvin doğru olmadığı müxtəlif yollarla izah edilməlidir. Uşaqları fiziki cəzalandırmaq onların hüquqlarını kobudcasına pozmaq deməkdir. Lakin bizim kimi cəmiyyətlərdə uşağa şəxsi əmlak kimi yanaşılır, bəzi hallarda onun hüquq və psixologiyası, hissləri nəzərə alınmır. Fikirləşirlər ki, uşaqla necə davranmaq valideynlərin şəxsi hüuqudur. Bu baxımdan cəmiyyətdə artan ümumi aqressiya fonunda uşaqların taleyi xüsusi narahatlıq doğurur”. 
 
Təşkilat sədrinin fikrincə, uşağın yaşından asılı olmayaraq, heç bir səhvi onu döyməyə və ya öldürməyə əsas vermir:
"Ancaq biz uşaqlarımızı cəmiyyətdəki digər təhlükə və bəlalardan qorumalı olduğumuz halda, çox təəssüf ki, son vaxtlar onlar məhz öz evlərində, valideynləri və ya onların yaxınları tərəfindən işgəncəyə məruz qalır, qətlə yetirilir. Bu, çox həssas və ciddi durumdur. Bu duruma gətirib çıxaran səbəblərdən biri də həmin ailələrdə narkotik maddələrdən istifadə, şüursuz olaraq atılan addımlardır. Buna görə də, ətrafımızda bu kimi həyati təhlükəsi olan uşaqlar barədə zamanında aidiyyəti qurumlara məlumat verilməli, onlar xilas edilməlidir. Uşaqlara edilən zorakılığa qarşı hər bir vətəndaş mübarizə aparmalıdır. Uşaq üçün yaşadığı evdə işgəncə, təhlükə varsa, vaxtında o evdən uzaqlaşdırılmalıdır, zorakılıq edən şəxlər valideyn hüququndan məhrum edilməlidir. Ailə Məcəlləsində valideynlik hüququndan məhrumetmənin əsaslarında "Uşaqla amansız davrandıqda" yazılır. "Amansız” dedikdə fiziki təzyiqlər nəzərdə tutulur. Ancaq faciələrə yol açan valideyn etinasızlığı da ən böyük zorakılıq sayıla bilər”.
Sevinc Fədai hesab edir ki, 11 yaşlı uşağın ölümündə də valideyn etinasızlığı, hətta onu himayə etməməsi ən böyük səbəbdir:
"Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununa görə, hər bir uşağın həyat və sağlamlığının mühafizə edilməsi hüquqi var. Dövlət uşaqların həyatının mühafizəsi, təhlükəsizliyi üçün müvafiq tədbirlər görməlidir. Fikrimcə, uşaqların valideynləri və ya onların yaxınları tərəfindən işgəncəyə məruz qalmasının, öldürürlməsinin qarşısını almaq üçün qanunvericilikdəki boşluqlar aradan qaldırılmalı, cəza tədbirləri gücləndirilməlidir. Onlar üçün heç bir yüngüllüşdərici maddə olmamalıdır. Hər kəs bu addımı atarkən daha böyük məsuliyyət, qorxu hissi keçirməlidir”.
Sədr əlavə edib ki, valideynlərin psixoloji durumu, həyat tərzi monitorinq edilməli, cəza tədbirləri barədə məlumatlandırılmalıdırlar:
"Həmçinin, uşaqlar arasında da hüquqları, xüsusi "Qaynar xətt”lər barədə maarifləndirmə işləri aparılmalıdır ki, onlar valideynləri və ya yaxınları tərəfindən təhdidlə üzləşəndə müraciət etməli olduqları ünvanları bilsinlər və sonradan belə faciələr yaşanmasın. Polis üçün sonradan işi yönəldə biləcəyi, uşaq və valideynlərin psixoloji dəstək ala, reabilitasiya görə biləcəyi mərkəzlər olmalıdır. Xüsusi olaraq, biz uşaqlara qarşı hər hansı hüquq pozuntusu, zorakılıq gördükdə bunu xəbər verməliyik. Ağır cinayətlər barədə bilib xəbər verməmək, özü də hüquqi məsuliyyət yaradır”.
Bahar Rüstəmli