(Yazı "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" mövzusu üzrə hazırlanıb).
Azərbaycan vətəndaşlarının sosial, siyasi fəallığı... Hər bir dövlət əhalinin sosial və siyasi fəallığının yüksək olması fonunda daha da güclü olur. Belə ki, vətəndaşların ölkənin müxtəlif aspektli sosial və siyasi həyatında aktiv iştirak etməsi eyni zamanda həmin dövlətin gücünün göstəricisidir. Bu mənada hazırda Azərbaycan üçün ən önəmli məsələlərdən biri vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılmasıdır.
Adətən, sosial və siyasi cəhətdən aktiv olan vətəndaşların əksəriyyət təşkil etdiyi ölkələr özünü gözləyən təhlükələri də asanlıqla dəf edə bilirlər. Bu mənada əhalinin sosial və siyasi fallığının artırılması hər zaman diqqət mərkəzində olmalıdır.
Mövzu ilə bağlı Qaynarinfo-ya danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, Azərbaycan cəmiyyəti ümumiyyətlə milli dövlətçiliyə, müstəqilliyə, suverenliyinin qorunmasına hər zaman sıx bağlı olub:
"Onun nəticəsidir ki, ötən əsrin 80-ci illərində erməni millətçiləri Azərbaycan torpaqlarına iddia edəndə bütün cəmiyyətimiz ayağa qalxdı. Baxmayaraq ki, Azərbaycan rəhbərliyi o zamanlar milli maraqlarımızı müdafiə etməkdən kənarda idi. Bununla belə, cəmiyyət öz gücünü göstərdi. Məhz bu qətiyyətlilik 1991-ci ildə müstəqilliyimizin qazanılmasına, 1993-cü ildə isə Heydər Əliyevin yenidən böyük siyasətə qayıdışı üçün çağırışlar edilməsinə gətirib çıxardı".
Deputatın fikrincə, bu gün Azərbaycan xalqının qətiyyəti, ölkə rəhbərliyinin milli maraqlara uyğun siyasəti ölkəmizdə demokratik hüquqi dövlətin qurulmasına səbəb olub:
"Zaman-zaman inkişafın müəyyən mərhələlərində Konstitusiya və qanunlara dəyişiklik edilir, cəmiyyətdə demokratik dəyərlərin bərqərar olmasına böyük diqqət yetirilir. Onun nəticəsidir ki, hazırda ölkə vətəndaşları dövlətin idarə edilməsində, ayrı-ayrı məsələlərin həllinə təşəbbüs göstərməkdə də fəaldırlar. Hesab edirəm ki, bu bir tərəfdən cəmiyyətin mental dəyərləri, onun tarixi, mədəni keyfiyyətlərinin yüksək olması, habelə, bu gün əldə etdiyimiz demokratik, hüquqi, sosial məsələlərin həllini diqqətdə saxlayan bir dövlətimizin olması ilə bağlıdır".
Aydın Mirzəzadə qeyd edib ki, vətəndaşlarımızın sosial, siyasi fəallığının yüksək olmasını seçki prosesində, ayrı-ayrı məsələlərə münasibətdə də görürük:
"Bunu xüsusən də torpaqlarımızın azad edilməsi, Vətən müharibəsində, bir günlük antiterror əməliyyatı zamanı cəmiyyətimizin bir olmasında, hakimiyyətlə cəmiyyətin bir nöqtəyə vurmasında bir daha gördük. Azərbaycan vətəndaşlarının fəallığı bundan sonra da hər zaman yüksək olacaq. Fəallıq seçkilərdə iştirak, öz vətəndaş mövqeyini ortaya qoymaqdır, fəallıq hər bir kəsin müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsinə öz töhfəsini verməsidir".
Rüfət Sultan
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
Şərhlər