
"Virusa yoluxma sayı 500-dən 100-ə keçsə də, belə tədris prosesi ümumilikdə məhdudlaşdırılmayacaq”.
BunuQaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov ölkədə COVİD-19 virusuna yoluxanların sayının kəskin artmasından danışarkən deyib. Ekspert bildirib ki, yalnız yoluxma baş verən məktəblərdə tədris prosesi 14 gün müddətində məhdudlaşdırıla bilər:
"Biz artıq bu təcrübəni keçmişik. Yenidən bizim tədrisi dayandırmağımız müzakirə predmeti deyil. Mart ayında pandemiya ilə necə davranmağımızı, necə qorunmaq lazım olduğunu bilmirdik. Mart ayının 3-də koronavirusun yayılmaması səbəbindən tədris prosesi dayandı. Bu zaman bizim alternativ təhsil almaq formamız vardı. Ən azından onlayın qaydadan istifadə edirdik. Amma sentyabrın 27-dən cəbhədə hərbi əməliyyatlar keçirildiyindən internetə məhdudiyyətlər qoyuldu. Bu da hazırkı dönəmdə onlayın tədrisin həyata keçirilməsini məhdudlaşdırır. İkinci bir səbəbdən artıq bizdə təcrübə var ki, pandemiya ilə necə davranmalıyıq. Deməli, ümumilikdə tədrisin yenidən bağlanmasına ehtiyac yoxdur. Amma yoluxma baş verən ərazilərdəki məktəblərin fəaliyyəti məhdudlaşdırıla bilər”.
Kamran Əsədov qeyd edib ki, bu gün orta məktəblərdə 1,6 milyon şagird təhsil alır:
"Bu rəqəm eyni zamanda bir o qədər də valideyinin hərəkəti deməkdir. Məktəblər isə fəaliyyətə mərhələli şəkildə başlayıb. Virusa yoluxanların rəqəmlərinin artması gözlənilən idi. Harada kütləvi yoluxma baş verərsə, həmin məktəb bağlana bilər. Bu dəqiqə distant təhsildən danışmağa dəyməz. Ölkədə heç bir şagird teledərsləri izləmir. Ona görə yoluxma sayındakı bu rəqəmlər tədris prosesini məhdudlaşdırmasına gətirib çıxara bilməz. Çünki heç bir yoluxma məktəbdə deyil, məktəbə qədər baş verir. Virusa yoluxmuş şagirdlər məktəbin binasına daxil ola bilməz”.
Bahar Rüstəmli