
İmişlidə vətəndaşlar başlarına uçan evlərinin təmir olunmasını, su proölemlərinin həllini istəyirlər
Ötən gün məlumat vermişdik ki, İmişli rayonunda evsiz-eşiksiz qalmış onlarla insan mətbuata, dövlət qurumlarına müraciət edərək, onlardan yardım istəyiblər. Rayon sakinlərinin indiyə qədər etdikləri şikayətlərə, müraciətlərə isə cavab verən olmayıb.
JAM.AZ xəbər verir ki, İmişlinin icra başçısı Vilyam Hacıyev və onun işçilərini isə vətəndaşların hansı vəziyyətdə yaşadığı qəti maraqlandırmır. Elə buna görədir ki, müavini Səfa Ağayev seldən evi dağılmış insana yenisini tikimək üçün 3000 manat rüşvət istəyir. Hələ onu da deyir ki, yuxarıdan kimsə ona bir şey edə bilməz.
İndi isə İmişlidə düşdüyü müsibətlərdən şikayətçi olan və probleminin həllini istəyən vətəndaşların müraciətlərini sizlərə təqdim edirik.
İmişli rayon, Rəsullu kəndində yaşayan İndira Ağayeva JAM.AZ-a göndərdiyi müraciətində bildirir ki, çiy kərpicdən tikilmiş bir otaqlı evdə yaşayır. 2010-cu ildə sel fəlakəti nəticəsində evi uçub: "Nə İcra Hakimiyyəti, nə də FHN kömək etmədi. Bütün müraciətlərim cavabsız qalıb. Halbuki ehtiyacı olmayanlara ev tikib verdilər, amma ehtiyacı olanlara yox".
İndira Ağayevə yazır ki, himayəsində 6 yaşlı uşaq var. «Torpaq üstündə yatmaqdan ciyərləri ağrıyır. Su vermirlər, işığımı kəsirlər. Daha nə edəcəyimi bitlmirəm. Məcburam ki, xaricdən sığınacaq alım».
Digər şikayətçi isə İmişli rayonu, Məhəmmədəli kəndinin sakini Hacıyeva Mehbarə Bayram qızıdır. Kənddə çiy kərpicdən tikilmiş 1 otaqlı evdə yaşayır.
Hacıyeva deyir ki, həyat yoldaşı İman Hacıyev 2-ci qrup Çernobıl əlilidir: "Ev yararsız haldadır. Neçə yerdən çatlar var. Dəfələrlə İcra Hakimiyyətinə, FHN-ə müraciət etsəm də, heç bir faydası olmayıb. Uşaqlarım xəstədir. Özüm əsgər anasıyam. Dözülməz halda yaşayırıq".
İmişli rayon, 20 Yanvar küçəsi, ev 2, mənzil 12-də Səbinə Musayeva şikayətində deyir ki, rayonun Su Kanal İdarəsinin müdiri Etibar ona heç bir əsası olmadan su borcu yazıb: "Borc göstərilən müddətdə mənim evimdə su xətti olmayıb. 2-ci qrup əliləm, suyu əllə daşıyıram. Təzə su xətti çəkildikdən sonra küçədən daşıdığım suyu kartıma borc kimi yazıb".
Rayon sakini qeyd edir ki, haqqını tələb etdikdə onları təhqir edirlər: "Bu adam özünü idarə edə bilmir, nəinki hansısa bir idarəni. Səhərdən axşama qədər içkili vəziyyətdə olur. Şikayətə isə baxan yoxdur".
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Qaynar.info


