
İki gündür mediada və sosial şəbəkədə Cəmil Həsənlinin Vaqif Səmədoğlu ilə bağlı məlum açıqlaması dartışılır. Cəmil müəllimin “ədəbiyyat, sənət adamından vətəndaş mövqeyi tələb etmək olmaz” fikri Zamin Hacı, Elnur Astanbəyli və Günel Mövludun qınağına tuş gəldi.
Hətta mövzu “cəbhəçi-müsavatçı” davasına qədər gedib çıxdı, bir-birilərini daş-qalaq etməyə başladılar. Şahvələd Çobanoğlunun Cəmil müəllimdən təkzib alması və Xədicə İsmayılın qıcıqlandırıcı statusları müzakirəni o həddə çatdırdı ki, jurnalist İlqar Vəliyev açıqlamanın səs yazısını yaydı.
Bəs bu müzakirə necə, lazım idimi? Müzakirə göstərdi ki, bu cür dartışmalara ehtiyac var, çünki gerçəklər üzə çıxır.
Açığı Cəmil müəllim bu açıqlamasında kifayət qədər aydın mövqe sərgiləmişdi və ötəngünkü müsahibəsində də bunu ortaya qoydu. Həmçinin onu qınayanları səmimi qəbul etdiyini dedi. Yaradıcı adamlarla bağlı fikrinə gəlincə, yenə də o mövqedən çıxış etdi ki, sənət adamını nəyəsə məcbur etmək, ondan mövqe gözləmək olmaz.
Şəxsən mənim Cəmil müəllimə sayğım böyükdür və əgər “ziyalı” sözündə azca da olsa, səmimiyyət varsa, bu, Cəmil Həsənlidən yan keçməyib. Çünki Cəmil Həsənli ölkənin ictimai-siyasi tarixində mövqeyi olan şəxslərdəndir və biz seçkilərdə də bu prinsipiallığı gördük.
Cəmil müəllimin Vaqif Səmədoğlunu və Anarı müdafiə etməsində isə hanısa dərin məna axtarmağa ehtiyac yoxdur. Adam ənənəyə sadiqliyini nümayiş etdirir, ənənənə adamıdır, köhnə dostluq, münasibət onun üçün daha önəmlidir. Bir sözlə, onun üçün qaydalar keçmişdədir...
Bəs Cəmil Həsənlini qınayanlar necə, onlar haqsızdırmı? Ola bilsin kimlərsə, qəbul etmək istəməz, amma Azərbaycan reallığında bir çox acı həqiqətlər var ki, onları etiraf etməmək ədalətsizlikdir. Cəmil Həsənlini qınayanlar onunla bir yerdə döyüşənlərdir, eyni siyasi mübarizəni çiyin-çiyinə, bəzən də öndə aparanlardır.
2008-2010-cu illərdə müxalifət passiv, bir az obrazlı desək, aqoniya vəziyyətində olanda bu mübarizəni ayaqda Şahvələd Çobanoğlu, Elnur Astanbəyli, Zamin Hacı, Seymur Baycan kimi 3-4 yazar, 1-2 qəzet saxladı. 5 illik siyasi boşluğu məhz onlar doldurdular.
Bu adamlar döyüşdə sərkərdədən sonra yox, hər zaman öndə getdilər. Bu, tarixdir və ən azından qəzet səhifələrində arxivə çevrilib. Bu gün onların Cəmil Həsənlini, İsa Qəmbəri, Əli Kərimlini qınamağa haqları çatır. Onların iqtidardan umacaqları yoxdur, müxalifət isə onlar üçün budur: “Uman yerdən küsərlər”.
Seymur Baycan, Günel Mövlud, Elnur Astanbəyli neçə illərdir ki, (doğru, ya yanlış – fərq etməz) AYB-yə, Anara qarşı savaşırlar. Onların da Cəmil Həsənlidən istədikləri budur: biz səni müdafiə ediriksə, sən də bizim haqqımızı tanı, mübarizəmizə dəyər ver...
Bu davada Cəmil Həsənlini müdafiə edənlərdən biri, demək olar ki, birincisi sayğı duyduğum Erkin Qədirli oldu. Erkin bəy iddia edir ki, “Vətəndaş mövqeyi" siyasi baxımdan mənasız ifadədir: “Mövqe - siyasi məsələdir, tərəf tutmağı tələb edir. Yaradıcı insan üçün tərəf tutmaq asan iş deyil. Tərəf tutmuş yaradıcı insan yaradıcılığına zərbə vurur”.
Erkin bəy bir qədər irəli gedərək Dekabristlər üsyanından sitat gətirir ki, bəs onlar meydana çıxmaq planını müzakirə edəndə kimsə Puşkini də dəvət etmək təklifini verir, Pestel isə buna etiraz edir: "Puşkini çağırmayın! Meydanda onu məhv edəcəyik. Puşkin sağ qalmalıdır. Bizdən sonra bizim haqqımızda Puşkin elə yazacaq ki, heç biz özümüz onun yazacağı qədərini edə bilməyəcəyik".
Maraqlıdır, Erkin bəy gah bu adamları rus düşüncəsində, rus nihilizminin təsirində olmaqda qınayır, gah da rus tarixindən sitat gətirir.
İndi nə etməli? Bizim xalq şair xalqdır, ən azından yarısı şair-yazıçıdır. Belə çıxır ki, ümumiyyətlə, bu xalqdan vətəndaş mövqeyi gözləmək, tələb etmək olmaz?
Puşkinlə bağlı dediyiniz fikirlərə gəlincə, dekabristlər əsasən gənclər idi və Puşkinin onlara münasibəti də açıq bəlli idi. Puşkin Bestel haqqında belə deyirdi: “Sözün tam mənasında ağıllı adamdır... tanıdığım ən orjinal zəka sahiblərindən biridir”.
Puşkinin Sibirdəki "Katorqa sığınacaqlarına" göndərdiyi məktuba Odoyevski cavab yazmışdı: "Dekabristlər öz mübarizələrinin ölmədiyinə inanırlar".
Bəs bu faktlara niyə toxunmursunuz? Axı o dövrün rus yazıçılarının hamısı ortaya mövqe qoymuşdu. Çoxunun həyatı sürgündə, həbsxanalarda keçdi, kimisi rəsmən dəli, kimisi "vətən xaini" adlandırıldı.
Bizdə nə vaxt hansısa yazıçı belə bir mövqe ortaya qoydu? Bəlkə, bunlardan kimsə NİDA-çı gənclərin, hansısa siyasi məhbusun həbsinə etiraz etdi, onların aksiyalarına dəstək verdi? Axı ən azından sizin kimi fikir adamı belə düşünməməlidir...
Axı bir həqiqət də var: çar “Dekabristlər üsyanı zamanı Piterdə olsaydın, nə edərdin?”, – deyə soruşanda Puşkin “mən dekabristlərin yanında olardım?!”, - demişdi.
Bax, “Vətəndaş mövqeyi” deyilən budur, elə bu adamların Cəmil Həsənlidən və yaradıcı adamlardan tələb etdikləri də...