
"Qaynarinfo" "CBC Sport" telekanalının direktoru Volkan Üstün prosport.az-a müsahibəsini tədqim edir.
- Yeni mövsümlə bağlı nə yenilikləriniz olacaq?
- Yeni kameralarımız 4K çəkiliş keyfiyyətində olacaq. HD-dən 4K-ya keçəcəyik. STS-lərimizdən biri də 4K yayım edəcək. 2160 piksel görüntü ilə futbolçunun alnından axan tərə kimi görmək mümkün olacaq. Xeyirli 2-3 xəbərim var. Bəlkə də ilk sizin vasitənizlə söyləmiş olacağam. Ötən il hamı yazırdı ki, "Saran"a borcumuz, əmək haqları ödənilmir filan. Nə xoşbbəxtik ki, bu ay bütün borclarımızı bağladıq. "Saran"a borcumuz qalmadı, icarəyə götürdüyümüz STS-i satın aldıq. Artıq icarəyə götürdüyümüz STS-imiz yoxdur. Əmək haqları yaxın günlərdə tamamilə ödəniləcək. Onsuz da son 3-4 aydır ki, bu problemi də həll etmişdik. Artıq bu baxımdan da narahatçılığımız yoxdur. Milyon avroluq borcumuzu tamamilə bağladıq...
- 1 milyon avro. Düz eşitdim?
- Bəli. 1 milyona yaxın idi. Tam dəqiq rəqəm deməyim "Saran"la anlaşmamıza kölgə salar. Bu 1 milyonun içərisində "Saran", "Azərkosmos", Teleqüllə, işçilərə olan pullar vardı. Bu, 2 ildə bizim üçün tam bir rahatlıq oldu. Həm gəlirlərimizi müəyyənləşdirdik, həm də borclarımızı bağladıq. Ötən həftə mən Dubaya getmişdim. Ordan 4K kameraları gətirəcəyik. Həm də orda yeni dron sistemi ilə tanış oldum. Onu da test kimi sifariş etdik. Bu drondan çempionatda istifadə edəcəyik. Bundan heç Türkiyədə də istifadə olunmur. Dronla futbolçuları bir-bir izləmək mümkündür.
- Hansı turdan etibarən biz bu yeniliyi görəcəyik?
- Artıq kameralar və dron Dubaydan göndəriliblər, gömrükdən keçəcək. 2 həftə içərisində həmin avadanlıqlar burda olacaq. Sentyabrın əvvəllərindən Azərbaycan Premyer Liqasında istifadə etməyə başlayacağıq. Bundan başqa, qapı arxasında da kameralar olacaq.
- Dronun qiymətini açıqlaya bilərsiniz?
- Bəli. 2 min dollar. Əslində qiyməti 58 min dollardır. Əməkdaşlıq etdiyimiz firma bizə bunu test kimi yolladığından, qiymətində güzəştə getdi. Bu sistemi əllə idarə etmək mümkün olacaq. Əl hərəkəti ilə dronu istədiyin yerə istiqamətləndirmək mümkündür. Futbolçuları, məsələn Rəşad Sadıqovu anbaan izləmək istəyiriksə, onu "kodlayırıq". O, meydançanın harasındadırsa, dron da onu izləyəcək. Verilişlər baxımından da yeniliklər olacaq. "Topaz"la yeni işbirliyinə başladıq. Onların hesablarını 24 saat titrlər vasitəsilə göstəririk. "Bizim futbol", "3-cü hissə", "Qızıl set", "Tay-breyk", "Döyüş klubu", "Tatami" verilişləri eynilə davam edəcək. Rüstəm Əfsərli "Neftçi"yə "transfer" olsa da, bizimlə matç şərhlərində və "Kalçomaniya" verilişində davam edəcək. O yenə bizim ştatımızda qalıb. Yeni şərhçilər də yetişdiririk.
- Sizdən özəl bir şey də eşitmək istəyirik...
- Onda bir dənəsini sizin üçün özəl söyləyim. Bu, fantastik xəbər olmalıdır. UFC-nin bütün boks döyüşlərinin yayım hüququnu əldə etdik. Avqustun sonlarında Meyvezer - Makqreqor döyüşü ilə bu yayıma start verəcəyik. Bu haqda hələ anonslar belə verilməyib. İlk olaraq sizin sayt üçün bunu dedim. Çempionatlarımızda dəyişiklik yoxdur. Yalnız Rusiya çempionatını göstərməkdən imtina etdik, əvəzinə Ukrayna Premyer Liqasını vermək qərarına gəldik. Onsuz da "Matç TV" Rusiyadakı oyunları göstərirdi. Bizim üçün boşuna pul xərcləmək idi bu.
- Həm də ola bilərmi ki, Rusiyaya maraq yox idi?
- Açığı, bizə də elə gəlir. Ukrayna çempionatı bizə daha maraqlı göründü. Onların çempionatları ilə bizimkində oxşarlıqlar da var. İlk turların matçlarını qaçırmışıq. Onları videoyazı şəklində verməyə çalışacağıq. Hollandiya, İtaliya çempionatları da öz qaydasında veriləcək. Daha bir möhtəşəm beynəlxalq turniri vermək planımız var. Hazırda onlarla danışıq gedir.
- İşçi sayında artım, yoxsa azalma olacaq? Son il azalma müşahidə olundu...
- Bəziləri bizdən asılı olmayaraq, getdi. Rusiyaya, Türkiyəyə köçənlər oldu. Bizdən narazı qalan dostlar da oldu, ancaq bu işçi sayı eynilə bu cür də davam edəcək.
- Sizdən ayrılanların sonrakı taleyi ilə maraqlanırsızmı? Məsələn, Abdulrahman Mollaçiyev indi haralardadır?
- Həmişə maraqlanırıq. O, 2 ay əvvəl bizdən hansısa işə düzəlməklə bağlı məktub da istəmişdi. Açığı, indi hansı işlə məşğul olduğunu bilmirəm. Amma ştatda yer olarsa, onu sevə-sevə geri qaytarararıq. Məsələn, operatorlarımızda belə olmuşdu. Dekabrda yolladığımız 6 nəfərdən 3-nü sonradan geri çağırdıq. Əgər ehtiyac olursa, öncə sabiq işçilərimizi dəvət edirik. Vakansiya olsa, Abdulrəhmanı da məmnuniyyətlə geri çağırarıq.
- Səmra Əliyevanın "İnter"in avrokubok oyunu öncəsi Mərdəkanda başına top dəyməsi anını xatırlayaq. Sosial şəbəkədə yaxşı mənada bu məsələ çox müzakirə olundu...
- Biz meydançada olduğumuz üçün, qonaq bizik. Bəxtsizliklər dünyanın hər yerində olur. Ondan öncə digər şərhçimiz Elnur Məmmədli canlı yayımda meydançanın sulanmasına yaxalanmışdı. Şəmsəddin Abbasovu Zirədə az qala külək aparmışdı. Operatorumuzu iplə bağlamışdıq ki, külək onu yerə salmasın. Bunlar olan şeylərdir. Əsas bundan sonra olanlardır. Topu vuran futbolçu (Mirhüseyn Seyidovu nəzərdə tutur - S.T.) sonradan şokolad göndərərək Səmradan üzr istədi. Səmra onsuz da peşəkar idi, burda da özünü göstərdi. Ancaq sonrakı yayıma dəbilqə ilə çıxdı. Bunlar canlı yayımın nəşəli və keyfli hallarıdır.
- Türkiyədə belə hallar olubmu?
- Çox olub. Ancaq həmişə orda belə peşəkar davranmırlar. Türkiyədə belə hallarda aparıcı qışqırırdı, ancaq Səmra sanki heç nə olmamış kimi davrandı. Mən Şəmsəddinlə bu epizodu 20-30 dəfə izləmişəm bəlkə də. Həqiqətən onun özünü itirməməsi məni çox təəccübləndirdi. Yanındakı məşqçi ("İnter"in məşqçisi Zaur İsmayılovu nəzərdə tutur - S.T.) daha çox panikaya düşdü, nəinki o. Sonra gedib Səmraya "keçmiş olsun" dedik (gülür). Biz burda komandadan çox, ailə kimiyik. Birimizin problemi hamımızınkıdır. Səmranı stadiona göndərəndə artıq zarafatlaşıram ki, aman diqqət et özünə, başına top dəyməsin.
- Sizdə xanım işçilər çoxluq təşkil edir. Onları işə götürəndə gələcəkdə ailə həyatı qurub telekanaldan ayrılmasına görə ehtiyatlanmırsınız? Nəzərə alaq ki, sizin telekanal ictimai-siyasi yox, sadəcə idman kanalıdır. Bizdə də qızların idmanla əlaqələri hər zaman yaxşı qarşılanmır...
- Ehtiyatlanırıq. Bu, həyat gerçəkliyidir. Ancaq ürəyimdən keçəni bilmək istəyirsinizsə, çox istərdim ki, telekanal işçiləri bir-birləri ilə evlənsinlər ki, belə problem olmasın. Bu problem Türkiyədə də var. Ancaq biz işçiləri işə götürəndə onların ailələri ilə də tanış oluruq. Məsələn, biz hər 2 Nərminin ailəsi ilə tanış olmaq imkanı əldə etdik. Mənim üçün ən maraqlısı, onların idmana belə maraq göstərməsidir. İlk dəfə bura gələndə onlara "ofsayd"ın nə olduğunu başa salmaqda çətinlik çəkmədik.
- Ötən tur çempionatın bütün oyunları canlı yayımlandı. Bu mövsüm oyunların yayımlanması zamanı klublar sizin fikirlərinizi öyrənirmi?
- Bəzən bizimlə məsləhətləşmə olmur. Amma biz istəyirik ki, oyunlar arasında bir az vaxt məsafəsi olsun ki, həmin matçlara dair verilişlər apara bilək. Üstəlik, "Kəpəz"in ev oyunlarını Tovuzda oynamaq variantı vardı (müsahibə həftə ortası götürülüb - S.T.). Tovuz çox uzaq yerdir. Ora maşın göndərəcəyik, ancaq işçilərin yorğunluğu baxımdan çətin olacaq. Ötən ilin dekabrında STS-lərimizdən birini Türkiyəyə göndərmişdik deyə, oyunları necə çəkəcəyimiz çox müzakirə olunmuşdu. Bu dəfə bütün oyunları göstərməyə çalışacağıq. Ən azı 95% oyunlar canlı yayımda olacaq.
- "Qarabağ"ın "Kopenhagen"lə oyununu stadiondan izlədinizmi?
- Xeyr. Biletim vardı. Ancaq 10 yaşlı oğlum bir dostu ilə oyuna getmək istədiyindən, biletimə əl qoydu. Mən də oyuna televizordan baxmalı oldum (gülür).
- "Qarabağ"ın uğuru sizin üçün nə deməkdir?
- Bu uğur, sözsüz ki, Azərbaycan üçün çox önəmlidir. Mən bu məsələyə 2 yöndən - siyasi və idmani nöqteyi-nəzərdən baxıram. "Qarabağ" adının beynəlxalq arenada çəkilməsi çox vacibdir. Bir Azərbaycan komandasının uğuru hamımızın uğurudur. Hamımız istər-istəməz bu inkişafın bir parçası oluruq. Bu baxımdan oyunu göstərən "İdman Azərbaycan"ın əməkdaşlarına ayrıca təşəkkür edirəm. Onlar da çox yaxşı şərhçilik etdilər. "Qarabağ"ın beynəlxalq arenada uğuru əcnəbi oyunçuların da bura gəlməsinə şərait yaradır.
- "Qarabağ"ın uğuru sizin üçün 3-cü yöndən də maraqlıdır, məncə. Klubun sahibləri Türkiyədəndirlər...
- Bunu həmişə deyirəm. Əmrah Çəlikəl də, mən də çox şanslı insanlarıq. İkimiz də üzərində ay-ulduz olan 2 bayrağa xidmət etmək şansı əldə etmişik. Bu hamıya nəsib olmaz.
- Çempionlar Liqasının yayım hüququ 3 ildən bir satılır. "Qarabağ"ın oyunlarından sonra sizdə də bu turniri yayımlamaq kimi bir istək formalaşdımı?
- Biz milyonluq yatırımlar edə bilmərik. Çünki bizim də ölkə iqtisadiyyatını düşünməyimiz lazımdır. Ancaq Çempionlar Liqasına marağımız var. Gələcəkdə biz də bu yayım üçün müraciət edə bilərik. Lakin bununla belə, Az.TV rəhbərliyi ilə məsləhətləşməyimiz lazımdır. Çünki ölkə iqtisadiyyatına ziyan vurmamaq üçün bəzi yayımları bölüşdürməyimiz lazımdır. Burda Türkiyədəki kimi reklam bazarı mövcud deyil. Yalnız "İdman Azərbaycan" var, bir də biz. Ona görə də məsləhətləşmə olmalıdır. Satan üçün problem yoxdur, 10 milyonu alıb cibinə qoyacaq... Yaxınlarda daha bir məlumatı paylaşacağıq. Yenə ilk olaraq sizə deyirəm. 2022-ci il Küveytdə keçiriləcək futbol üzrə dünya çempionatının bütün oyunlarını, böyük ehtimalla, biz yayımlayacağıq.
- Təxminən ilyarımdır ki, burdasınız. Bu müddətdə "İdman Azərbaycan"ın rəhbəri Elsevər Dünyamalıyevlə görüşmək imkanınız olub?
- Əlbəttə, olub. Mən onu həmişə dost kimi qəbul edirəm. Dost məclislərində, tədbirlərdə üz-üzə gəlirik. Məsləhətləşmə lazım gələndə bir-birimizin üzünə telefonumuz açıqdır. O istədiyi vaxt mənə, mən də istədiyim vaxt ona zəng edib nəyisə soruşa bilərəm. Ümid edirəm ki, sonadək dostluğumuz belə davam edəcək.
- Ramil Quliyev. Azərbaycanlı, ancaq Türkiyə adından dünya çempionu olan azərbaycanlı...
- Yaxşı ki elə Türkiyə adından çempion oldu. Başqa Avropa ölkəsi adından çempion olsaydı, içim yanardı. 2 bayrağı da çiynində görüb, çox şad olduq, fəxr etdik. Gələn həftə onunla bağlı bir sürpriz etməyi planlaşdırırıq. Çox istəyirik ki, onu verilişlərimizdən birinə dəvət edək. Ona zəng etmişik, ancaq hələ onunla ünsiyyət qura bilməmişik. Hekayəsini onun ağzından eşitməyi çox istəyirik. Başda Azərbaycan olmaqla, hamımızın uğurudur ki, o, atletikada dünya çempionu oldu. Azərbaycanı çox istədiyini etdiyi hərəkətlə göstərdi. Ramil "2 dövlət, 1 millət" deyiminin yaşayan formulu oldu. Çox istəyirəm ki, Ramil Azərbaycan xalqına fikirlərini Azərbaycan telekanalında çatdırsın. Ancaq hələ ki onunla əlaqə qura bilmirik. Onu da günahlandırmırıq. Çox tədbirləri var. Məsələn, avqustda - Birmingem və Sürixdə 2 kommersiya xarakterli "Diamond League" turniri var. Bildiyiniz kimi, bizim telekanal mayın əvvəllərindən bu turniri yayımlayır.
- Bu ay həm cüdoda, həm də güləşdə dünya çempionatları keçiriləcək. Yəqin ki, onların yayım hüququnu əldə etməyə çatdıra bilmədiniz...
- Çatdırdıq. Bunu soruşacağınızı bilirdim deyə, əvvəldə bu sürprizi deməmişdim. Nəinki cüdo üzrə dünya çempionatını yayımlayacağıq, bu idman növünün 4 il boyunca keçirilən Böyük Dəbilqə, Qran-Pri yarışlarının da yayım hüququna yiyələnmişik. Yaponiya şirkəti ilə bununla bağlı artıq anlaşmışıq.
- Stadiona gələrkən bu sual ağlıma gəldi. Etiraf edərsiniz ki, maşını olmayanlar üçün bu stadiona gəlmək çox problemlidir. Bu məsələni necə tənzimləyirsiniz?
- Ötən qış havalar soyuq olanda bir mini avtobus icarəyə götürmüşdük. Səhər və axşam "Koroğlu" metrostansiyasına əməkdaşlarımızı aparıb-gətirirdi. Yayda çox adam məzuniyyətdə olur deyə, məsrəfləri azaltmaq üçün bu xidməti götürmüşdük. Ancaq yenidən bu xidməti bərpa edəcəyik. Gecə şərhçilər üçün isə taksi xidmətindən istifadə edirik.
- Son sualım. Soyadınızın bir tarixçəsi varmı?
- Üst soyadının hərbi xidmətdə mənə çox zərəri dəyib (gülür). Bunun bir lətifəsi də var. Mən əsgərlikdə uzun müddət leytenant olmuşam. Bizdə rütbələrə "teğmen", "üst teğmen" və "yüzbaşı" deyilir. Səhər salamlamasında özümü təqdim edərkən "Leytenant Üst", yəni "Teğmen Üst" deyirəm. Adam mənə deyir ki, sənin rütbən axı "üst teğmen" yox, "teğmen"dir, niyə belə deyirsən. Cavab verirəm ki, soyadım belədir. Bir sözlə, 360 gün soyadıma görə mənə irad tutuldu (gülür). Ancaq soyadımın tarixçəsi atamdan gəlir. Boyu çox uzundur - 2,10 metr. Çox hündür deyə üstdə olan insan anlamına gəlir.
Qaynarinfo.Az