İdman 16:00 05.11.2022

Vaqif Sadıqov: “VAR epizodlara müdaxilə etməklə, istədiklərimizi əlimizdən aldı”

"Qarabağ” Avropa Liqasında bu il də inanılmaz çıxışı ilə yadda qaldı. Xüsusən də qrup mərhələsindəki sonuncu - "Frayburq”la oyunu gərgin və maraqlı keçdi. Bundesliqa təmsilçisinə Bakıda uduzmasa da, qrupdakı ümumi nəticələrə görə Qurban Qurbanovun komandası gələn ildən Konfrans Liqasında oynamalı olacaq. 

Azərbaycanın tanınmış mütəxəssislərindən olan Vaqif Sadıqov Qaynarinfo-ya müsahibəsində "Qarabağ”ın çıxışını və Konfrans Liqasındakı şanslarını dəyərləndirib.

- "Qarabağ”ın Avroliqa macərası bu mövsmlük bitdi və komanda növbəti matçını Konfrans Liqasında keçirəcək. "Qarabağ”ın çıxışını ümumilikdə necə qiymətləndirirsiniz?

- Demək olar, "Qarabağ”a son oyunda ən çətin rəqib düşmüşdü. Təqvim belə tərtib olunmuşdu. Ancaq rəqib Bundesliqa təmsilçisi adını daşıyan "qol maşını” ("Frayburq”) olsa da, meydanda bir komanda var idi - "Qarabağ”. Yadıma gəlmir ki, hansısa oyunda Şahruddin bu qədər işsiz qalsın. Bu da onun göstəricidir ki, "Qarabağ” Avropada sayılan komandalardandır. Heyif ki, komandanın yaşıl meydançada olan oyunu, bəzən öz əksini tabloda tapmır. Qurban Qurbanov gözəl oyun tərzi ilə Avropada nəticə əldə etmək istəyir. Ümumiyyətlə "Qarabağ”ın oyununu təhlil edərkən tabloya fikir vermək istəməzdim. Avroliqadakı il oyundan başlayaraq, komanda bütün rəqiblərdən üstün oyun sərgilədi. Bu da elə-belə deyil, böyük işin nəticəsidir. Məşhur biznesmen Henri Fordun, çox xoşuma gələn bir sözü var: "Uğursuzluq - nələrisə yenidən, daha müdrik şəkildə başlamaq imkanıdır”. Neçə illərdir "Qarabağ” uğurlu nəticə əldə etməklə addım-addım irəli gedir. Daha böyük nəticələr qazanmaq üçün, buraxılan səhvləri nəzərə alaraq yollarını davam etdirməli, böyüməlidir. Dünən elə bir insan yox idi ki, "Qarabağ”ın Avroliqaya vəsiqə qazanmasını istəməsin. Sizi inandırım ki, nəhayət, Azərbaycan klubunun "Barselona” ilə oyununu izləyəcəyimizə inanırdım. Bu istər-istəməz Azərbaycan futbolunun inkişafına da təkan verərdi. Tale elə gətirdi ki, yolumuzu Konfrans Liqasında davam etdirməli olacağıq. Bununla yanaşı qürur hissi keçirəcəyik.

- Təbii ki, hər komandanın çatışmayan tərəfləri olur. Xüsusən də güclü rəqiblərlə oyunda bu çatışmazlıqlar üzə çıxır. "Qarabağ”ın nəyi çatmadı ki, qələbə qazansın?

- Mənim üçün tablodakı nəticə önəmli deyil. Bu "Qarabağ” üçün qələbəyə bərabər oyundu. Səhvlər istər-istəməz olur. Fordun dediklərini elə-belə misal çəkmədim. İnsan yenidən işə başlayanda daha müdrik olmalıdır. Nədə geri qalırdıq? Bu qədər qol vəziyyətləri yaratdıq. "Alman maşını”nın qarşısında azlıqda çıxış edən komandamız qol vurur, imkanlar yaradır. Biz nədə onlardan geri qalmışıq ki? "Nant”ın baş məşqçisi "Qarabağ”ın mərhələ adlamamasına təəssüflənirdi. "Viktoriya” ilə oyundan sonra mərhələ adlamalı, Azərbaycana "Barselona”, "İnter”, "Bavariya” kimi rəqibləri gətirməli idi. Bu da alınmadı. Fikrimcə, maneələri aradan qaldırıb, yolumuzu davam etdirməliyik. "Qarabağ” Avropada öz sözünü hər il deyir, yenə də deyəcək.

- Əksəriyyət, xüsusən də Ağdam klubunun bir çox azarakeşləri düşünür ki, "Qarabağ” Konfrans Liqasında oynasa və "Barselona”, "İnter”, "Bavariya” kimi güclü rəqiblərlə düşməsə yaxşı olardı. Bu fikirlərlə razılaşırsınız?

- Xeyr, xeyr, əsla razılaşmıram. "Qarabağ” böyümək, inkişaf etmək üçün ən güclü rəqibləri Azərbaycana gətirməlidir. Həmişə demişəm "Qarabağ” keyfiyyətinə görə "Böyük beşlik” ölkələrinin ən güclü klubları ilə mübarizə aparmağa hazırdır. İstər "Barselona”, istər "Ayaks”, istər "Zaltsburq” olsun, fərq etməz. Arzulayardım ki, bu rəqiblər gəlsin. Çünki komanda məhz belə rəqiblərlə oyunlardan sonra daha da böyük olacaqdı. Bizə də bu lazımdr. Mənim üçün yaşıl meydançada olan "Qarabağ” var, tablodakı nəticə önəmli deyil. Fransa, Almaniya çempionatlarında çıxış edən komandalar bizdən çəkinir. Bu komandaya verilən dəyərdi, hansı ki, öz zəhmətləri hesabına əldə etmişdi. 

- "Qarabağ” Çexiya klubu "Viktoriya”nın əvəzinə ÇL-dəki həmin "ölüm qrupu”na düşsəydi, sizcə necə çıxış edərdi?

- İndi nəsə demək düzgün olmazdı. Ancaq komanda buna layiq idi. İkincisi, bu rəqiblərin Bakıya gəlməsi futbolumuzun inkişafına təkan verəcəkdi. Üçüncüsü, "Qarabağ” belə rəqiblərlə mübarizə aparmaqla böyüyərdi. Bu da bizə gələcəkdə daha yaxşı nəticələr əldə etməyə imkan yaradacaqdı. 

- Halbuki, bir çox azarkeşlər düşünürdü ki, "Qarabağ”ı həmin qrupda "öldürəcəkdilər”, qapısından 4-5, hətta daha çox top keçirəcəkdilər…

- Xeyr, xeyr. Belə söhbət yoxdur, statistikaya baxsaz, görərsiniz ki, "Qarabağ” top saxlamaq, qol vəziyyətləri yaratmaq baxımından hamıdan üstün idi. Ən az qol buraxan komandalardan biridir. Ən vacibi budur ki, öz oyun tərzinə malik olan komandamız var. Bəlkə də müdafiə futbolu sərgiləməklə, "Nant”la heç-heçəyə oynamaq ən asan yol idi. Ancaq "Qarabağ” öz oyununu sərgiləməklə azarkeşləri sevindirməyə çalışır. Haradasa bəxtsizlik vardı, səhvlərimiz imkan vermədi. Amma göstərdilər ki, ildən-ilə böyüyürlər. Bəlkə də həmin rəqibləri Azərbaycana gətirsəydik, daha böyük "Qarabağ” görəcəkdik. Hamı deyir, mən də təkrarlayıram, heç ruhdan düşməsinlər. Başlarını dik saxlasınlar. Onlarla qürur duyuruq, müasir futbolun bütün tələblərinə cavab verirlər. Oyunları bizə gələcəyə inamla baxmağa ümid verir.

- "Qarabağ”ın növbəti mərhələdə potensial rəqibləri də məlumdur. Onların arasında "Lex”, "Bazel”, "Fiorentina” var. Komanda Konfrans Liqasında hansı mərhələyə, məsələn, finala qədər irəliləyə bilər?

- Hər birimizin hədəfi final olmalıdır. Bunun üçün potensial var. Yolumuzu davam etdirə bilərik. Heç kimdən çəkinməli deyilik. "Frayburq”la oyunu göstərək. Alman klubu Azərbayacan gəlib, "Qarabağ”ın önündə bütün komanda ilə müdafiə olunursa, deməli, hər bir rəqibə qarşı mübarizə apara, müsbət nəticə qazana bilərik. Fkrimcə, Qurban Qurbanov və komandası qarşıya böyük hədəflər qoymaqla yolunu davam etdirməlidir. 

- "Frayburq”la oyunda hakim idarəçiliyi haqda nə düşünürsünüz?

- Onu dəqiq deyə bilərəm ki, "Qarabağ”a simpatiya yox idi. Bu da ondan irəli gəlir ki, bizi hələ Avropada böyük bir komanda kimi qəbul etmirlər. Ancaq bir şey unutmasınlar, "Qarabağ” həmin böyük komandalara qarşı mübarizə aparmaqla özünü sübut edib. Bəlkə vaxt lazımdır, gələcəkdə anlayacaqlar ki, komanda öz gücünə görə Avropada hazırkı mövqeyindədir. VAR epizodlara müdaxilə etməklə, bəlkə də istədiklərimizi əlimizdən aldı. İnanın ki, bu olmasaydı mütləq qələbə qazanacaqdıq. "Qarabağ” daha artığına layiqdir. "Viktoriya”, "Nant” və "Frayburq”la oyunlarda "Qarabağ” üstün futbol sərgiləyirdi. Nəticələrə baxmayaraq, bunu göstərdilər.

Səbuhi Həsənov