"Təmirmaş” ASC-nin tənəzüldən tərəqqiyə keçidi barədə qeydlər...
Son illər dövlətin azad sahibkarlığa institisional, hüquqi və maddi dəstəyi sayəsində ölkəmizdə güclü sahibkarlar ordusu yaranıb. Bu gün Azərbaycan sahibkarları dövlətin təmin etdiyi azad rəqabət mühitindən səmərəli şəkildə faydalanaraq yerli istehsal və xidmət imkanlarını əhəmiyyətli dərəcədə artırıb, iqtisadiyyatın bütün sahələrində əlavə dəyərin həcminin yüksəlməsində, əhalinin məşğulluğunun təmin edilməsində aparıcı mövqeyə sahiblənib.
Azərbaycan iqtisadiyyatının inkişafına layiqli töhfəsini verən sahibkarlıq subyektləri içərisində respublikamızın adını dünyada tanıdan kifayət qədər müəssisə və şirkətlər mövcuddur. Onların iqtisadiyyaımızda fəal mövqe qazanmasında və nüfuzlu tanınmış müəssisəyə çevrilməsindədövlətimizin hərtərəfli dəstəyi ilə yanaşı, sahibkarların özlərinin fədakarlığı, yüksək bilik və bacarığı, peşəkarlığı, təşəbbüskar fəaliyyəti və iqtisadi idarəetmə istedadı mühüm rol oynayır.
Düzgün hədəf, doğru məqsəd
Əlbəttə, milli brendə çevrilən həmin müəssisələrin rəhbərlərinin bu zirvəyə yetməsi heç də asan və rəvan olmayıb, onlar çətin, uzun, şərəfli yol qət edərək bu hədəflərə çatıblar.
Tanınmış iş adamı Musa Mirzəyevlə söhbətimizdə Azərbaycanda biznes mühitinin vəziyyəti, sahibkarlığa dövlətimizin dəstəyi, bu diqqət və qayğı sayəsində onun rəhbərlik etdiyi müəssisənin keçdiyi yola nəzər saldıq, obrazlı desək, uğurların sirrini öyrənməyə çalışıdıq.
İş adamı Musa Mirzəyevin rəhbəri olduğu müəssisələrin Azərbaycan iqtisadiyyatında çəkisi və nüfuzu kifayət qədər böyükdür. Yaxından tanıyanlar onu bacarıqlı, işgüzar və məqsədyönlü iş adamı, işinin peşəkarı və əsl yaradıcısı kimi xarakterizə edirlər. Hətta bəzi dostları onu "zəmanə adamı” adlandırır. Musa Mirzəyev dövrün reallıqlarını, ölkəmizdə baş verən iqtisadi dəyişiklikləri uzaqgörənliklə qiymətləndirərək təhlil etməyi bacaran iş adamıdır.
Heç kimin yadından çıxmayıb, ötən əsrin 90-cı illərində müstəqil Azərbaycan Respublikası yeni siyasi və iqtisadi sistemdən tamamilə başqa bir sistemə keçid almışdı. Ölkə həyatının bütün sahələrində dəyişiklik, yeniləşmə başlamışdı. Ölkəmizdə bazar iqtisadiyyatı quruculuğunun geniş vüsət alması və milli biznes sinfinin formalaşması prosesləri yenicə başlayanda Musa müəllim də bu əlverişli fürsəti əldən verməmək qərarına gəlir. Gücünü, bacarığını dərindən bağlı olduğu pedaqoji fəaliyyət sahəsindən ayıraraq biznesə yönləndirməyə üstünlük verir. Özünün də səmimiyyətlə etiraf etdiyi kimi,yeni şərait və həyat gerçəkliklərionu bu addıma sövq etdi.
1996-cı ildən fəaliyyətini məsuliyyətli və çətin bir sahədə - sahibkarlıq sektorunda davam etdirməyə qərar verir. Bununla bağlı Musa müəllimin özünün fikirləri daha maraqlıdır: "Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkəmizdə siyasi və iqtisadi sabitlik bərqərar olmuş, yeni münasibətlərin əsası qoyulurdu.Heydər Əliyev dayanmadan yorulmaz fəaliyyətilə Azərbaycanda azad bazar iqtisadiyyatının qurulması üçün əzmlə çalışırdı və hər bir vətənpərvər vətəndaşı bu proseslərdə iştiraka dəvət edirdi. Ulu öndər həqiqətən çox qətiyyətlə azad biznes mühiti formalaşdırırdı və sahibkarların ən böyük arxa-dayağı, zəmanəti onun özü idi. Azərbaycanın çətin dönəmində belə bir əlverişli imkanı, fürsəti buraxmaq düzgün olmazdı. Özümü bu sahədə sınamaqla bağlı tərəddüdlərim də var idi. Fikirləşirdim ki, bu çətin yükün altına girib öhdəsindən gələ biləcəyəmmi: Qərar verməkdə nə qədər çətinlik çəksəm də, içimdəki ümid və inam bu nigarançılığa son qoydu. Uzun illər çalışdığım sahələrdə qazandığım təcrübə, yeni iqtisadi şəraitin diqtə etdiyi şərtləri yaxından izləməyim və hansı addımlar atmalı olmaq barədə planlarım məndə böyük ruh yaratdı. Qollarımı çırmayaraq işə başladım. Bu sahə mənə sürətlə doğmalaşdı, hər gün yeni imkanlar və yeniliklər axtarışı ilə yoluma davam etdim. Əsas məqsədim ölkəmizin həmin illərdə hələ kövrək olan iqtisadiyyatına töhfəvermək, vətəndaş kimi dövlətimizə xeyir vermək idi. Çünki iş adamı həm də sosial məsuliyyət daşıyır, insanların həyatı və sosial rifahı onların fəaliyyətindən çox asılıdır”.
Musa Mirzəyev məqsədyönlü və qarşıya qoyduğu hədəfləri düzgün müəyyənləşdirməyi bacaran, həll yollarına çata bilən iş adamıdır və bu keyfiyyətlər onun uğurlarının əsas səbəblərindəndir. İşə başlayanda da mövcud problemləri dəqiqliklə dərindən öyrənib çıxış yollarını müəyyən etməkdə çətinlik çəkmədi. İlk növbədə, planlı sovet təsərrüfatından miras qalmış çətin vəziyyəti öyrəndi. Keçmiş ittifaq ölkələri ilə iqtisadi münasibətlərin qırılması mal-material, xammal gətirilməsini əhgəlləyirdi. Müsəssisənin rentabelliyi tamamilə dayanmışdı - üstəlik köhnəlmiş avadanlıqlarla bazara çıxmaq, rəqabət aparmaq, keyfiyyətli mal istehsal etmək çox çətin idi. Müflisləşmiş vəziyyətdə olan zavoda rəhbərliyi üzərinə götürmək, bu ağır yükün altına girmək həqiqətən qəhrəmanlıq tələb edirdi....
Böyük uğura gedən yolun başlanğıcı...
Dünyanın ən zəngin iş adamlarından biri David Rokfellerin məşhur fikri var, "Mən düşünmürəm ki, istənilən bir peşə sahəsində istənilən növ uğur qazanmaq üçün hər hansı bir digər keyfiyyət inadkarlıq qədər vacib olsun”.
Musa müəllim də qətiyyətli və inadkar insandır. Problemlərə rəğmən, özündə daxili güc və iradə taparaq 1998-ci ildə özəlləşdirilmiş "Təmirmaş” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ayağa qaldırılması üçün bütün imkanlarını səfərbər etdi. Zavodun keçmiş şöhrətini özünü qaytarmq lazım idi. Həmin müəssisənin "sələfi” olan Bakı Sınaq Mexaniki Təmir Zavodukeçmiş sovet dövründə (1954-cü ildən fəaliyyətə başlayıb) Azərbaycanın sənaye sütunlarından biri hesab edilirdi. Zavodun güclü maddi-texniki bazası və mexaniki, emal, metalkonstuksiya və tökmə sexləri Azərbaycan sənayesinin tələbatının ödənilməsində mühüm rol oynayıb. Həmin illərdə iqtisadiyyatımıızın əsas aparıcı sahəsi olan neft sənayesinin sifarişlərinin böyük bir hissəsini - müxtəlif kompressorlar, nasoslar, ehtiyat hissələri və s. avadanlıqların hazırlanması və təmin edilməsini Bakı Sınaq Mexaniki Təmir Zavodu həyata keçirib. Zavod, eyni zamanda, digər sənaye sahələri üçün lazım olan metal anker dayaqlar, suvarma sistemləri avadanlıqları, daşınar su çənləri, tənzimləyici su qapıları, reduktorlar və digər mexanizmlərin istehsalında da qabaqcıl müsəssisə kimi tanınıb. Həmçinin, Azərbaycanın kənd təsərrüfatı sektorunda vacib olan avadanlıqların. texnikalarının təmiri və istehsalı da bu zavodda aparılıb.
Bakı Sınaq Mexaniki Təmir Zavodu SSRİ dağıldıqdan sonra "Təmirmaş” ASC-yə çevrildi. Azərbaycanın 1998-ci ildə özəlləşdirilən ilk sənaye obyektlərindən biridir.Özəlləşdirmədən sonra müəssisənin "çiyinlərindəki yüklər” daha da artdı. 90-cı illərin əvvəllərindən istehsal sahələrinin böyük əksəriyyəti öz işini dayandırdığından zavod öz ahəngdar fəaliyyətini itirmişdi.
Musa Mirzəyev həmin illərə nəzər salaraq bildirdi ki, zavodun maddi-texniki bazası sıfır vəziyyətində idi. İstehsal sexləri istismar müddətini bitirmiş, istehsal xətləri dayanmışdı. "Üstəlik əmək kollektivinə, təxminən 100-ə yaxın işçiyə 3 illik əmək haqqı borcu yığılıb qalması əlavə çətinliklər demək idi. Belə vəziyyətdə işçiləri işlətmək çox çətin idi, onlar maaş borclarını tələb edirdilər. Yenicə özəlləşdirilmiş müəssisəni hərəkətə gətirmək olduqca vacib idi, boş dayanmaq olmazdı, hər ötən gün zərərimizə işləyirdi. Çıxış yolu isə tükənməmişdi, sadəcə başlamaq lazım idi”.
Böyük söz ustadımız Səməd Vurğun deyirdi ki, "Səbr ilə yaranar hər böyük zəfər”. Musa Mirzəyev də səbrli və təmkinli idi. Onun ASC-nin inkişafına dair hazırladığı "yol xəritəsi” zavodun dirçəlişində mühüm rol oynadı. İlk növbədə, idaretmədə təcrübəsi olan, bazar iqtisadiyyatının incəliklərindən xəbəri olan peşəkar kadrların təcrübəsindən faydalanmaq üçün danışıqlar aparıldı və səmərəli nəticə əldə edildi.Sumqayıt Kompressorlar Zavodunun təcrübəli və işgüzar mütəxəssisləri zavodun idarəetməsinə cəlb olundu, onların təkliflər müsbət dəyərləndirildi.
Yeni təyinatlı məhsul və avadanlıqların hazırlanmasına dair uğurlu layihələr həyata keçirildi. Respublikamızın sənaye sektorunun tələbatına uyğun dərin strateji baxış sayəsində yeni həll yolları müəyyənləşdirildi. Bazarda xüsusi mövqeyi olan müəssisələrin təcrübəsi də öyrənildi, bazar tədqiqatları aparıldı. Ölkə iqtisadiyyatında aparıcı rol oyanayan iri şirkət və müəssisələrlərlə aparılan danışıqlar səmərə verməyə başladı, onların sənaye tələbatının ödənilməsi üçün biznes-planlar hazırlandı.
Etimadı doğruldan etibarlı tərəfdaş
"Təmirmaş” ASC ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) arasında işgüzar əlaqələrin qurulması zavodun həyatında yeni nəfəs demək idi. Musa müəllimin təbirincə desək, bu hadisə böyük uğurun başlanğıcı oldu. Yeri gəlmişkən, Musa Mirzəyevin rəhbərliyinə qədər bu zavodun Dövlət Neft Şirkəti ilə heç bir əməkdaşlığı yox idi. Zavod haqqında "tələblərə cavab verməyən geridə qalmış köhnə təsərrüfat obyekti” təəssüratını da məhz Musa müəllim dağıtmağa müvəffəq oldu. Artıq "Təmirmaş” ASC keyfiyyətli məhsulları ilə sayılıb-seçilən müəssisə statusu qazanaraq etibarlı tərəfdaş kimi qəbul olunurdu.
Zavodda ölkəmizin neft sənayesi üçün zəruri olan avadanlıqların istehsalına başlanması həm də bir sıra sənaye mallarının idxalının qarşısını aldı. Musa müəllim qeyd edir ki, həmin dördə Neft Şirkəti üçün zəruri olan bir sıra avadanlıqlar, neftçıxarma sənayesində istifadə edilən ehtiyat hissələri Rusiyadan gətirilirdi. "Bu il ərzində milyonlarla manat valyutanın ölkəmizdən kənara çıxması demək idi. Azərbaycanın neft sənayesinin belə məhsullara dərin ehtiyacı olduğunu nəzərə alsaq ölkə daxilində bu ehtiyyat hissələrinin istehsalına başlamaq olduqca vacib idi. Bu əsil bazar rəqəbəti üçün yaxşı şanslar demək idi və biz tez bir zamanda bunu dəyərləndirdik. İlkin vaxtlarda bunun öhdəsindən gələ biləcəyimizə dair şübhələr vardı. Ancaq biz "Təmirşah”la əməkdaşlıq çərçivəsində yüksək bilik və bacarığa malik peşəkar mühəndislərlə həmin ehtiyat hissələrinin istehsalını da müvəffəqiyyətlə yerinə yetirdik”.
Bu, bir sınaq idi. "Təmirmaş” ASC Azərbaycanın ən iri dövlət şirkətinin etimadını qazanmışdı. Beləliklə, Dövlət Neft Şirkətinin tələbatını ödəyən keyfiyyətli sənaye məhsullarının hazırlanması sifarişlərin artmasına səbəb oldu, zavod artıq gəlir əldə etməyə başladı. Musa Mirzəyev peşəkar sahibkar kimi müsəssisənin gəlirlərini, ilk növbədə, infrastrukturun yenilənməsinə, müasir rəqabətə cavab verən yeni istehsal sahələrinin yaranmasına yönəltdi. İstehsalın genişlənməsi əlavə imkanlar və dövlətin məşğulluq siyasətinə dəyərli töhfə demək idi. Zavodda sənayenin artan tələblərinə və sifarişlərə uyğun olaraq yeni xəttlər yaradılaraq istifadəyə verildi.
Bu isə təbii ki, ölkənin nüfuzlu şirkətlərinin zavoda diqqətinin artmasına səbəb oldu. Ölkə iqtisadiyyatında sanballı neft-qaz şirkətləri zavodun potensialı və istehsal imkanları ilə maraqlandı, aparılan faydalı və səmərəli danışıqlar yeni müştərilər qazandırdı. Zavod 1998-ci ildə artıq sifarişçiləri sırasına Azərbaycan sənayesinin nəhənglərindən olan "Azneft” İstehsalat Birliyi, "Azərbaycan Qaz Emalı” ASC, "Azərenerji” ASC, "Metal-Qaynaq” ASC kimi müəssisələri cəlb etmişdi.
Müsəssə keyfiyyətli və zəmanətli məhsulları ilə dərin etibar qazanırdı. Bu səbəbdən xarici şirkətlər - "Technip”, "Mc Dermot”, "RSL”, "Furmantiye”, "AK Grane”, "Boş-Şelf” və digərləri "Təmirmaş” ASC-nin sənaye məhsullarına üstünlük verərək əməkdaşlıq münasibətləri qururdu. Beləliklə, 1998-ci ildən sonra "Təmirmaş” ASC-nin bərpa və inkişaf dövrü başlandı.
Bakı-Tbilisi-Ceyhan xatirəsi...
Musa Mirzəyevin yüksək təşkilatçılıq, təşəbbüskarlıq qabiliyyəti onun rəhbərlik etdiyi müsəssisənin nüfuzunu artırdı və "Təmirmaş” ASC Azərbaycanın sənaye brendlərindən birinə çevrildi. Bu zavodun şöhrətini qaldıran ən mühüm nüanslardan biri də XX əsrin ən möhtəşəm enerji arteriyası olan Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin inşasına verdiyi əvəzsiz təhfədir. Musa müəllim bu barədə xoş xatirəyə çevirilmiş hadisə kimi danışır. Dediyinə görə, sözügedən neft kəmərinin inşasında subpodratçışirkətlərdən biri olan "CCİC” tikinti işlərinin yekunlaşdığı vaxtda texniki çətinliklə üzləşir.
Dəmir boruların birləşdirilməsində istifadə olunan dəmir başlıqlardan birinin çatmaması kəmərin Gürcüstan ərazisindəki işlərin dayanmasına səbəb olur, Həmin hissəni tapıb gətirmək üçün Böyük Britaniyaya üz tutmaq barədə fikirləşirlər. Qərara alınır ki, Britaniyada fəaliyyət göstərən zavoda sifariş verilsin. Ancaq bu zaman qəribə bir təsadüf Musa Mirzəyevi ingilislərin köməyinə çatdırır. Azərbaycanlı sahibkar təşvişə düşməməyi və heç bir xarici ölkəyə getməyə ehtiyac olmadığını bildirir, onları zəruri detalı cəmi 1 günə hazırlayıb təhvil verəcəyinə əmin edir. Verdiyi sözə vaxtından bir saat da tez əməl edərək yüksək etimad qazanır.
Sənayemizə yeniliklər gətirən sahibkar...
Musa Mirzəyev işgüzar və daim yenilik axtarışında olan iş adamlarındandır. Müasir iş adamı kimiiqtisadi həyatda baş verən prosesləri daim izləməsi, yeniliklərin ahənginə uyğun işini qurması, təşəbbüskarlıq göstərməsi, dövlətimizin başçısın irəli sürdüyü yeni tələblərə uyğun addımlar atması onu bacarıqlı rəhbər kimi fərqləndirən mühüm xüsusiyyətlərdir.Onun iş adamı kimi nadir keyfiyyətlərindən biri də zamanın nəbzini tutmaq bacarığıdır.
Kollektivdə onu çevik təşkilatçı və işinin mahir ustası hesab edirlər. Bu istedad, işgüzarlıq və fədakarlıq "Təmirmaş”ın əldə edilmiş saysız uğurlarına hər zaman müsbət təsirini göstərib. Zavod son illərdə istehsal potensialını artırıb, yeni istehsal sahələrini istifadəyə verib. Eyni zamanda, müasir bazar prinsiplərinin tələblərinə uyğun yeni menecment işini qurub, rəqabət qabiliyyətli məhsul istehsalı üzərində strateji planlar hazırlayıb.
Musa müəllimin nailiyyətlərindən biri də alternativ enerji mənbələrinin əldə edilməsinə imkan verən uğurlu layihə həyata keçirməsidir. Bu layihənin ərsəyə gəlməsi üçün iş adamı Almaniyaya səfər edərək bu ölkənin tanınmış "Nordmen” şirkəti ilə əməkdaşlıq haqqında sazişi imzalayıb. Avropanın daha bir nüfuzlu şirkəti olan "Vesta” ilə əməkdaşlıq da uğura gedən yolun növbəti həlqəsi olub. Azərbaycanda ilk dəfə alternativ enerji istehsal edən külək qurğularının istehsalı məhz Musa Mirzəyevin zəhməti və axtarışları sayəsində reallaşıb Onun rəhbərlik etdiyi müəssisə bu sahədə ilkə imza ataraq müasir innovasiyalarda liderliyini nümayiş etdirib.
Yeni çağırışlar - yeni fürsətlər...
Musa Mirzəyev hər zaman axtarışda olan, yeni iqtisadi təşəbbüslərlə çıxış edən və onları gerçəkləşdirməyi bacaran sahibkardır. Paytaxtın müasir simasının dəyişməsi və müasir şəhərsalma ansamblına uyğun olaraq 2008-ci ildə Sumqayıt şəhərinə köçürülmüş "Təmirmaş” fəaliyyətini uğurla davam etdirib. Ölkə iqtisadiyyatının bir sıra sahələrində tətbiq olunan avadanlıq və materialların hazırlanmasında qabaqcıl mövqe əldə edib, təşəbbüskarlığı əldən verməyib. Bakıda Hava limanına gedən yolun üzərində quraşdırılmış elektron lövhələrin metal hissələri, asfalt örtüklərin üzərindəki kanalizasiya qapaqları, yolüstü keçidlərin metal konstruksiyaları məhz "Təmirmaş”ın istehsalı etdiyi milli sənaye məhsullarıdır.
İş adamının sənayenin digər sahələrində gerçəkləşdirdiyi layihələr də özünü doğruldub. Qida sənayesində özünəməxsus yeri olan "Azərmaya” ASC-nin tərkibindəki "Azər un” müəssisəsirespublikamızınərzaq təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayır. Musa Mirzəyev bildirir ki, hazırda ölkədə sahibkarlıq üçün mövcud olan münbit şərait iş adamlarını daha da ruhlandırır: "Cənab Prezidentin son dövrlərdə apardığı islahatlar iqtisadiyyatın şəffaflaşmasına, azad biznesin fəaliyyətinə mane olan bütün halların tamamilə aradan qalxmasına, vergi, gömrük, biznes sahəsində əlavə yeni stimulların yaranmasına səbəb olmaqdadır. Bu gün ölkəmizdə sahibkarlar üçün ən yüksək səviyyədə hərtərəfli və geniş imkanlar mövcuddur. Bu, bizim üçün məsuliyyət deməkdir. Dövlətimizin yaratdığı bu fürsəti yaxşı dəyərləndirməli, daha çox işləməli, yeni layihələr həyata keçirməklə iqtisadiyyatımızı gücləndirməliyik”.
Bəli, Musa Mirzəyev bu gün də gənclik şövqü və enerjisi ilə çalışaraq milli iqtisadiyyatın inkişafına töhfəsini verməyə, fəaliyyətini yeni çağırışlara uyğun qurmağa çalışır.
Nadir
Qaynarinfo.Az