Bu gün Avropa Liqasının qrup mərhələsi 5-ci turu çərçivəsində "Qarabağ” Fransada "Nant”ın qonağı olacaq.
Ağdam klubunun sabiq futbolçusu Vüqar Nadirov bu matçla bağlı düşüncələrini bölüşüb. O, Qaynarinfo-ya açıqlamasında komandanın şanslarını dəyərləndirib, narahat olduğu məqamlardan danışıb:
"Fikrimcə, "Qarabağ” bu oyunu asan keçirəcək. Bilirsiniz ki, komandaya qarşı hər yerdə təxribat var. Bizim vaxtımızda Fransada "Sent-Etyen”lə görüşdə "Qarabağ”a qarşı təxribat olmuşdu. Ən azı 3-4 saat azarkeşlərimiz orada qaldı. Avtobusu daşa basdılar, təpiklədilər. Bilirik ki, Fransa xalqı ermənipərəsdir. Ona görə də təxribatlar olacaq. Mən yalnız buna görə narahatam. Başqa problem yoxdur. "Qarabağ” peşəkar komandadır, meydana çıxıb rahat oynayacaq. Bunu da düşünək ki, "Nant” oyuna final kimi yanaşır. Hər komandanın taleyi öz əlindədir”.
Nadirov "Qarabağ"ın Konfrans Liqasında oynamasının daha yaxşı olduğunu əsaslandırıb:
"Qarabağ” bu qrupda birinci pillə ilə də çıxa bilər. Hər şey öz əlindədir. İkinci yer üçün isə bir xal yetərlidir. Düşünürəm ki, "Qarabağ” Konfrans Liqasında oynasa, yaxşıdır. Çünki Çempionlar Liqasından "əjdaha” komandalar gələcək. Düzdür, reytinqli rəqiblərin gəlməsi baxımından yaxşıdır. Amma "dişimizə” uyğun rəqib olsun. Çempionatımızın səviyyəsini, futbol fəlsəfəmizi nəzərə alsaq Konfrans Liqasında irəliləyə bilərik. Avroliqada da keçmək olar. Komanda birinci yeri tutsa, növbəti mərhələdə zəif rəqiblə düşəcək. Amma "Frayburq” buna imkan verməz axı. İnanmıram ki, almanlar ikinci heyətlə gələcək. Qələbə üçün oynayacaqlar. Bugünkü oyunda "Qarabağ”ın qələbə qazanmaq şansı daha çoxdur”.
Səbuhi Həsənov