"Bu, Azərbaycanın diplomatik qələbəsidir".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikası Baş nazirinin Vaşinqtonda keçirilmiş görüşünün nəticələrini şərh edərkən deyib.
Deputat Vaşinqton görüşünün tarixi bir hadisə olduğunu bildirib:
"40 ilə qədər davam edən bir problemə axır ki, məntiqi bir sonluq qoyuldu. Tərəflər hərbi əməliyyatları dayandırmaq, ərazi bütövlüyünü tanımaq və eyni zamanda Zəngəzur dəhlizi adlandırdığımız nəqliyyat dəhlizinin açılması barəsində razılığa gəldilər".
Aydın Mirzəzadə hesab edir ki, sülh sazişinin paraflanması sülh sazişinin imzalanmasına doğru gedilən bir addımdır:
"ATƏT-in Minsk qrupunun buraxılması ilə Azərbaycan və Ermənistan rəsmən müraciət imzaladılar. Bu qrupa heç bir ehtiyac yoxdur. Digər tərəfdən sazişin tez imzalanması üçün Ermənistan konsitutsiyasında dəyişiklik etməlidir".
Deputat görüşün tərəfləri bir-birinə daha da yaxınlaşdırdığını vurğulayıb:
"Kommunikasiyaların açılması barəsində razılıq əldə edilməsi gərginliyi daha da azaldır. Həmçinin Azərbaycan-ABŞ münasibətləri yeni səviyyəyə qalxır. 907-ci düzəlişin tamamilə ləğv eilməsi gözlənilir. Hərbi əməkdaşlıq məsələsinin bərpa edilməsi qrara alındı. Eyni zamanda, SOCAR-la "ExxonMobil" şirkəti arasında əməkdaşlıq barəsində razılığın əldə edilməsi ikitərəfli münasibətləri daha yüksək səviyyəyə qaldırdı".
Aydın Mirzəzadə bütün bunların xalqımızın və Prezident İlham Əliyevin qələbəsi olduğunu qeyd edib.
Qeyd edək ki, avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp arasında Vaşinqton şəhərində görüş keçirilib. Onlar görüşdə Birgə Bəyannamə ilə çıxış ediblər.
Bahar Rüstəmli
Şərhlər