Xəbər lenti

Xanım azarkeşləri "Qarabağ"dan nə gözləyir? - SORĞU
İdman07:45 11.07.2023

Xanım azarkeşləri "Qarabağ"dan nə gözləyir? - SORĞU

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ" bu gün Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda Cəbəllütariqin "Linkoln" klubu ilə qarşılaşacaq. 
Qaynarinfo Ağdam klubunun xanım azarkeşləri arasında sorğu keçirib. Zərif cinsin nümayəndələri sözügedən qarşılaşmada sevimli komandalarının şanslarını dəyərləndiriblər: 
Rəfiqə Əziz (Aparıcı): "Qarabağ" asanlıqla "Linkoln"un öhdəsindən gələcək. Buna şübhəm yoxdur. Məni daha çox narahat edən növbəti mərhələlər və qarşımıza çıxa biləcək rəqiblərdir. Bu cür önəmli matçlarda ürəyimiz "Qarabağ"la döyünsə də, lazımi transferlərin hələ gerçəkləşməməsi narahatlıq yaradır. Ancaq hər il olduğu kimi, ümid edirəm ki, bu il də "Qarabağ" maksimuma nail olacaq. Komandamızı yenidən Çempionlar Liqasının qrup mərhələsində görmək istəyirəm".
Aysel Nazimi (Aktrisa): "Qarabağ" azarkeşi olaraq komandaya uğurlar arzu edirəm. Həmişə yaxşı nailiyyətlər əldə etməsini istəyirəm. Təssüf ki, işlərimin çoxluğu səbəbilə oyunları izləyə bilmirəm, sadəcə nəticələrə baxıram. Ancaq hər zaman ürəyim "Qarabağ"la birlikdədir. İnşallah, bugünkü oyunda da qələbə əldə edəcək". 
Sevinc Məmmədova (Azarkeş): "Kadi Borges, İbrahima Vadji və Kvabena Ovusunun satılmasından sonra "Qarabağ”dan gedənlərin siyahısına Ramil Şeydayev, Musa Qurbanlı, Filip Ozobiç də qoşuldu, İsmayıl İbrahimli isə icarəyə verildi. Musa da, Ramil də əsas heyət üzvləri idi. Ozobiç uzun müddətdir davamlı oynamasa da, gedişinə üzüldüm. Amma bizi tərk edənlərdən ən çox Medinaya üzülürəm. Hələ də inana bilmirəm ki, elə bir futbolçunu itirdik. İstər müsahibələri, istər meydandakı davranışı ilə "Qarabağ"ı sevdiyini, burada xoşbəxt olduğunu bildirirdi. Birdən-birə Çempionlar Liqasının startında bizi tərk edib heç bir potensialı olmayan "Rizespor"a gedişini həzm edə bilmirəm. Daha əvvəl də bu cür qərar verən futbolçularımız olmuşdu. Ümid edirəm ki, Medina da onların aqibətini yaşamaz. Biz isə bu futbolçuları tapıb almışıqsa, onların yerinə daha yaxşılarını da ala bilərik. Heç bir gediş son deyil. 
Bugünkü oyuna gəlincə, açığı, rəqibimizi tanımıram. Adətən ilk mərhələlərdə düşən komandalar haqqında məlumatım olmur. Ancaq təmsil elədiyi ölkə və "Qarabağ"ın heyəti, təcrübəsi əsas verir ki, oyun haqqında həyəcan keçirməyim. Düşünürəm ki, elə ilk oyundaca məsələni həll edəcəyik. Ümid edirəm ki, bizi bu mövsum uzun, həyəcanlı, rəngarəng, maraqlı Çempionlar Liqası mövsümü gözləyir".
Aygül Qarazadə (Jurnalist): "Qarabağ"ın bu mövsüm də avrokuboklarda uğurlu olacağına şübhə etmirəm. Bu mərhələdə nisbətən zəif komanda ilə qarşılaşacağımız öncədən bəlli idi. Amma "Qarabağ" hər zaman ilk iki mərhələdə çətinliklə üzləşir, istədiyi oyunu göstərə bilmir. Ümid edirəm ki, bu dəfə bolqollu oyun izləyəcəyik, xüsusilə ev oyununda. 
Açığı, azarkeşlər olaraq daha çox transfer gözləyirdik. Amma qışda gələn futbolçuların da hələ tam nəticə vermədiklərini nəzərə alanda, komandanın 2 transferini başa düşmək olur. Mərhələni keçəcəyimizə şübhəm yoxdur, bu il ən azından keçən mövsümkü nəticəni təkrarlayıb qrupa düşəcəyinə əminəm".
Qeyd edək ki, Cəbəllütariqdəki "Viktoriya" stadionunda keçiriləcək "Linkoln" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Röya Kərimli