Qulu Məmmədli
IV hissə
Hər kəs dağın zirvəsində qazadığı tozlu, daş-kəsəkli səngərlərə doluşur. Artilleriya atışları sürətlənir. Cəbrayıl istiqamətində xeyli irəliləyən ordumuzun bölmələrinə qarşı düşmən tərəfdən basqılar başlayır. Bu bir növ ilk baxışda bizi mühasirəyə salmaq cəhdi kimi görünür. Çünki Araz boyu xeyli irəlilədiyimizdən düşmənin mövqelərini sağ istqamətdə qoyub ilə xeyli irəliləmişik. Bir gün ərzində ucsuz-bucaqsız hərbi kolonla piyada, bəzən də avtomobillərlə xeyli irəliyə gəlmişik. Bəlkə də məkirli düşmənin niyyəti irəliləyən ordumuzu müdafiənin dərinliyinə buraxıb, daha sonra bizi əsas qüvvələrdən ayrı salıb məhv etməkdir.
Qarabağın coğrafi xəritəsini yaxşı bildiyimdən düşmənin məkirli bir plan oynamasından nigaranam. Amma ordumuzun arxa istiqamətlərdən yağdırdığı ağır artilleriya mərmilərinin ildırımsürətli intensivliyi, dronlarımızın qartal kimi səmaya hakim olması, çox sayda əsgəri heyətin, zirehli avtomobillərin, ozüyeriyən artilleriya qurğularının və s. hərbi avadanlıqların yeni ərazilərə yerimək cəhdləri bu planın gerçəkləşməyəcəyinin anonsunu verir.
Deyəsən, bizi mühasirəyə salmağa cəhd edir düşmən. Gəldiyimiz yollarla irəliləyən bölmələrimizə qarşı amansız artilleriya atışları həyata keçirilir. Tankların, özüyeriyən artilleriya qurğuların səsləri getdikcə artmağa başlayır. Elə bu an qarşı tərəfdə yerləşən düşmən texnikalarının aramsız, silsilə partlamasına, ardıyca alışıb-yanmasına şahidlik edirik. Yüksəklikdə yerləşdiyimizdən ətrafda baş verən bütün prosesləri monitordan izləyirmiş kimi seyr edirik həyəcanla.
Qarşımızdakı dağın ətəyində quraşdırılmış böyük xaç istiqamətində düşmən bölmələri yaxınlaşır. Hərbi formada olan düşmən əsgərləri nə isə axtarırmışlar kimi, sağa-sola vurnuxurlar. Düşmən bölmələrində çaşqınlıq hiss olunur.
Taburumuz döyüş hazırlığı vəziyyətinə gətirilir. Bir müddətdən sonra düşmən anidən yox olur. Yəqin ki, hansısa əvvəlcədən hazırladıqları mövqelərə keçib, maskalanırlar. Onlardan sol istiqamətdə isə düşmənin artilleriya bölmələri irəliləyən bölmələrimizə qarşı aramsız minamiyot zərbələri endirirlər. Bu bölmələrlə aramızda olan dağ onların bizi görməsinə əngəl yaradır. Yaxşı ki, də yaradır, çünki arxa istiqamətimiz müntəzəm atəş xətti altındadır, qarşıdan da bizi görüb yerləşdiyimiz yeri ikitərəfli vursalar, buradan kiminsə sağ çıxması mümkünsüz olacaq.
Qarşıdakı dağın o üzündən havaya qalxan qara tüstü buludlar, daha sonra yanğınla müşayət olunur. Hava aydın olduğu üçün dronların, aviasiyanın işi xeyli asanlaşıb.
Dörd bir tərəfimizdə atışma, silah səsləri susmur. Cəbrayıldan Zəngilan istqamətində əsgərlərimizin hücumu, ermənilərin müqaviməti, geri çəkilməsi müşahidə olunur. Ehtiyat bölmələrin Cəbrayıl istiqamətində növbəti hərəkətlənməsi nəzərə çarpır. Qarşıdakı düşmənin vurulan döyüş mövqelərinin yerini indi qatı ağ duman əvəz edib. Əvvəlki kimi müqavimət göstərə bilmir düşmən.
Aşağı ərzaq gətirməyə getmək lazımdır. Hərbi hissənin ərzaq paylanma məntəqəsi aşağıda - Cəbrayılın "Dostlar bulağı" deyilən ərazisində yerləşdirilib. Amma indi oraya düşmək mümkünsüz bir işə çevrilib. Olduğumuz dağın demək olar ki, hər tərəfinə güllə, mərmi yağışı yağır hər tərəfdən.
Hamının su ehtiyatı tükənmək üzrədir, kiminsə əşya kisəsində nəsə yeyəcəklər var idisə, artıq onlar da tükənib.
Hər kəs öz səngərində tək, ya iki nəfər bir yerdə həyəcanla minamiyot mərmilərinin növbəti dalğasını gözləməkdədir. Yaxın məsafədən atılan mərmi olduqda sadəcə, bir "dup" səsi eşidilir, bu səsi eşitdikdən demək olar 6-7 saniyə sonra minomyotun lüləsinə atılan mərmi yaxınlığında ya yerə, ya üzərinə düşəcək. Düşməyə 2-3 saniyə qalmış vızıldayan uğultulu səsi isə "ölüm mələyi" kim hər dəfəsində adamın nəfəsini tarıma çəkir.
Vətən müharibəsində demək olar ki, düşmənin ən çox istifadə etdiyi silah oldu minomyotlar. Etriraf edək ki, yaramaz düşmən bu silahdan istifadəni məharətlə mənimsəmişdi. Yəqin bu işdə havadarlarının da əməyi az olmamışdı.
Hava getdikcə isinir. Soyuq payız indi yerini bədənimizi iliklərimizə qədər isidən yay günəşinə dəyişib. Uzun illərdən sonra ilk dəfə isti yay günəşinin şəfəqləri altında tərləyən doğma sakinləriyik Qarabağın. Bir insanın bu dünyada çox şeyi olmaya bilər, bəlkə də yaxınlarını da itirər, hələ hər şeyi itirilmiş hesab olunmaz, nəyəsə tutunub yaşayar, amma vətənsiz olmaq, vətən həsrəti çəkmək bu həyatda ən böyük itkidir, məncə. Öz yurd-yuvalarından zorla məcburi köçkün edilmiş insanların daxili iztirablarını, illərlə yaşadığı ağır nisgili indi daha çox dərinliyinə qədər hiss edib, anlaya bilirəm.
Uzaqdan taburun həkimi Quluzadə Elmidarın səsi eşidilir. "Necəsiniz, uşaqlar? Xəstələnib-eləyən yoxdur ki? Kiminsə nəyəsə ehtiyacı var?" - deyə uca səslə qartal tək dağın zirvəsində məskən salmış əsgərlərə səslənir. Bəzi əsgərlər mızıldanmağa başlayır. "Filan yerim ağrıyır, filan problemim var, ayağım yara bağlayıb..."
Uzun məsafə qət edib, əldən düşən, qara çöhrəsi tər içində olan dolu bədənli zabit həkim nəvazişli baxışlarla əsgərləri süzüb: "Bu dəqiqə, kimə nə lazımdırsa, verirəm indi. Dərmanlarımız azdır, amma əsas olan şeylər var. Bir dəqiqə səbirli olun", - deyir.
Uzaqdan mənə əl yelləyir. Hələ Ağcəbədidə olanda kiçik mübahisəmiz də düşmüşdü kapitan Quluzadə ilə.
- Sənə nəsə lazım deyil, cənab leytenant, - deyə gülərüzlə müraciət edir.
Bir gün qabaq keçirdiyim ağır psixoloji sarsıntıdan sonra (həmin gecə baş verənləri sağlıq olsa, kitab çap etsək, oradan oxumaq imkanımız olacaq, həm də müəyyən zaman lazımdır o hadisəni paylaşa bilməyim üçün...) özümü çox yorğun, əzgin hiss edirəm, amma daxilən keçirdiyim bu sarsıntını ətrafa hiss etdirməməyə çalışıram. Axı mən zabit, həm də bölüyün birbaşa mənəvi-psixoloji durumuna, döyüş ruhuna bilavasitə cavabdeh zabitəm.
Bu günlər iki cəbhədə mübarizə aparıram, həm özümlə, həm də düşmənlə. Müharibədə bir tək olan düşmən olmur, müharibənin hər hərfində yüzlərlə fərqli formada düşmən gözləyir səni...
Hələ illər qabaq Ernest Hemenqueyin "Əcəl zəngi" əsərini oxuyanda az-çox müharibənin nə olduğunu anlaya bilmişdim, amma iştirakçısı olunca nəzəri biliklər praktikaya dönüşdüyündən daha çox cismimdə bu ağrıların nə qədər ağır, əzablı olduğunu iliklərimə qədər hiss edirəm. Hələ ki bir itkimiz var. Başqa cəbhələrdə olan vəziyyətlərdən qətiyyən xəbərimiz yoxdur. Ordumuz hara qədər irəliləyib, harada döyüşlər gedir, itkilər, uğurlar, heç bir informasiya almaq olmur.
Xeyli irəlilədiyimizdən artıq telefonlar da şəbəkə çəkə bilmir. İran mobil operatorlarının şəbəkəsinə rouminqlə qoşulmaq imkanı var, amma onu da hər kəsə qadağa ediblər deyə, heç kim bu üsuldan istifadə etmir.
- Sağ ol, həkim, Allah köməyin olsun, hər şey yaxşıdır, - deyib, kapitan Quluzadəni təbəssümlə salamlayıram.
Həkimin ətrafında əllərində dərman çantaları olan əsgərlər kiməsə nə isə uzadır, kimlərəsə həkim tövsiyələri verir, kiməsə ürək-dirək.
7-8 cəsur əsgər ərzaq arxasıyca gedir. Bu elə döyüş tapşırığına bərabər bir əməliyyatdır indiki halda. Dağdan enən bir ensiz, ağ cığır var ancaq.
Düşmənin haraya kamera, müşahidə məntəqəsi yerləşdirdiyni görmək, bilmək çətindir. İllərdir sadəcə silsiləli müdafiə xəttləri yaratmağa nail olmuş düşmən bu sarıdan bizdən üstündür. Amma nə qədər güclü olur-olsun, Şuşada olmaq eşqi, vətənin geridə qalan ərazilərinin işğaldan azad edilmə anını görmək adama əvəzssiz duyğular bəxş edir. Düşüncənə ancaq bir hiss hakimdir: daima irəli getmək, işğalda olan torpaqlarda addımlamaq, bu həsrətə birdəfəlik son vermək. Müharibə adlı bəlanın sonuna çatmaq.
Müharibəyə getməmişdən öncə sosial şəbəkələrdə çox adam tərəfindən paylaşılan "Vur keç səngəri, Azərbaycan əsgəri" haştağı yadıma düşür. İrəlilədikcə adam özü ilə, xalqı ilə, bayrağı ilə necə qürur duyursa, uşaqtək necə sevinirsə, bu hissləri anlatmaq üçün dünyanın ən dahi yazarı olmaq da köməyə çatan iş deyil.
Ara bir az sakitləşir. Ümumiyyətlə, heç vaxt dayanmadan səhərdən-axşama, axşamdan-səhərə qədər döyüş atışları eyni intensivliklə həyata keçirilmir. Müəyyən saatlarda daha intensiv, müəyyən saatarda isə tam sükut halı alır hər tərəf.
Sanki təbiət də nəfəsini dərib, rahatlayır bu an. Qırqada-bucaqda gizlənən quşların səsi yenidən eşidilir, ürkərək sağa-sola qaçmış heyvanlar yenidən bir yerə toplanıb, başını aşağı salıb rahat-rahat yem axtarmağa başlayırlar. Öz aramızda da canlanma, demək-gülmək, müxtəlif mövzular ətrafında danışıqlar, mübahisələr, bəzən xırda davalar da olur. Təbii, bunlar çox tez keçib gedir.
Danışıqların əsas mövzusu təbii, müharibə, digər cəbhələrədə baş verə biləcəklərin təxminləri, bəzən siyasət (baxmayaraq, bu, daha az olurdu) ərzaq, siqaret və bir də geridə buraxdığımız ailələrlə necə ünsiyyət yarada bilmək məsələləri.
- Yaxşı çəkilmə araq var, içmirsən, komutan?
Geriyə boylanıram. MAXE Məmmədov əlində tutduğu yarım litrlik kauçuk su qabındakı çəkilmə arağı mənə göstərərək gözləri parıldaya-parıldaya gülümsünür.
- Təmiz, göz yaşı kimi araqdır. Gəlin, süzüm, bir az için, deyib, üstündə olan bıçaqla başqa bir su qabını kəsib stəkan formasına salmağa çalışır.
- Yox, sağ ol içmirəm, - deyib qış gödəkçəsini soyunur, günlərdir ayağımızdan çıxarmadığımız çəkmələrimi çıxarıram.
Gigiyena məsələsi tam bir başqa bəladır. Su yox, sadəcə quru ərzaq payından çıxan nəm salfetkalar və nədənsə həmişə bol olan corablarla kifayətlənməli oluruq. Ayaqyolu məsələsi isə bir başqa ağır problemdir. Çimmək isə ancaq yağış yağanda və bir də səhər üzü bol şeh düşəndə təbii yolla mümkündür. Aran bölgəsində yaşadığmdan dağlarda yaranan şehin bolluğuna heyrət edirəm. Adamı tam isaladacaq qədər şehdə islanırıq. Bəlkə də açıq havada qalmağın nəticəsindədir.
Yaramaz düşmən Qarabağda heç bir infrastruktur, yaşayış məskənləri inşa etmədiyindən sanki səhradayıqmış kimi gəlir adama hər tərəf. Uçub-dağıdılmış, dağıntıları ot-ələf altında qalmış xarabalığa çevirilmiş kəndlərdən başqa heç bir şey gözə çarpamır. Həsrətdən, kimsəsizlikdən ruhu qocalıb bu yerlərin.
Tabur komandiri "hər kəs silahını təmizləsin, axşam parti var" deyə ucadan bölmələrə komanda verir.
Hamıya bir silah əlavə 4 ehtiyat dolu daraq, 2-3 əl qumbarası və ehtiyat güllələr paylanılıb. Hər avtomatın qundaq hissəsinə yaralanma zamanı qanaxmanın qarşısını almaq üçün jqut, yaxud da rezin bağlanılıb. Kimlərsə də düşməndən yolboyu götürdüyü bıçaqlarla da silahlanıb.
Bəzən müxtəlif forma və təyinatda olan silahları görərkən düşünürsən, 21-ci əsrdə biz hələ də silahları "Marten sobası"nda əritməyə nail ola bilmədik. Bəşəriyyət hələ də savaşlarsız, müharibələrsiz keçinə bilmir. İnsanlığın öldüyü yerdə başlayır müharibələr...
- Komutan, sizi olar bir dəqiqə?..
Sağa çevrilirəm. Balaca, üstü palçıq içində, əlində ucuz qalın "Argo" siqareti tutmuş, yorğun baxışalarını mənə zilləyərək: "Komutan, müharibə nə vaxt qurtaracaq",-deyib, dərhal sualına cavab alacaqmış kimi məndən müsbət cavab gözləyən əsgər soruşur.
- Biz Şuşaya çatanda, - deyib, bir az sərt baxışlarla "axı bu nə sualdır mənə verirsən” şəklində öz etirazımı bildirimiş kimi deyirəm.
Ağcəbədidə toplanma məntəqəsində bölüyün qarşısında çıxış edərkən, həmişə ən çox işlətiyim cümləni: - Bu görəv bizim üzərimizə düşüb, sonuna qədər gedəcəyik! -deyib, baxışlarımı irəliyə zilləyirəm.
Fikirli görünən əsgər siqaretdən dərin bir qullab alıb: "Komutan, haqlısınız, amma çətindir bir az", -deyib, yanımda əyləşir.
- Kim demişdi asan olacaq?
- Bəli, komutan, asan deyil. Amma indi məmurların, imkanlıların balaları Allah bilir harada kef çəkir, biz isə burada zülm ayaqlayırıq. Bu vətən hər kəsin deyilmi?
Belə yerdə bu şəkildə sual güllə kimi adamı dəlib keçir. Əsəbiləşirsən, təəssüf edirsən, çox şeyi dilə gətirə bilmədiyin üçün boğulursan, amma özünün və yüzminlərlə doğma vətən övladının ətrafını sarıdığını görüncə, hər qələbədə uşaqtək sevinən əsgərləri, zabitləri görüncə, düşünürsən ki, vətən elə bizik, bu vətən elə bizimdir. Onu da elə biz qorumalıyıq, onun yolunda biz qan tökməli, biz can verməliyik...
- Vətən kasıblardır, Səlimov. Bax, hamıdan öndə bu torpaqlara ayaq basan insansan. Kimlərsə barlara, diskolara ayaq basanda sən 30 illik hər kəsin intizarla gözlədiyi sevimli vətən torpaqlarına ayaq basırsan. Bu yüz diskodan, yüz xarici avtomobildən, onlarla lüks sarayadan daha nəşəli, daha gözəl hisslər bəxş edir adama. Maddiyyat, lüks həyat, üstəgəl bu kimlərinsə haqqı oğurlanaraq əldə edilirsə, daha sonra elə bir məşəqqətə çevrilir, bir bilsən! İnsan o zaman mətin, cəsarətli, həyatda əlində olanlarla zövq alıb, xoşbəxt bir insana, özgüvəni artıq bir insana çevrilir ki, o həyatın bütün eniş-yoxuşlarına, çətinliklərinə məharətlə sinə gərib, bu sınaqlardan, çətinliklərdən təslim olmadan, alnı açıq şəkildə çıxır. Bundan sonra yaşamaq da əyləncəli, rahat olur. Sən bilirsənmi, hər il nə qədər insan dünyanın ən hündür zirvəsinə - Everestə qalxan zaman soyuqdan, uçquna yuvarlanmaqdan həlak olur?! Bilirsənmi, hər il bu qədər itkinin olduğunu bilə-bilə yenidən digər insanlar buna niyə risk edirlər!? Özlərini təsdiq etmək, özlərini ən çətin sınaqlardan keçirib, həyatlarını asanlaşdırmaq üçün. Çətinliklər, keçdiyimiz riskli, ağır yollar bizi mətinləşdirir, daha da güclü edir. Hər şey yaxşı olacaq, inan mənə.
- Komutan, sizinlə sonuna qədər gedəcəyəm, sonunda ölüm belə olsa!
- Biz bura ölümə yox, düşməni öz torpaqlarımızdan rədd etməyə gəlmişik, sonunda da sağ-salamat qayıdacağıq öz ailəmizin, doğmalarımızın yanına. Əslində elə bura da öz ailəmizdir, biz burada bütünlükdə bir ailəyik. Hər şey qurtarandan, biz evə döndükdən sonra burada bir yerdə olmaq üçün nə qədər darıxacağıq bir bilsən.
- İnşallah, komutan.
- Evlisən?
- Bəli, komutan, bir oğlum var.
Gülümsünərək, "darıxırsan onun üçün", - deyə sual edirəm.
- Burnumun ucu göynəyir, komutan...
- Müharibə tezliklə bizim qələbəmizlə sona çatacaq, müasir dövrdə bu şəkildə müharibə aparmaq bizim kimi dövlətlər üçün çox ağır başa gəlir. Ermənistan bizdən çox zəifdir, onlar bu hücumların qarşısında tab gətirə bilməyəcəklər. O üzdən çox qısa vaxtda hər şey yaxşı olacaq, müharibə bitəcək, sən də sağ-salamat öz oğluna sarılacaqsan. Neçə yaşı var oğlunun?
- Yeni doğulub.
- Maşallah, xoşbəxt böyüsün. O, səninlə həmişə fəxr edəcək.
- Bizdən öncə 1992-ci ildə adamlar 3 il, 4, bəzən daha çox müddətdə müharibədə olublar, nə qədər çətinliklərdən keçiblər, biz hələ 5 gündür burdayıq, hər şey yaxşı olacaq, möhkəm ol. Nə vaxt danışmaq istəsən, gəl, danışaq. Şəbəkə gəlsin, xəbər edərsən, telefonu verərəm, evlə də danışarsan.
Dialoqumuzu getdikcə yaxınlaşan minamyot mərmilərinin səsi kəsir. Hər kəs yenidən mövqelərə tələsir. Barıt qoxusu xəfif payız küləyinə bürünüb daha sürətlə beynlərimizi qıcıqlandırır. Düşən hər mərmi zərbəsi dağı dəniz dalğası kimi ləpələndirir. Az qabaq səsli-küylü mənzərə indi yerini lal sükuta buraxır. Kimsədən aldığı nəfəsdən savayı bir səs çıxmır. Ara-bir taburun zampaliti, mənim birbaşa rəisim - baş leytenant Məmmədov Babəkin "heç kim mövqeləri tərk etməsin, heç kim görüntü verməsin" əmrindən başqa bir canlı səsi eşidilmir.
Yenidən tanklardan, toplardan, digər ağır artilleriyadan atılan aramsız atəşlər yeri-göyü lərzəyə salır.
Düşmənin atdığı mərmilər yerləşdiyimiz dağın arxa üzünə dəyib, qəlpələri beton üzərinə düşən iri yağış damcıları kimi sağa-sola səpələnir.
Rabitə susmur. "Bütün bölmələrə: havada düşmənin aviasiyası var, heç kim olduğu yerdən tərpənməsin, maksimum maskalanın".
Kimsə səngərdən qalxıb, dağın digər tərəfinə - mərmilər düşən istiqamətinə doğru sürünür. Zabitlərdən kimsə çığırır: "Neynirsən, sən?.."
Bir az da irəliyə tərəf sıçrayan əsgər: "Komandir, arxa tərəfdən səs gəlir, ərzaq üçün düşən uşaqlardır, qalxırlar".
Bir neçə nəfər tez sürünərək təpəyə tərəf qalxırıq. Minamyot mərmiləri gələn heyəti vurmaqdadır. Mərmilərin biri sağa, biri sola düşüb, toz-dumana qərq edib ərzaq gətirən əsgərlərin gəldiyi yolu.
Kimsə ucadan çığıraraq: "Uzanın, gizlənin, hərəkəti saxlayın",- deyə komanda verir. Minamyot atışları isə yağış kimi hər tərəfə yağmaqdadır.
Bir müddət atışlardan sonra ara yenidən sakitləşir. Adətən belə olması atış aparan heyətin yerini dəyişməsi deməkdir və yenidən, 5-8 dəqiqədən sonra atışlar başlayır.
Qazanılmış bu vaxtda əsgərlər demək olar dağın zirvəsinə 100-150 metr məsafədədirlər. Yenidən onların gəldiyi istiqamət toz-dumana qərq olur. Əsgərlərin qalxdığı ərazi düşmən tərəfdən aydın göründüyü üçün, məkirli düşmən fürsəti fövdə vermək istəmir.
(Ardı var)