Xəbər lenti

Videosu yayılan hakimin oğlu: "Atam sağdır" - YENİLƏNİB
Ölkə11:18 08.05.2013

Videosu yayılan hakimin oğlu: "Atam sağdır" - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ağababa Babayevin oğlu Fərman Babayev "Deyerler.org"a eksklüziv açıqlamasında atasının vəfat etməsi barədə yayılan xəbəri təkzib edib. Fərman Babayev bildirib ki, onun atası sağdır. "Atam bir müddətdir beyin insultu keçirib. Həmçinin həkimlər atama kəskin şəkər diaqnozu da qoyublar. Hal-hazırda atamın vəziyyəti ağırdır. Onun hər iki ayağı fəaliyyətdan qalıb", - deyə Ağababa Babayevin oğlu bildirib.

Qeyd edək ki, Məhkəmə Hüquq Şurası tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ağababa Babayev tərəfindən ədalət mühakiməsinin nüfuzuna və hakimin yüksək adına xələl gətirən hərəkətlərə yol verilməsi ilə bağlı intizam icraatı aparılmış, Məhkəmə-Hüquq Şurasının 14 yanvar tarixli qərarı ilə A. Babayevin hakimlik səlahiyyətlərinə xitam verilmişdi.

A.Babayev isə işdən çıxmasını 65 yaşının tamam olması və səhhəti ilə əlaqələndirmişdi.

Xatırladaq ki, Elşad Abdullayevin yaydığı videogörüntülərlə bağlı Baş Prokurorluqda cinayət işi açılıb və istintaq hələ də davam edir (deyerler.org).

_____________________

11:28

Tanınmış vəkil Ramiz Zeynalov Ağababa Babayevin vəfatı ilə bağlı yayılan xəbərləri  təsdiqləyib. O, mərhumun ailəsinə, yaxınların başsağlığı veridiyini, mərhuma Allahdan rəhmət dilədiyini bildirib. 

Onun sözlərinə görə, insanları şərləyən və və bu yolla özünün cinayətlərini ört-basdır etməyə çalışan Elşad Abdullayev öz maraqları üçün mərhum hakimin vəfatından istifadə etməyə çalışacaq: "Elşad Abdullayev Babayevin ölümünü hazırda məskunlaşdığı Fransadan siyasi sığınacaq almaq və eləcə də, Azərbaycanda adam oğurluğu ilə bağlı mütəşəkkil dəstə ilə bağlayarsa, buna təəccüblənmək lazım deyil. Məhz Elşad Abdullayevin bu böhtanlarına qarşı mərhum A. Babayevin ailəsi və yaxınları səbirli olmalıdırlar. Bu adam Azərbaycan dövlətini və iqtidarını şər və böhtanla ləkələmək, Azərbaycanda ölüm eskaduronun olduğunu və həyatının təhlükədə olduğunu göstərərək siyasi sığınacaq almağa çalışır. Necə ki, Sevinc Babayevanın ölümündən istifadə etməyə çalışdı və bu gün də bundan yararlanmaqdadır. Elşad Abdullayev üçün dostluq, qardaşlıq, insani münasibətlər deyə bir anlayış yoxdur. E.Abdullayev öz maraqları naminə tanıdığı,qardaş dediyi, ona salam verən kim varsa, qurban verə bilər".

_____________

07:05:2013/ 18:44

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevin videogörüntüsünü yaydığı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ağababa Babayevin vəfat etdiyi bildirilir. 

Qaynar.info-ya daxil olan məlumata görə, sabiq hakim bir müddətdir ki, dünyasını dəyişib. Ancaq bu barədə mətbuata məlumat verilməyib. Onun ölümü ilə bağlı bir neçə versiya səsləndirilsə də, sabiq hakimin nədən öldüyü açıqlanmır. 

Qeyd edək ki, həmin vaxt Məhkəmə Hüquq Şurası tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ağababa Babayev tərəfindən ədalət mühakiməsinin nüfuzuna və hakimin yüksək adına xələl gətirən hərəkətlərə yol verilməsi ilə bağlı intizam icraatı aparılmış, Məhkəmə-Hüquq Şurasının 14 yanvar tarixli qərarı ilə A. Babayevin hakimlik səlahiyyətlərinə xitam verilmişdi.

A.Babayev isə işdən çıxmasını 65 yaşının tamam olması və səhhəti ilə əlaqələndirmişdi: “Bu günlərdə 65 yaşım tamam olacaq. Hazırda xəstəyəm, yeriyə bilmirəm. Buna görə də ərizə yazmışam ki, məni vəzifədən azad etsinlər. Ərizəni yaxın günlərdə aidiyyəti üzrə göndərəcəyəm”.

Məsələni dəqiqləşdirmək üçün Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovla əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı. 

Xatırladaq ki, Elşad Abdullayevin yaydığı videogörüntülərlə bağlı Baş Prokurorluqda cinayət işi açılıb və istintaq hələ də davam edir. 

Qaynar.info