Xəbər lenti

Veteran futbolçulardan Namikə dəstək: “Getsin"
İdman08:26 11.08.2021

Veteran futbolçulardan Namikə dəstək: “Getsin"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Neftçi"nin, eyni zamanda millimizin futbolçusu Namik Ələsgərovun Türkiyənin Birinci Liqasında çıxış edən "Bursaspor"a keçidi gündəmdədir. Təbii ki, Namiqin xarici ölkəyə, ələlxsus da marağı ilə seçilən Türkiyə Birinci Liqasına getməsini hamımız istəyərik. Bunun millimizə də faydası olacağına şübhə yoxdur. Ancaq futbolçunun "Bursaspor"a getməsinin faydalı və bu klubdan tramplin kimi yararlanmaq potensialının olub-olmayacağı haqda fikirlər birmənalı deyil. Bu üzdən vaxtilə sözügedən Liqada çıxış etmiş futbolçularımızın fikirlərini öyrəndik. 
Vaxtilə sözügedən liqada top qovmuş futbolçulardan Cavid Hüseynov, İlqar Qurbanov və Vaqif Cavadov Qaynarinfo-ya açıqlamasında düşüncələrini bölüşdülər.
Cavid Hüseynov: "İnanmıram ki, Namiq indiki dönəmdə səhv etsin. Ola bilər, klubun növbəti mövsümdən yüksək dəstəyə çıxmaq məqsədi var. Bunun üçün də maliyyə yatırımı ediblər. Həm də yaxşı futbolçular gətirmək istəyirlər ki, Super Liqaya vəsiqə qazansınlar. Bu baxımdan qərar Namik üçün əlverişlidir. Bu ancaq belə ola bilər. Yoxsa düşünmürəm ki, Namik indiki vəziyyətdə "Neftçi" kimi klubu tərk etsin. Mətbuatdan oxuyuruq, "Bursaspor" heç də az məbləğ təklif etmir. Bunu ödəməyə hazırdırlarsa, mütləq şəkildə fikirləri gələn il Super Liqada iştirak etməkdir. Bildiyimə görə, Namiq 3 illik müqaviləyə qol çəkəcək. Türkiyədə Birinci Liqaya menecerlərin marağı kifayət qədərdir. Klubdan kluba fərq var. Mən "Adana Dəmirspor"da olanda hər oyunumuza 10-15 min azarkeş gəlirdi. "Youtube"da videoroliklər var, baxa bilərsiniz. Türkiyə Super Liqasında bərbad vəziyyətdə olan komandalar da var. Yəni, Türkiyə çempionatından danışırıqsa, risk qaçılmazdır. Fiaskoya uğrayan klubların sayı kifayət qədərdir. Superliqaya vəsiqə qazanmaq yönündə addımlar atılırsa, Namikin verdiyi qərarı dəstəkləmək lazımdır. İnşallah, faydası çox olar. Gələcəyin işini bilə bilmərik".
İlqar Qurbanov: "Türkiyə mətbuatından da bu haqda oxuyuruq. "Bursaspor"un məşqçisi Fatih Şən keçmiş komanda yoldaşımdır. "Boluspor"da birlikdə oynamışıq. Əlbəttə ki, yerli futbolçumuzun xaricdə oynamasını istəyirəm. Birinci Liqa bir qədər fərqlidir. Hər şey komandalardan asılıdır. Məsələn, "Bursaspor" heç vaxt Birinci Liqa komandası sayılmayıb. Superliqa çempionu olub, yəni vitrindir. Bəzi futbolçuları "Fənərbağça"ya, Frankfurta getdi. Yəni menecerlər "Bursaspor”la daha çox maraqlanırlar. Burada başqa bir məsələ də var. Namikin özündən çox şey asılıdır. Fərqli çempionatdır. Orada iki il oynamışam. Super Liqadan daha çətin çempionatdır. Taktiki baxımdan o qədər güclü olmasa da, komandalar fiziki cəhətdən çox üstündür. Əlbəttə, Namik "Bursaspor"dan tramplin kimi yararlana bilər. Nəinki mən, heç türklər o komandanı Birinci Liqa təmsilçisi kimi görmürlər. Sadəcə, bir neçə il öncə bəzi maddi problemləri yaranmışdı. Oxuduğum məlumatlara görə, həmin problemlər artıq öz həllini tapıb. Əlbəttə, diqqət mərkəzində olan, çempionluq yaşamış klubdur. Türkiyədə, "Fənərbaxça", "Qalatasaray", "Beşiktaş" çempion olur. Belə çempion komandalardan biri "Başakşəhər"dirsə, digəri də "Bursaspor"dur. Köklü klubdur. Şəraitlərini bilirəm, stadionlarında da çox oynamışam. Hər oyun stadion dolur. Ümumiyyətlə, hərtərəfli yaxşı komandadır. Ancaq indi Namiqin durumu necədir, transfer nə dərəcədə realdır, bilmirəm. Namikdən də çox şey asılıdır. İnanıram ki, uğurlu olacaq. Onu asan rəqabət gözləmir. Rəqabət güclüdür, "Bursaspor"da əsasən gənc futbolçular oynayır. Namiq də yetərincə təcrübə qazanıb, bir neçə ildir ki, özünü sübut edir. Əlbəttə, istərdik ki, millimizin futbolçusu legioner həyatı yaşasın və uğurlu olsun. Bizim vaxtımızda Rəşad Sadıqov, Kənan Kərimov, Mahir Şükürov orada forma geyinib, hazırda Vüsal İsgəndərov da "Keçiörəngücü"ndə oynayır. Yerli futbolçularımız nə qədər xaricdə oynasa, millimizə də o qədər faydası olar".
Vaqif Cavadov: "İlk növbədə onu deyim ki, Namik 18 komandalı bir çempionata gedir. Özümüz də bilirik ki, onların Birinci Liqası çox güclü və maraqlıdır. Ona uğurlar arzulayıram. Amma mənə maraqlı olan odur ki, "Neftçi" əsas oyunçusunu, həm çempionluqda rol oynayan, həm son vaxtlar qol ayağı "açılan", həm də komandaya uyğun və çox yaxşı formada olan bir futbolçunu buraxır. Sən Avroliqada mübarizə aparırsan, qrup mərhələsinə düşmək istəyirsən və hazır futbolçun başqa kluba transfer olunur. Mən elə başa düşürəm ki, futbolçu ilə klub arasında hansısa problem yaşanıb və Namik belə addım atıb. Hər şey qaydasındadırsa, Namiq bu qərarı özbaşına verə bilməz. Avropa Liqasında hər şey göz qabağındadır. Başqa klublardan təkliflər gələ bilər. Necə ki, Mahir Emreli "Legiya"ya gedib, o da elə ola bilərdi. Namiq neçə illərdi "Neftçi"nin şərəfini qoruyur, durub birdən-birə bu addımı ata bilməz. Necə olur ki, belə bir məqamda "Neftçi" vacib futbolçusunu göndərir və onu istəmədiyini deyir. Bu mənə də qaranlıq qalır. Yenə də futbolçunu anlamaq lazımdır. Hər şey ondan asılı deyil. "Neftçi" rəhbərliyi də onu düşünməlidir. Türkiyə uzaq ölkə deyil ki, özümüzdən nəsə deyək. Çox maraqlı çempionat gedir. Hər bir insanın uğuru yanında olmalıdır. Necə ki, son dönəmlərdə də Namiqdə belədir. Bu, belə qalsa, məncə, Namik "Bursaspor"da yaxşı çıxış edə bilər. O liqa həmişə maraq dairəsindədir. Çünki 18 komanda çıxış edir. Mənimlə "Boluspor"da oynamış futbolçular var ki, hazırda "Qalatasaray"da, Türkiyə millisində, Fransanın 1-ci liqasında oynayırlar. Birinci Liqada oynayırsa, o demək deyil ki, Super Liqaya və ya başqa ölkəyə gedə bilməz. Birinci Liqada komandalar bir-biri ilə 4-5 dəfə qarşılaşmırlar. Ona görə də çempionata maraq böyükdür. Transfer alınırsa, hər iki tərəfə uğurlar olsun. İstənilən halda Namikin keçidini dəstəkləməliyik, çünki millinin üzvüdür. Getsin uğur qazansın, ilk növbədə ailəsini, vətənini layiqincə təmsil etsin. Əsas məsələ də odur ki, zədəsiz bir mövsüm keçirsin. Qalanı özündən asılıdır".
Səbuhi Həsənov