Xəbər lenti

Vergilər Nazirliyinin ən "halal" gəliri
Ekonomiks19:01 04.06.2016

Vergilər Nazirliyinin ən "halal" gəliri

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ölkəmizdə qeyri-rəsmi xidmət haqqı alan şəxslərin vergiyə cəlb olunması vacibdir.
Qaynarinfo.az anspress-ə istinadən xəbər verir ki, hazırda respublikasmızda bir sıra sahələrdə çalışan və kiçik gəlir əldə edən insanlar var.  Bunlara repetitorlar, dayələr, mühafizəçilər, ustalar, fərdi tərcümə xidmətləri göstərənlər, evlərini kirayə verənlər və s. aiddir. Amma belə kateqoriyalı insanların çoxunun əldə etdiyi gəlirlər vergiyə cəlb olunmur.
Ekspertlər hesab edirlərlər ki, bu, çox çətin prosesdir. Birincisi, həmin fəaliyyətlə məşğul olanların sayı çoxdur və vergi orqanlarının nəzarət baxımından və ya fiziki baxımdan elə bir effektiv mexanizmi və işçi heyəti yoxdur. İkincisi, onlar elə də böyük gəlirlər əldə etmirlər və dövlət bunlardan alacağı gəlirlər üçün inzibati xərc çəkməyə meylli deyil. Lakin burada müəyyən gəlir var və ondan dövlət büdcəsi də müəyyən həcmdə daxilolma əldə edə bilər.
"Fərdi sahibkarların vergiyə cəlb edilməsi dövlət büdcəsində olan ödənişlərin artmasına təsir göstərə bilər"
İqtisadi Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov deyir ki, vergi qanunvericiliyinə görə, ölkəmizdə hər hansı bir fəaliyyətlə məşğul olan şəxs sahibkar hesab edilir və onun vergiyə cəlb olunması mütləqdir. "Düzdür, onlar bəlkə də, aylıq o qədər yüksək gəlir əldə etmirlər, amma illik gəlirləri nəzərə alsaq və həmin şəxslərin (illik 200 min manatdan az gəlirləri olanlar) cəmi 4 faiz vergi ödəmələri o qədər çox deyil. Amma onların vergiyə cəlb edilməsi dövlət büdcəsində olan ödənişlərin artmasına təsir göstərə bilər".
Ekspert qeyd edir ki, istər repetitor, istər cangüdən, istər usta və s. bu kimi şəxslərin çoxu bu gün vergi ödəyicisi kimi qeydiyyata düşməyiblər. Bu mənada onların gəlirlərindən vergi tutmaq çətindir. Əsas çətinlik isə onların fəaliyyətinin izlənməsi ilə bağlıdır.
"Qeyri-rəsmi xidmət haqqı alan şəxslərin vergiyə cəlb olunması üçün maarifləndirmə tədbirlərinin keçirilməsinə ehtiyac var. Hesab edirəm ki, ustaların, repetitorların ödənişləri əldən-ələ olduğuna görə, bu sahədə monitorinqlərin aparılması və bu tip halların üzə çıxarılması vacibdir. Bir çox ölkələrdə fərdi sahibkarların vergiyə cəlb edilməsi üçün ən çox tətbiq olunan təcrübə - nağd ödənişlərin ləğv edilməsidir. Bu təcrübənin ölkəmizdə də tətbiqinə ehtiyac var".
Ekspert hesab edir ki, bu sahəyə nəzarətin gücləndirilməsi mütləqdir. Dövlət elə bir yol tapmalıdır ki, belə insanları vergiyə cəlb edə bilsin, bu zaman çox maliyyə resursu, insan resurslarının cəlbi tələb edilməsin, həmçinin belə şəxsləri vergi yükü altına da salmasın.
Vergilər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Şahin Məmmədovun sözlərinə görə, Azərbaycanda vergi bazasının genişləndirilməsi məqsədilə müxtəlif fəaliyyət növləri ilə məşğul olan və xidmət göstərən şəxslərin vergiyə cəlb edilməsi nəzərdə tutulur. Bura əsasən indiyədək qeyri-rəsmi xidmət haqqı alan şəxslər daxildir. Onlara repetitorları, ustaları, kirayə mənzil verənləri, cangüdənləri, dərziləri və s. misal göstərmək olar.
"Bununla bağlı, Vergilər Nazirliyi mütəmadi olaraq monitorinq aparır və fərdi fəaliyyət göstərənləri vergiyə cəlb etmək üçün tez-tez maarifləndirici tədbirlər görür. Ümumiyyətlə, hər bir fərdi sahibkarın özünün vergi verməsi onun özünə xeyirdir. Çünki onlar Nazirlik tərəfindən aşkar olunarsa, o zaman cərimələnə bilərlər. Hətta, bəziləri xəbərdarlığa baxmayaraq, yenidən vergidən yayınarlarsa, onda qanunvericiliklə nəzərdə tutulmuş şəkildə məsuliyyətə cəlb də oluna bilərlər", - deyə qurum rəsmisi bildirdi.
Gəlin baxaq, bu sahədə beynəlxalq təcrübə nə deyir. Araşdırmalar nəticəsində bəlli oldu ki, xarici ölkələrdə belə şəxslərə sadələşdirilmiş vergi sistemləri tətbiq olunur. Onlardan biri patent sistemidir. Sadə dillə desək, məsələn, adam ayda 20 manat ödəyib patent alır, daha ona heç kim heç nə demir. Bu patentlə rahat işləyir. Nə dövlətin onunla işi olur, nə də başqa birinin. Məsələn, belə sistemdən, Qazaxıstan, Litva, Belarus, Rusiya və Ukraynada daha çox istifadə olunur.
Məsələn, Rusiyada ayaqqabı tikən, kosmetika xidməti göstərən, mebel təmir edən  və s. fərdi sahibkarlar məhz  bu sistemlə fəaliyyət göstərirlər.  
Azərbaycanda da belə sadə sistemlərdən istifadə oluna bilər. Məsələn, müəyyən sahələri seçmək olar ki, onlar sadə patent verməklə, məsələn, elə ayda 20 manat, gedib rahat qanuni çalışa bilərlər. Daha maliyyə sanksiyasından, ya da cərimədən qorxmazlar.
Qeyri-rəsmi fəaliyyət göstərənlərin vergiyə cəlb olunması ötən ilin noyabr ayından, xüsusən, ikinci devalivasiydan sonra ən çox müzakirə olunan mövzulardandır. Dövlət büdcəsini qeyri-neft sektorundan gələn gəlirlərlə doldurmaq üçün vergilər nazirinin birinci müavini Natiq Əmirov bəzi sahələrdə vergidən yayınma hallarının mövcud olmasından danışıb. Onun sözlərinə görə, bəzi sahələrdə vergiqoyma zəifdir, çoxlu vergidən yayınma halları var: "Dayələr, repetitorlar, şou-biznes nümayəndələri və digər sahələrdə gəlir və xərclərin uçotundan yaranan vergiqoyma problemləri mövcuddur".
Yuxarıda yazılanlardan belə bir qənaətə gəlmək olar ki, 2016-ci ildə yaşana biləcək iqtisadi böhran və iqtisadi durğunluğu nəzərə alıb, fərdi sahibkarların vergiyə cəlb olunmasını vacib addımlardan biri kimi qiymətləndirmək olar. Bununla, yaxın gələcəkdə baş verə biləcək ağır iqtisadi vəziyyəti aradan qaldırmış olarıq. Çünki hazırda yuxarıda  qeyd oluann fəaliyyətlərlə ölkədə 100 minlərlə şəxs məşğul olur. Onların əksəriyyəti vergi uçotunda dayansa və onların gəlirləri büdcəyə daxil olsa, o zaman dövlət təkcə neft sektorunun deyil, qeyri-neft sektorunun da inkişafına şərait yaradar. Bu prosesi həyata keçirmək üçün ilk növbədə vergi bazası möhkəmləndirilməli, Vergilər Nazirliyi vətəndaşın necə vergi ödəmək lazım olduğunu vətəndaşlara çatdırmalıdır.
Qaynarinfo.az