Ölkə 08:29 10.06.2022

Şuşaya getmək adıyla yüzlərlə alimdən pul yığan şəxs danışdı (VİDEO)

Tarixçi alim Arif Gürşadoğlu və filologiya üzrə fəlsəfə doktoru Vüsalə Ağabəyli Şuşaya səfər etmək adı ilə aldadıldıqlarını iddia edirlər. Onların sözlərinə görə, Şuşada konfrans keçiriləcəyi vədi ilə qeydiyyatdan keçmiş bir qrup alim dələduzluqla üzləşib.

Müsahiblərim iddia edirlər ki, konfransda iştirak etmək üçün onlar tədbirin təşkilatçısı "İksad Azərbaycan" adlı təşkilatın baş koordinatoru Əlvan Cəfərov adlı şəxsin bank hesabına 70 manat pul köçürüblər. Səfərlə bağlı 470 nəfərin müraciəti qeydə alınsa da, sonda Şuşaya 100 nəfər aparılıb.

Vüsalə Ağazadə deyir ki, hətta ona iyunun 8-də Şuşaya səfər edəcəyi ilə bağlı mesaj da göndərilib. Onun sözlərinə görə, səfərlə bağlı ödəniş etdiyi şəxsə dəfələrlə zəng etsə də, zənglərə özü yox, həyat yoldaşı cavab verərək Əlvan Cəfərovun məşğul olduğunu deyib.

Mövzuda adı hallanan Əlvan Cəfərov "Xəzər Xəbər"ə açıqlamasında deyib ki, müraciətlər çox olduğundan konfransa cəmi 100 nəfəri aparmaq mümkün olub. Qalan 370 nəfərin pulu isə geri qaytarılacaq.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi də məlumat yayıb. Bildirilib ki, faktla bağlı hazırda Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır, zərərçəkənlər idarəyə müraciət edə bilərlər.