Xəbər lenti

Veteran futbolçu “Beşiktaş”la oyundan danışdı: "Neftçi"tə vaxt lazımdır..."
İdman10:21 11.08.2023

Veteran futbolçu “Beşiktaş”la oyundan danışdı: "Neftçi"tə vaxt lazımdır..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Neftçi" UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda Bakıda "Beşiktaş"a 1:3 hesabı ilə məğlub olub. 
Qaynarinfo-ya danışan "Neftçi"nin sabiq futbolçusu Mirhüseyn Seyidov "ağ-qaralar"ın çıxışını və komandadakı dəyişiklikləri dəyərləndirib: 
"Yeni rəhbərlik gəlib, yeni heyət qurulub. Oyunçuların bir-birilərinə uyğunlaşması üçün vaxt lazımdır. Birinci hissədə demək olar ki, komanda "ayılmamışdı". Amma ikinci hissədə yaxşı oyun getdi. Heyf ki, asan qollar buraxdıq. Bu da oyunçuların yeni olması, xəttlər arasında bir-birilərinə öyrəşməməsindən qaynaqlanır. Mənə elə gəlir ki, avrokuboklardan fərqli olaraq "Neftçi" çempionatda daha yaxşı çıxış edəcək”. 
Seyidov baş məşqçi amilinin önəmli faktor olduğunu xatırladıb:
"Baş məşqçi amili önəmlidir. Amma "Neftçi" elə bir komandadır ki, burada rəhbərliyin münasibəti əsasdır. Hiss olunur ki, yeni rəhbərlik idman formalarını geyinib davamlı olaraq komandanın yanındadır. Yeni baş məşqçi Adrian Mutu məşhur simadır. Bu gün orada ondan üstün elə futbolçu yoxdur ki, onun sözünü yerə salsın. Bu da önəmli faktordur. Məqşçinin özü elə bir addır. Qaldı rəhbərliklə məşqçinin fikirlərinin üst-üstə düşməsinə, yığılan heyətə, xüsusilə də Qara Qarayevin transferinə baxanda görünür ki, "Neftçi" gələcək üçün yaxşı işlər görməyə başlayıb. Ola bilər ki, bu il bir az nəsə çatmasın. Ancaq qarşıdakı illərdə "Neftçi" əvvəlki simasını qaytaracaq. Yeni legionerləri pis görmədim. Gəldikləri çempionatlar və çıxış etdikləri komandalar bəllidir. Görünüş cəhəttən pis deyil, amma əsas odur ki, sistemə uyğun gəlsinlər. Məşqçi də onları komandaya götürübsə, demək ki, öz sisteminə uyğun bilib. Bir az "Neftçi"nin əziyyət çəkdiyi məqam yerli futbolçu məsələsidir. Dünənki matçda Qara Qarayevin, Eddi İsrafilovun olmaması göründü. Gənclər var, amma onlar da təcrübəsizdirlər. Komandaya kömək edəcək yerli futbolçu azdır. Onu düzəltmək lazımdır ki, həm çempionatda, həm də avrokuboklarda nəticə əldə olunsun. Bu çatışmazlıqları doldurduqdan sonra "Neftçi" gələn il Konfrans Liqasının qrupunda da oynaya biləcək gücdə olar".
Qeyd edək ki, "Neftçi”nin "Beşiktaş” ilə cavab matçı ayın 17-də Bakı vaxtı ilə saat 21:00-da "Beşiktaş” stadionunda keçiriləcək.
Röya Kərimli