Avqustun 3-də Qadın və Uşaq Akademiyası İctimai Birliyi və Peşəkar Psixologiya Mərkəzinin birgə təşkilatçılığı ilə "Valideynlər klubu"nun "Valideynlər danışsın!" adlı ilk görüşü baş tutub.
Birliyin rəhbəri Sevinc Fədainin irəli sürdüyü təşəbbüs müasir dövrdə valideynlərin övladları ilə münasibətlərini möhkəmləndirmək, onları narahat edən məsələləri müzakirə etmək və doğru yanaşmalar tapmaq məqsədi daşıyır: "Klubun yaradılmasında əsas məqsəd valideyn və uşaqlar arasında sağlam ünsiyyətin qurulmasına kömək etmək, problemlərin ailə daxilində saxlanılaraq gələcək nəsillərə ötürülən travmaların qarşısını almaqdır. Klub valideynlərə yaşadıqları sosial mühitdə onları narahat edən mövzuları paylaşmaq və bu problemlərin həlli yollarını birgə tapmaq üçün platforma təklif edir".
Görüşdə valideynlər, övladları ilə münasibətlərdə qarşılaşdıqları çətinlikləri, təcrübələrini və narahatlıqlarını bölüşüblər. Mərkəzin rəhbəri, klinik psixoloq Nuriyə Quliyeva və psixoloq Zülfiyyə Azayevanın iştirakı ilə keçirilən söhbətlərdə valideynlər onları maraqlandıran suallara cavab taparaq faydalı məsləhətlər alıblar.
Tədbir zamanı uşaqlar üçün də xüsusi bir proqram təşkil edilib. Valideynlər söhbət edərkən uşaqlar birlikdə əyləncəli və səmərəli vaxt keçirərək sosiallaşıblar. Bu yanaşma valideynlərə öz narahatlıqlarını rahatlıqla ifadə etmək üçün daha əlverişli bir mühit təmin edib.
Təşkilatçılar görüş vasitəsilə mesaj veriblər ki, hər bir valideynin dinlənilməyə və başa düşülməyə ehtiyacı var. Çünki uşaqlarla düzgün münasibət qurmaq və ailədəki neqativ enerjini aradan qaldırmaq üçün narahatlıqlarınızı paylaşmaq vacibdir: "Bu səbəbdən klubumuza qoşulun və problemlərinizin həllini birlikdə tapaq".
Görüşün sonunda bildirilib ki, "Valideynlər Klubu" ayda bir dəfə toplanacaq və konkret mövzular ətrafında müzakirələr aparılacaq. Bu cür görüşlər valideynlərin həm öz həyatlarında, həm də övladları ilə münasibətlərində yeni perspektivlər əldə etmələrinə şərait yaradacaq.