Xəbər lenti

Vergi Məcəlləsinə dəyişiklik: Bu, pis və ən pis arasında edilən seçimdir - Ekspert
Ekonomiks10:47 16.11.2021

Vergi Məcəlləsinə dəyişiklik: Bu, pis və ən pis arasında edilən seçimdir - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Sözügedən dəyişikliyə pis və ən pis arasında edilən seçim kimi baxmalıyıq. Yəni təklif olunan variant pisdir, amma məsələnin icrasının icra məmurlarında qalması ondan da pisdir”. 
Bunu Qaynarinfo-ya açıqlamasında maliyyə-bank eksperti Əkrəm Həsənov Vergi Məcəlləsinin 20-ci maddəsi və "İcra Haqqında Qanuna”edilməsi gözlənilən dəyişikliyə əsasən vergi borcu ilə bağlı əmlakın hərracda satılması qaydasında olacaq yeniliyə münasibət bildirərkən deyib. Onun fikrincə, dəyişiklik normativ hüquqi aktlar haqqında Konstitusiya qanununa da ziddir: 
"Obyektiv yanaşsaq, bu qərar doğru deyil. Burada birmənalı olaraq maraqlar konflikti var. Kimsə nəyisə tələb edirsə, həmin tələbin icrasını da özü həyata keçirməməlidir. Vergi Məcəlləsinə edilməsi gözlənilən dəyişiklik də bu hal nəzərdə tutulub. Məhkəmənin qərarını tələb edən deyil, icra məmurları icra etməlidir ki, obyektivlik olsun. Tələb edənin tələbin icrasını da özünün həyata keçirməsi isə korrupsiya təhlükəsi yaradır. Yeni vəziyyətdə borclu vətəndaş vergi orqanı qarşısında aciz qalacaq. Vergi orqanı da istədiyini edəcək. 
Təklif edilən dəyişiklik normativ hüquqi aktlar haqqında Konstitusiya qanununa da ziddir. Burada deyilir ki, qanunda korrupsiyaya şərait yaradan normalar olmamalıdır. Bu baxımdan dəyişiklik düzgün deyil”.
 
Amma həmsöhbətimizə görə, məsələyə subyektiv baxımdan yanaşsaq, dəyişiklik indiki situasiyada problemdən çıxış yoludur: 
"Bilirik ki, Azərbaycanda orta statistik məmurun korrupsioner olduğu faktdır. Həmçinin, vergi orqanlarında təmiz işçilərin sayı icra məmurlarının sayı ilə müqayisədə qat-qat çoxdur. İcra şöbəsində bu məsələdə biabırçılıqdır. Demək olar ki, orada heç bir iş korrupsiyaya bulaşmadan keçmir. Düşünürəm ki, sözügedən dəyişiklik vergi orqanları nümayəndələrinin icra məmurlarının özbaşınalığına rast gəlməsi nəticəsində meydana çıxıb. Bu şəraitdə isə sözügedən dəyişikliyə pis və ən pis arasında edilən seçim kimi baxmalıyıq. Yəni təklif olunan variant pisdir, amma məsələnin icrasının icra məmurlarında qalması ondan da pisdir. 
2008-ci ildən bəri kommersiya hüquqi şəxsləri vergi orqanları qeydiyyatdan keçirir. Həmin dövrdən prosesdə heç bir korrupsiya halları yoxdur. Hətta vergi orqanı qeydiyyatdan keçməyə vətəndaşa kömək edir. Bu funksiya Ədliyyə Nazirliyinin sərəncamında olan dövrə qədər isə həmin sahədə korrupsiya tüğyan edirdi. Bir sözlə, Ədliyyə Nazirliyi funksiyanın öhdəsindən gələ bilmədiyindən, onun icrasını vergi orqanına verirlər”. 
Qeyd edək ki, Vergi Məcəlləsinin 20-ci maddəsi və "İcra Haqqında Qanuna” görə vergi borcu yarandıqda, əmlakın hərracda satılması qaydasında dəyişiklik ediləcək. Dəyişiklik nəticisində aktın icrasını daha icra məmurları deyil, vergi orqanları həyata keçirəcək. Belədə isə, vergi borcunun hesablanması, məhkəmə iddiasının qaldırılması, əmlakın hərracının təşkili eyni mərkəzdən idarə olunacaq. 
Rüfət Sultan