Xəbər lenti

Vaxtı ilə Ukraynada oynamış Azərbaycan futbolçusu: “Çox xoş xatirələrim var”
İdman06:46 02.03.2022

Vaxtı ilə Ukraynada oynamış Azərbaycan futbolçusu: “Çox xoş xatirələrim var”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün dünyanın gündəmini zəbt edən Rusiya – Ukrayna müharibəsi idmana da təsir etdi. Dünyada bir çox tanınmış idmançılar da bu dəhşətli hadisələrə öz münasibətini bildirməkdən çəkinmir. Vaxtilə Ukraynada top qovmuş Azərbaycanın tanınmış veteran futbolçularından olan Kamal Quliyev də rus vəhşiliyinə biganə qalmayıb.
Quliyev Qaynarinfo-ya açıqlamasında bunları söyləyib: 
"İnanırsınız, həqiqətən mənə pis təsir etdi. Həmişə, hər yerdə bunu deyirəm. Ukrayna mənim ikinci vətənimdir. Bunu belə qəbul etmişəm. Ukraynada futbol oynamaqla yanaşı, o xalqın zəhmətlə, əziyyətlə qazandığı hər bir məhsulunu yemişəm, oraların havasını udmuşam, suyunu içmişəm, torpağında gəzmişəm.  Məni hörmətlə, ləyaqətlə qəbul edib, eyni şəkildə yola salmışdılar. O ölkənin insanları ilə bağlı çox xoş xatirələrim var. O millətin bir "suyu” zəhmətkeşlik baxımından azərbaycanlılara oxşayır. Sahələrdə kartof əkərdilər, əziyyətə qatlaşardılar. Yəni, ruslardan fərqli zəhmətdən qorxmayan insanlardılar. Ruslardan fərqli olaraq bizə çox hörmətlə yanaşırdılar. Ukraynanın bu gün meydanda tək qalması, digər ölkələrin kömək etməməsi mənə həqiqətən də ağır gəlir, çox pis təsir edir. Çox istəyərəm ki, müharibə olmasın. Çünki müharibənin ağrısını, acısını 30 il özümüzlə daşıdıq, gördük. İstəmərik heç bir ölkə bu ağrını yaşamasın. Dildə demək asandır, amma müharibənin çox acı fəsadları var. Bir insan kimi ölkəni müqayisə etsəm, mənim üçün Ukrayna Rusiyadan on qat üstündür və fərqlidir. Müharibə olarsa, istəyərəm ki, bundan Ukrayna milləti, qalib və üzüağ çıxsın”.
Veteran futbolçu orada yaşayan dostları ilə əlaqə saxlayarkən onların yaxınlarının dünyalarını dəyişməsi ilə bağlı xəbərlər də aldığını dedi:
"Orada azərbaycanlı dostlarım, futbolçu yoldaşlarım vardı, onlarla danışıram. Hamısı deyir k, vəziyyət çox acınacaqlıdır. Necə ki, o vaxt ermənilər bizim başımıza oyun açmışdılar, eləcə də ruslar ukraynada dinc əhaliyə atəş açır. İstədikləri qanunsuz hərəkətləri, vəhşiliklərini nümayiş etdirirlər. Onlar şokdadırlar. Zəng etdiyim insanlar hamısı sağ-salamtdırlar. Amma onların bir çox yaxınları dünyalarını dəyişib artıq”.
Millimizin sabiq üzvü digər dövlətlərin də Ukraynaya yardım etməsinin vacib olduğunu deyir:
"Digər dövlətlər təsir etməsələr, milləti bir araya gətirməsələr, əlbəttə, acı sonluq olacaq. İki millətdən biri həyatda qalacaq. Deyir, "meymun boğulanda balasını ayağının altına qoyur”. Başqa çıxış yolu olmasa, kimyəvi, nüvə silahlarından istifadə edə də bilərlər. Bu da bəşəriyyət üçün fəalkətə gətirib çıxaracaq. Ağır fəsadlar verəcək. Ümid edirəm ki, Avropa Şurası, NATO təsir etməlidir. Yeri gəlsə, təzyiq etməlidirlər ki, müharibə dayandırılsın və danışıqlar yolu ilə həll olunsun. Silahlar yerə qoyulsun, qan tökülməsin. Bəlkə də müharibə hansısa ölkələr üçün xoşdur, çünki silahlarını satır. Yəni insanların qırılması onlar üçün vacib deyil. Onlar üçün vacib olan silahlarının satılmasıdır. Amma insanlıq baxımından, fikrimcə, biz də ağır müharibə görmüş millət olaraq bunun sülhlə bitməsini istəyərik”.
Sabiq müdafiəçi idmanla bağlı sanksiyaların Rusiyaya təsiri olacağını da vurğuladı:
"Təsiri ola və ya olmaya da bilər. Çempionlar Liqasının finalı Sankt-Peterburqda keçirilməli idi, aldılar. Bu vəziyyətdə belə Putin açıq-aşkar UEFA-nı hədələyirdi. Sponsorluqdan çəkiləcəyini bildirirdi. Məncə, sanksiyaların təsiri olacaq”.
Səbuhi Həsənov