İdman 10:36 28.11.2023

Vüqar Əsgərli sirli istefasından danışdı: “Nəticələr məni qane etmirdi”

Bu mövsümdən Birinci Liqada mübarizə aparan "Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli vəzifəsindən istefa verib. Turnir cədvəlinin dördüncü pilləsində qərarlaşan, liderdən cəmi dörd xal geridə olan klubun baş məşqçisinin bu addımı atması bir qədər maraqlıdır. Çünki komanda elə də pis vəziyyətdə deyil, çempionluq üçün kifayət qədər şans var. Bəs belə olan halda nə baş verdi ki, Əsgərli vəzifəsindən getmək qərarına gəldi?

Bu suallara elə məşqçinin özü cavab verib. O, Qaynarinfo-ya açıqlamasında bunları deyib:

"Düşünürəm ki, klub olaraq gördüyümüz işə görə daha çox xal toplamalı idik. Təəssüf ki alınmadı və ayrılmağımın klub ücun daha xeyirli olacağı qənaətinə gəldim. Konkret son oyunumuz istefama təsir etmədi. Ümumi birinci dövrənin nəticələri məni qane etmirdi".

Əsgərli, rəqibdən cəmi dörd xal geridə qaldıqları halda niyə belə tez təslim olması və "Şamaxı”nın çempionatdakı potensialı ilə bağlı suala bu belə cavab verib:

"Düşünürəm ki istefa bir mədəniyyətdir. Təslim olmaq məsələsi deyil. Sadəcə, bu addımın klub üçün daha faydalı olacağını hesab etdim. Deməzdim komandada potensial yoxdur. "Şamaxı”nın potensialı var, inanıram ki, çempion olacaqlar. İşlər yolunda getməyəndə nəyisə dəyişmək lazımdır. Mən də belə qərara gəldim. Rəhbərliklə müzakirələr apardıq. Bunlar klub daxilində olan söhbətlərdir deyə açıqlamağım düzgün olmaz”.

Mütəxəssis Birinci Liqanın bugünkü durumunu belə qiymətləndirib:

"Bu ildən Birinci Liqada rəqabət daha çoxdur, hamı hər rəqibi uda və ya uduza bilər. Premyer Liqayla nisbətdə kəskin fərq olsa da, məncə, Birinci Liqa zamanla daha yaxşı duruma gələcək”.

Məşqçi qarşıdakı planları və gələcəkdə Birinci Liqadan təklif alacağı halda qəbul edib-etməyəcəyi ilə bağlı sualı belə cavablandırıb:

"Qərarım anidən olduğu üçün hazırda heç bir təklif yoxdur. İndi dincəlirəm. Bu gələcəyin işidir”.

Səbuhi Həsənov