Mərhum Xalq artisti Roza Cəlilovanın dəyərli əşyalarının oğurlandığı iddia olunur.
Qaynarinfo Musavat.com-a istinadən xəbər verir ki, bu iddia ilə sənətkarın nəvəsi Lalə Aslanova çıxış edib.
Bildirib ki, Xalq artisti vəfat edən gün onun mənzilində ciddi qanunsuzluqlar baş verib. Lalə Aslanovanın sözlərinə görə, nənəsinin bacısı qızı Yeganə Aslanova və onun qızı Leyla Seyidəlizadə Xalq artistinin öldüyü gün yaxın məsafədə yaşamalarından istifadə edərək dərhal mənzilə yollanıblar və onun dəyərli əşyalarını, bank kartlarını mənimsəyiblər. O iddia edir ki, polis əməkdaşları və təcili tibbi yardım briqadası mərhumun oğlunun olub-olmaması ilə maraqlanarkən Yeganə Aslanova onun oğlu olmadığını bildirib və Lalə Aslanovanın atası barədə nalayiq ifadələr işlədib.
"Nənəmin nəşini dərhal Təzəpir məscidinə apardılar. Daha sonra isə nəşi məsciddə qoyaraq yenidən evə qayıtdılar. Roza xanımın bütün fəxri fərmanlarını, "Şərəf" və "Şöhrət" ordenlərini, o cümlədən Mədəniyyət Nazirliyi tərəfindən təqdim edilmiş sənədləri, SSRİ dövrünə aid mükafat və sənədləri, bank kartlarını, pul vəsaitlərini və digər dəyərli əşyaları götürərək mənzildən uzaqlaşıblar", - deyə Lalə Aslanova bildirib.
Onun sözlərinə görə, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Bildirilir ki, polis tərəfindən mənzilə baxış keçirilib və protokol tərtib olunub. İşin Səbail Rayon Prokurorluğuna və polis idarəsinə təqdim edilməsinə baxmayaraq, indiyədək hər hansı ciddi tədbir görülməyib.
Lalə Aslanova, həmçinin iddia edib ki, qarşı tərəf beş dövlət qurumunu etibarsız sənədlərlə aldadaraq müəyyən üstünlüklər əldə edib. O bu barədə sorğularına rəsmi cavab aldığını və Ədliyyə Nazirliyinin Yeganə Aslanovanın qanunvericiliyə zidd şəkildə sənədlər əldə etməsi ilə bağlı müraciətinə cavab verdiyini qeyd edib. İddialara görə, hətta Səbail Rayon Məhkəməsinə də etibarsız sənədlər təqdim olunaraq qərardad çıxarılmasına nail olunub.
"Nənəmin ölümündən istifadə edərək atama qarşı şər və böhtan atılıb. Bütün videogörüntülər, səsyazıları və şahid ifadələri təqdim olunsa da, indiyədək həmin şəxslər barəsində tədbir görülməyib. Məsələnin obyektiv araşdırılmasını və günahkarların cəzalandırılmasını tələb edirik", - deyə Lalə Aslanova vurğulayıb.
Yeganə Aslanova bildirib ki, Xalq artistinin bacısı qızı yox, doğma qızıdır və hələlik məsələ ilə bağlı mövqe bildirmək istəmir.
Qeyd edək ki, Xalq artisti, rəqqasə Roza Cəlilova Yeganə Aslanovanı sağlığında polisə vermişdi. Səbail Rayon 9-cu Polis Bölməsinə müraciət edən sənətkar qızının ondan zinət əşyalarını alıb qaytarmadığını iddia etmişdi. O bildirmişdi ki, dörd ədəd brilyant qaşlı sırğa və başqa bahalı aksesuarlarını qızından ala bilmir.
Şərhlər