"Qlobal iqtisadiyyatda enmə və durğunluq daha uzun müddət davam edəcək".
Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev deyib. Onun fikrincə, ilin sonuna qədər qeyri-müəyyənlik və iqtisadi sarsıntılar davam edə bilər:
"Ona görə hökumətin daha uzun müddətə yeni bir iqtisadi dəstək planı açıqlaması lazımdır. Hətta mayın 4-də karantin yumşadılsa belə, qlobal iqtisadi əlaqələr və neft bazarında durum sabitləşməyənə qədər Azərbaycan üçün ciddi narahatlıqlar qalacaq. Hökumət nə edə bilər? Ölkədə elmi müəssisə və müstəqil "beyin mərkəzləri"ndən ibarət müətəxəssislərin də (iqtisadçılarla yanaşı həkimlərin də prosesə cəlib edilməsi çox önəmlidir) cəlb edildiyi qrup yaxın, orta və uzaq dövr üçün gözləntiləri əks ətdirən bir sənəd hazırlamalıdır. Bu sənəddəki gözləntilər üzərinə hökumətin dəstək planı dizayn edilməlidir".
Rövşən Ağayev qeyd edib ki, yardımlarla bağlı şəffadlıq artırılmalıdır:
"Təkcə dövlət büdcəsindən ayırlan vəsaitlərin hara getməsi barədə məlumat açıqlanmamalıdır. Həm də Mərkəzi Bankın bank sektoruna dəstəyi ictimaiyyətə çox detallı və operativ çatdırılmalıdır. Yeri gəlmişkən, Mərkəzi Bank aylıq bank statistikasını indiki kimi 45 gün sonra yox, maksimum 15 gün ərzində açıqlamalıdır. Tədiyə balansında Türkiyə təcrübəsində olduğu kimi, aylıq satatisitka yayımına keçməlidir. Ölkənin beynəlxalq investisiya mövqeyi barədə rüblük məlumatlar açıqlanmalıdır. Nəhayət, dövlət zəmanətilə ayrılacaq kreditlər barədə şəffaf siyahılar olmalıdır".
Ekspert bildirib ki, ən vacibi həm dövlətdən yardım alan, həm də pandemiya ilə bağlı yardım alan işsiz və yoxsulların siyahısı cəmiyyətə tam açıq olmalıdır.
Bahar Rüstəmli