
Bu gün futbol üzrə Azərbaycan çempionatında 2016/17 mövsümünə start verilib.
Qaynarinfo.Az xəbər verir ki, açılış turununun ilk oyun günündə 2 qarşılaşma baş tutub.
Yubiley – 25-ci birinciliyin ilk oyunu “AZAL Arena”da keçirilib. “Təyyarəçilər”in qonağı “Neftçi” olub. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk hissədə hər iki komanda azlıqda qalıb. Qollar isə ikinci yarıda vurulub. Elvin Bədəlov və Rəhman Hacıyev komandalarına qələbə qazandırıblar.
Günün ikinci qarşlaşması isə Zirə İdman Kompleksinin stadionunda oynanılıb. Ötən il debüt mövsümündəcə “gümüş”ə yiyələnən “Zirə” “Sumqayıt”ı qonaq edib. Oyunun taleyini bir qol həll edib. Vaqif Cavadovun 75-ci dəqiqədə vurduğu qol qonaqların evlərinə 3 xalla dönməsinə səbəb olub.
Qeyd edək ki, sabah turun mərkəzi oyunu "İnter"lə "Qarabağ" arasında keçiriləcək.
Qaynarinfo.Az