Aprel ayının 19-da saat 17:50 radələrində İslam adlı şəxsin idarə etdiyi "Opel" markalı avtomobillə Sevinc Cəlilovanın idarə etdiyi 99-OA-581 nömrəli "Chevrolet Cruze" ilə toqquşub. Xanım sürücü hələ də yataqdadır. Qarşı tərəf zərərçəkmişi hadisə yerində atıb qaçıb.
Qaynarinfo-ya müraciət edən xanım sürücü hadisəni törədən şəxsdən nə alkoqol, nə də narkotiklə bağlı test götürülmədiyini deyir:
"Guya onu xəstəxanaya aparıblar. Amma əslində heç bir xəsarət almayıb. Mənim avtomobilini vuran azyaşlı idi. Qara və balacaboy oğlanı sükan arxasında görmüşəm. Amma xəstəxanada 21 yaşlı, əsgərliyini çəkmiş birini gətirmişdilər. Qəzadan heç 20 dəqiqə keçmədi onu yaxınları qaçırtdılar. Hadisədən 20-25 gün sonra anası və nənəsi gəlib 10 dəqiqə oturandan sonra çıxıb getdilər. Onlar da gəlmişdi ki, işi istintaqda bağlasınlar. Əməliyyatçı onlara bildirib ki, gedin qarşı tərəflə razılaşın".
O, ciddi zədə almasına baxmayaraq, gəlib maraqlanmadıqlarını bildirib:
"Burnum iki yerdən sınıb, gözüm və boynum travma alıb, yanaq sümüklərim çatlayıb. Boynumda vertebra düzləşməsi olub. Ayağım da sınıb. Gözümün kəllə oyuğunda çat əmələ gəlib. Bu da ömürlük qalacaq. Doğurdan da çox ağır travmalar almışam. İşim müstəntiqə verilmişdi, lakin mən geri qaytazdırdım. Çünki işə səthi baxmışdılar. Mənə elə gəlir ki, kimsə qarşı tərəfi tapşırıb. Tapşırıq olduğu üçün işə yaxşı baxmadılar. Mən də özümə vəkil tutmuşam".
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Qaynarinfo-ya bildirilib ki, hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırmalar aparılır.
Seyid