Xəbər lenti

İdman 12:25 10.01.2024

Veteran futbolçu: “İşləmək üçün arxanda dayanan olmalıdır”

Azərbaycan Premyer Liqasında cari mövsümün demək olar ilk yarısı maraqlı məqamlarla yadda qaldı. Bir sıra komandaların çıxışı əksər futbol ictimaiyyətini bəlkə də müəyyən mənada təəccübləndirdi. Həmçinin müəyyən mənada gözlənilən nəticələr də oldu. 

Azərbaycanın tanınmış veteran futbolçusu, millimizin sabiq məşqçisi Mahmud Qurbanov Qaynarinfo-ya müsahibəsində həm çempionatımız, həm bəzi klubların, həm də millinin çıxışı ilə bağlı fikirlərini bölüşüb.

- Bu mövsüm Azərbaycan Premyer Liqasını necə görürsünüz? Hansı fərqliliklər var?

- Təəccüblü heç nə yoxdur. Çempionat maraqlı keçir. Hələ qarşıda iki dövrə var. Kim güclənəcək, nələr olacaq, hansı komanda zəif və ya üstündür, indidən demək çətindir. Hansı komandanın oyunu qarşıdakı dövrələrdə alınacaq, yaxud alınmayacaq, bunu zaman göstərəcək. Klublardakı aparıcı futbolçuların formada olub-olmayacaqları da önəmlidir. Avrokuboklara vəsiqə qazanmaq, Azərbaycan kubokunun sahibi olmaq uğrunda mübarizə aparanlar var. Ona görə də üç və dördüncü dövrənin daha gərgin keçəcəyini düşünürəm. Transferlər də çox önəmlidir. Baxmayaraq ki, indi yaxşı oyunçu tapmaq çətindir.

- Ayrı-ayrı klublarımızın durumu ilə bağlı fikirləriniz də maraqlıdır. Məsələn, "Sabah” ötənilki komanda deyil. "Qarabağ” yenə də lider mövqeyindədir. Sizcə kimlər geriləyib?

- Görünən odur ki, keçən ilə nisbətdə "Sabah” geriləyib. Üstəlik əsas oyunçularından biri - Aleksey İsayev "Qarabağ”a keçdi. Düşünürəm ki, ən yaxşı, indiki dövrdə onlar üçün çox önəmli futbolçulardan biri idi. Stabil oynamırlar. Bir çox oyunlarına baxmışam. Sonuncu nöqtəni qoyan yoxdur. Çox geriləyiblər. Səbəbini bilmək üçün klubun içində olmalısan. Biz kənardan baxırıq, bunun görünməyən tərəfi də ola bilər. Futbolçuların uyğunlaşması pis gedir. Bəzi aparıcı oyunçuların komandanı tərk etməsi də təsirini göstərdi. Təəccübləndirmədi, amma gözlənilməz oldu. 

- Bu gün diqqət mərkəzində olan klublardan biri vaxtilə futbolçu kimi formasını geyindiyiniz "Neftçi”dir. Komandanın bugünkü durumunu necə dəyərləndirirsiniz? Niyə Mutu ilə xoşbəxt sonluğa çata bilmədilər?

- Mutunun dönəmində "Neftçi”də stabillik yox idi. Amma ilk iki dövrəni üçüncü yerdə başa vurdular. Mutunun niyə getdiyini demək mənim üçün çətindir. Onu deyə bilərəm ki, oyun yox idi. İndiki məşqçi təcrübəlidir, amma uğur qazanıb-qazanmayacağını zaman göstərəcək.

- Ümumiyyətlə, "Neftçi”nin problemlərini nədə görürsünüz?

- Yeni futbolçular çoxdur. Komandanın "onurğa sütunu” olmalıdır. Təkcə Emin Mahmudovla iş düzəlmir. Hər xəttə lider lazımdır. Bəlkə də yenilərin uyğunlaşması çətin oldu, yaxud başqa klublarda göstərdiyi oyunlar burda alınmadı. Hamısının demirəm, amma əksəriyyətinin "Neftçi”yə faydası yoxdur. Bəlkə də yeni məşqçinin rəhbərliyi altında özlərini göstərəcəklər.

- Mutuya vaxt verilməli idi?

- Heyəti o yığmışdı. Kollektiv oyun görünmürdü, amma futbolçuların fərdi ustalığı sayəsində qələbə qazandıqları matçlar var idi. Üçüncü yerə çıxmışdılar. Düşünürəm ki, riskli qərar idi. Mövsümün sonuna qədər gözləmək olardı. Bilirsiniz necədir? Yeni gələn məşqçinin Azərbaycan futboluna uyğunlaşması lazım idi. Bəlkə də tez bir zamanda uyğunlaşıb yaxşı nəticələr verərdi. Fikrimcə, altı ay ərzində Mutu çempionatımıza, futbolçularımıza az da olsa bələd idi.

- Amma "Qarabağ”la müqayisədə səviyyələri çox aşağı görünürdü.

- Açıq deyim, "Neftçi” də daxil, bu gün çempionatda "Qarabağ”la rəqabət apara biləcək komanda yoxdur. Düzdür, büdcə önəmlidir. Amma təkcə büdcə ilə yer tutmaq mümkün deyil. Oyun göstərmək lazımdır. Razıyam, "Qarabağ”ın büdcəsi ilə oyunu uyğun gəlir. Heç bu haqda danışmağa ehtiyac yoxdur. Futbolçularına, gücünə, büdcələrinə də bələdik. Çempionluğa iddialı nə qədər çox klubumuz olsa, bir o qədər yaxşıdır. Bizim futbolçuların da inkişafına kömək edər. Lakin təəssüf ki, yoxdur. 

- Bu mövsüm sizi təəccübləndirən komanda var?

- "Araz-Naxçıvan” debütantdır. Amma heç də debütant kimi oynamırlar. Heyətlərində maraqlı futbolçular, legionerlər var. Heç kim onlardan belə çıxış gözləmirdi. İndiyə qədər yaxşı idilər. Sonra necə olacaqlar, deyə bilmərəm.

- "Araz-Naxçıvan”, belə demək mümkünsə, yarım mövsüm ərzində formalaşdı və yaxşı oyun göstərməyə başladı. Halbuki Azərbaycanın köklü komandası illərdir özünə gələ bilmir. Bunun sirri nədir?

- "Neftçi” göz önündə olan komandadır. Hamının fikri ordadır. Nəticə olmayanda, haqqında ən çox müzakirələr aparılan klub da "Neftçi”dir. Məncə, futbol ictimaiyyəti, azarkeşlər tərəfindən təzyiqlər var. "Azərbaycan futbolu” deyəndə hər kəsin ağlına gələn ilk klubdur. Tarixinə görə göz önündədir. 

- Belə çıxır ki, kadr məsələsi də rol oynayır. Məsələn "Araz-Naxçıvan”ın baş məşqçisi yerlidir, buna baxmayaraq, bəzi rəqiblərindən daha yaxşı oynayırlar.

- Əslində, bunu demək çətindir. Çünki qərarlar bizim səlahiyyətimizdə deyil. Əlbəttə, istərdim ki, bütün klublarda yerli məşqçilər çalışsın. Amma biz istəməklə deyil ki…

- Yəqin ki, siz də mövsümün sonunda "Qarabağ”ı çempion görürsünüz…

- Bu gün ən iddialı klub "Qarabağ”dır. Düzdür, çempionatın yarısı qalıb. Buna baxmayaraq, çox güman "Qarabağ” çempion olacaq.

- Yeri gəlmişkən, "Qarabağ” Avroliqada bu il tarix yazdı. "Braqa” ilə oyunda şansları necə dəyərləndirirsiniz?

- Əlbəttə, "Qarabağ” daha irəli gedə bilər. "Braqa” kollektiv futbola üstünlük verir, təhlükəli komandadır. Lakin Portuqaliyanın superklubu da deyil. Çünki onlardan başqa "Porto”, "Benfika”, "Sportinq” kimi komandalar var. "Braqa” da ölkənin ən yaxşı dörd klubundan biridir. "Qarabağ” "Braqa”dan da güclü rəqiblərlə oynayıb. Hər şey öz əllərindədir. Komanda öz oyununu göstərə bilər. Şanslar faiz nisbətilə 50-nin 50-dir. "Braqa”nın "Qarabağ” kimi fərdi ustalığa malik futbolçuları, top saxlamaları, sürətli hücuma keçmələri var. Bu baxımdan eyni səviyyədə olduqlarını deyə bilərəm. "Braqa”da məşhur futbolçulardan Moutinyo oynayır. İndi bilmirəm, yığmaya dəvət alır ya yox. "Braqa” komanda şəklində güclüdür.

- Millimizin son tsikldəki çıxışını necə dəyərləndirirsiniz? Ümumiyyətlə, De Byazi məşqçilik etdiyi müddətdə futbolumuza nəsə verdi?

- De Byazidən gözləntilər çox idi. Bir neçə dəfə şans verdilər. Fikrimcə, bu mövsüm Azərbaycan yığmasının ən yaxşı oyunu İsveçə qarşı oldu. Onları məğlub etdilər. Gedib deyə, arxasınca danışmaq istəmirəm. Onu deyə bilərəm ki, fövqaladə nəsə olmadı.

- Qrupun püşkü atılanda gözləntiləriniz nə idi?

- Avstriya bu mövsümü yaxşı keçirdi. Hətta İsveçi də üstələdilər. Belçika da vardı. Qısası millimizin dördüncü yeri tutacağı haradasa gözlənilən idi.

- Millinin baş məşqçisi postu boşdur. Son vaxtlar U-21-in keçmiş məşqçisi Obradovçin və bir neçə nəfərin adı hallanır…

- Bu barədə danışmaq istəməzdim. Çox namizədlərin adları çəkilir. Hamısı xarici mütəxəssislərdir. Görünür, elə əcnəbi də olacaq. Çünki namizədlər arasında yerlilərin adları çəkilmir.

- Hazırda işsizsiniz, təkliflər yoxdur, yoxsa hələ çalışmaq niyyətində deyilsiniz? Yəni, diqqət olmadığı üçün həvəsdən düşməmisiniz ki?

- Xeyr, heç bir təklif yoxdur. Kim işləmək istəməz ki? Ömrümüzün yarısından çoxunu futbola həsr etmişik. Düzünü deyim, diqqət yoxdur, heç bunu gözləmirəm. İşləmək üçün təklif olmalıdır. Kimsə inanmalıdır. İnam yoxdur. Arxanda dayanan olmalıdır. Yəni, o mənada ki, vaxt versinlər, işləyəsən, altı aydan sonra səndən nəticə istəməsinlər.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->