Xəbər lenti

Vaşinqton və London münasibətləri yeni sınaq qarşısında: Anqlosakson ittifaqı dağılır?
Dünya 16:48 08.07.2024

Vaşinqton və London münasibətləri yeni sınaq qarşısında: Anqlosakson ittifaqı dağılır?

"ABŞ-Böyük Britaniya münasibətləri prezidentlər, baş nazirlər səviyyəsində olan münasibətlərlə tənzimlənmir. Bu, dövlət siyasətidir və hər bir dövlətin ağırlığını özündə hiss edən konkret oturuşmuş sistem və dərin dövlət anlayışı var".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Böyük Britaniyada Leyboristlərin hakimiyyətə qayıdışı fonunda noyabrda ABŞ-da da mühafizəkar Donald Trampın qalib gəlməsinin iki ölkə arasında münasibətlərə necə təsir edəcəyini şərh edərkən deyib.

"Leyboristlərin hakimiyyətə gəlməsilə regional və qlobal səviyyədə elə bir ciddi dəyişiklik müşahidə olunmayacaq. Leyboristlər Ukrayna - Rusiya müharibəsində Kiyevi dəstəkləyəcəklərini bəyan etdilər. Bu, Leyboristlərin götürdüyü siyasi xətdir və mühafizəkarların xəttinin davamı kimi qəbul olunmalıdır. Yaxın Şərq məsələsində də Leyboristlər İsrailin özünü müdafiə haqqının olduğunu bəyan edir. Bu da o deməkdir ki, Londonda İsrailin həm beynəlxalq səviyyədə, həm də hərbi baxımdan dəstəklənməsi siyasəti davam edəcək. Eyni məsələ, Cənubi Qafqaz, Avrasiya siyasətində Rusiyaya münasibətdə də davam edəcək", deyə Natiq Miri bildirib.
 


Bu səbəblərdən həmsöhbətimiz Trampın hakimiyyətə gələcəyi təqdirdə belə Leyboristlərin Vaşinqtonla münasibətlərdə fərqli siyasət yürüdəcəklərini gözləmir:

"Çünki ABŞ-Böyük Britaniya münasibətləri prezident, baş nazirlər səviyyəsində olan münasibətlərlə tənzimlənmir. Bu dövlət siyasətidir və hər bir dövlətin ağırlığını özündə hiss edən konkret oturuşmuş sistem və dərin dövlət anlayışı var. Ona görə də Leyboristlərin hakimiyyətə gəlişi Trampın yenidən qayıdışı fonunda belə ABŞ-la Böyük Britaniya arasındakı münasibətlərə hər hansı bir xələl gətirməyəcək".

Ekspert qeyd edir ki, Tramp dövlət adamı deyil, sadəcə biznesmendir:

"Onda dövlət şüuru mövcud deyil. Bu da o deməkdir ki, ABŞ-ın özü də müəyyən siyasi idairələr və komanda tərəfindən idarə olunacaq. Əks təqdirdə, Tramp kimiləri hər saatdan bir yeni ağlına gələn qərarları ortaya qoya və dünyanı çaxnaşmaya sala bilər. Bu kimi insanları hər zaman yönəltmək və tənzimləməyə ehtiyac var ki, bu da hər zaman tənzimlənir".

Qeyd edək ki, Böyük Britaniyada keçirilən seçkilərdə solçu Leyboristlər Partiyası qalib gələrək 14 illik fasilədən sonra hakimiyyyətə yiyələniblər. Londonun ən yaxın müttəfiqi olan ABŞ-da seçkilərə hazırlaşır. Burada noyabrda keçiriləcək seçkilərdə isə respublikaçı namizəd Donald Trampın şansları daha yüksək qiymətləndirilir. Böyük Britaniyanın Leyboristlər Partiyasi ilə Tramp arasında münasibətlər soyuqluq səviyyəsindədir. Bu isə onu göstərir ki, Trampın yenidən hakimiyyətə qayıdışı baş verərsə, rəsmi Londonla rəsmi Vaşinqton arasında münasibətlər heç də hamar getməyə bilər. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->