Premyer Liqanın yeni mövsümündə geridə qalan iki tur hakimlik baxımından uğursuz oldu. Ümumiyyətlə, AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Ştuxlikin bərbad günə qoyduğu hakimliklə bağlı şikayətlər səngimək bilmir. Son vaxtlar isə şikayətlərin sayı daha da artıb. Bununla yanaşı, onun gəlişindən sonra ölkənin istedadlı hakimlərindən sayılan Rəhim Həsənov, Ömər Paşayev, Orxan Məmmədov kimi FİFA dərəcəsi almış referilərimiz də yavaş-yavaş sıradan çıxdı. Daha yüksəklərdə görəcəyimizə ümid etdiyimiz Əliyar Ağayevdə isə inkişaf müşahidə olunmur. Ümumiyyətlə, Ştuxlikdən əvvəlki dönəmdə yetişən hakimlərdən demək olar, yalnız Ağayev qalıb ki, onun daha da irəli getməsi üçün şərait yaradılmır. Təbii, bütün bunların məsuliyyətini də məhz AFFA daşıyır.
Bütün bu məsələlərlə bağlı AFFA-nın Hakimlər Komitəsinin keçmiş sədri Xaqani Məmmədov da düşüncələrini bölüşüb.
Xaqani bəy Qaynarinfo-ya müsahibəsində problemləri qabartmaqla yanaşı, bir sıra maraqlı məsələlərlə bağlı suallarımızı da cavablandırıb.
- Premyer Liqanın yeni mövsümündə geri qalan ilk iki turun mənzərəsini gözünüzdə canlandıranda nə görürsünüz?
- Bilirsiniz, "Köhnə hamam, köhnə tas"dır. Heç nə dəyişməyib. Yeni heç nə yoxdur. Əksinə, geridə qalan iki turda müəyyən qüsurlar gördüm. Özü də hakimlərdən çox Hakimlər Komitəsi, daha doğrusu, komitə sədri tərəfindən. İlk turda keçirilən "Zirə" - "Qarabağ" matçında "Zirə"nin aşkar qolunu qeydə almadılar. Ola bilər, insandır səhv edir. Maraqlısı odur ki, həmin səhvi buraxan hakim növbəti turda təyinat alır. Bu, insanları ələ salmaqdır. Hakim səhv edib, komandanın 3 xalını əlindən alıb. Növbəti turda isə sən onu "mükafatlandırırsan". Hətta bu azmış kimi, az qala demək istəyir ki, "bu səhv yaxşı oldu, VAR-ı tezləşdirək". Yəni, VAR-ın tətbiqini tezləşdirmək üçün səhv etməliyik? Növbəti turda "Qəbələ" - "Keşlə" matçında verilməyən penalti oldu. Bəs deyirdilər "hakimlərin sayını artırmışıq", bağ belə, bostan belə? Hanı bəs o hakimlər? İki turdur oyunları 5 hakim idarə edir. Premyer Liqaya 10 hakim təyinat alıb, ancaq Rəşad Əhmədov, Elçin Məsiyev, Kamal Umudlu iki tur ardıcıl təyinat aldılar. Oyun idarə etməyənlərə təyinat verin də. Rəvan Həmzəzadə və digərləri var. Onlara niyə təyinat vermirsiniz? Çox gülməli, əcaib bir mənzərə alınıb. Problemlər var. Məsələn, Rəşad Sadıqovun sözü xoşuma gəldi. Dedi ki, "Biz VAR-ı gözləməliyik?" Tutaq ki, VAR olmayacaq. Bəs buna qədər nə ilə məşğul idiniz? Özü də deyirlər ki, "insan səhv edə bilər". Bilirsiniz, mən burada KİV-ləri qınayıram. Mənim vaxtımda səhvlər olanda, düşürdülər Xaqani Məmmədovun üstünə. Amma indi bar-bar bağırırlar ki, hakim də insandır. Məsələn, Şəmsəddin ("CBC Sport"un şərhçisi Şəmsəddin Abbasov. - red.) oyunu şərh edəndə deyir ki, "hakim də insandır". Yaxşı, həmin səhvləri mənim vaxtımda edənlər insan deyildilər, heyvan idilər? Bəs niyə buna don geyindirirsiniz? VAR-ı gözləməlisiniz? Hələ həmin sistemin fevralda olub-olmayacağı sual altındadır. Deməli, ona qədər səhvlər davam edəcək? Rəşad Sadıqova daha nə qədər hazsızlıq olacaq? Qısası, bu iki tur hakimlik baxımından ürəkaçan olmadı.
- Son bir neçə mövsümdə hakimliklə bağlı şikayətlər çoxalıb. Bunlar nədən irəli gəlir?
- Bir neçə faktor var. Məsələn, təcrübəli hakimlərin neçəsi getdi? Bezib getdilər. Onlara qarşı qeyri-obyektivlik vardı, kimlərisə açıq-aşkar irəli dartırlar. Öz "lübimçikləri" var. Bunların hamısını insanlar görür. Ona görə də ayda bir, maksimum iki oyun idarə etməkdənsə, hakimlikdən ayrılıb başqa işlə məşğul olmağı üstün tuturlar. Hakimləri bezdirirlər, küsdürürlər. Onların nə yaşı var? Rəhim Həsənov 38 yaşındadı. Baxın İngiltərə çempionatına, 51, 52 yaşlı hakimlər oyunları idarə edir. Avropa çempionatının finalını Börn Kuypers 48 yaşında idarə etdi. 38 yaş hakimin ən yetişən, püxtələşən vaxtıdır.
- Sizin vaxtınızda idarəçilik edən və kifayət qədər beynəlaxlaq təcrübəsi olan bir sıra hakimlər Fritiz Ştuxlik gələndən sonra yavaş-yavaş sıradan çıxmağa başladı. Məsələn, Rəhim Həsənov, Orxan Məmmədov, Ömər Paşayev meydanlardan uzaqlaşdılar. Onların hələ də davam etmək perspektivləri var idi?
- Onların idarəçilik perspektivi çox böyük idi. Mənim vaxtımda yeni başlamışdılar işə. İndi isə artıq yetişmiş və püxtələşmişdilər. Əsl hakimlik etmə vaxtları indidir. Ancaq onları küsdürdülər. Görünür, qarşılarına Xaqani Məmmədovun vaxtında yetişmiş hakimləri yavaş-yavaş yığışdırmaq məqsədi qoyublar. Əminəm ki, gələn il ya Rəvan Həmzəzadəni, ya Rauf Cabarovu uzaqlaşdıracaqlar. Öz kadrlarının hakim olmalarına isə hələ bir əsr var. Başa düşürəm, gəncləri irəli çəkmək lazımdır. Mənim də vaxtımda belə idi. Ancaq onlar hazırlanıb üzə çıxarılmalıdır. Yoxsa, filankəsi çıxarım, yerinə onu təyin edim... Belə olmaz.
- Bunu sizin yetişdirdiyiniz kadrlara qərəzli yanaşma kimi qiymətləndirmək olar?
- Əlbəttə, olar.
- Sizin dönəminizdəki hakimliklə indikiləri müqayisə etsək, ortaya necə mənzərə çıxar?
- Təvazökarlıqdan uzaq, həmin hakimlərlə indiklərin arasında yerlə göy qədər fərq var. Onları birdən-birə üzə çıxarmamışdım ki. Yavaş-yavaş yetişdirdik və hazır şəkildə oyunlara buraxdıq. İndi uşaq oyunlarını idarə edən hakimləri birdən-birə Premyer Liqaya gətirirlər. Yeni FİFA hakimi Elçin Məsiyevi gördük də. Konfrans Liqasında idarə etdiyi oyunda aşağı qiymət aldı.
- Məsiyev keçən il də bir sıra qalmaqallı oyunlar idarə etmişdi...
- Çünki sədrin "lübimçikidir". Ona görə də digərləri inciyir, əsəbiləşir.
- Təlim-məşq toplanışına aparılmayan hakimlərin Premyer Liqada idarəçilik etməsi nə dərəcədə düzgün və ədalətlidir?
- Bunun toplanışa aidiyyatı yoxdur. Toplanış olmaya bilər. Bu şəkildə də Premyer Liqada oyun idarə etmək olar. Ancaq təlim-məşq toplanışı mütləqdir. Gənc hakimlər müxtəlif komandaların oyunlarını idarə edə-edə "artırır" də. Gedib uşaq oyunlarını idarə etməklə irəli gedə bilməzlər axı. Toplanış bu nöqteyi-nəzərdən lazımdır.
- Bəs çıxış yolu nədir?
- Problem bir deyil, iki deyil, o qədərdir ki…
- Öncə nədən başlamaq lazımdır?
- Məncə, elə sədrdən başlamaq lazımdır. Kimisə irəli çəkməklə iş getməz. Obyektiv olmaq, hamıya eyni yanaşmaq vacibdir.
- Sizin dönəminizdə rüşvət iddiası ilə hakimlikdən uzaqlaşdırılan bir sıra insanlar, məsələn, Babək Quliyev, Anar Salmanov, Elçin Məmmədov geri qaytarıldı. Bundan sonra ölkədə normal hakim yetişəcəyinə nə dərəcədə ümid edə bilərik?
- Mən son 3 ildə heç bir inkişaf görməmişəm. Yalnız sənədləşmələr, protokollar elektronlaşdırılıb. Yenilik budur. Bu da nə yenilikdir ki? Protokolların, sənədləşmələrin elektron variantı var, hə nə olsun? Hanı hakimlərimiz? Hansılar irəli getdi? Əliyar Ağayev 3 ildir birinci kateqoriyadadır. Onun irəli getməsi üçün neynədiniz? Burda artıq AFFA rəhbərliyinə müraciət edirəm, Əliyar üçün nə etdiniz?
- Ən istedadlı hakimimiz olan Əliyar Ağayevi hələ də dünya və Avropa Çempionatının final mərhələlərində görə bilməməyimizin səbəbi nədir?
- Belə getsə, onu birinci kateqoriyadan ikinciyə endirəcəklər. Çünki irəli getməsi üçün heç bir iş görülmür. Bir nümunə gətirim. Rumıniyada Hakimlər Komitəsinin sədri Kiros Vassarasdır. Hansı ki, Ştuxliki o bura soxuşdurub. Özü yunandı, amma Rumıniyada işləyir. Onun yetişdirdiyi iki hakim Avropa Çempionatının final mərhələsində idi. Rumınlar dəvət etdilər, o da köməklik göstərdi və iki hakim yetişdirdi. Baxmayaraq ki, heç düz-əməlli idarəçilik etmədilər. Əliyar onların hər ikisindən güclü idi. İki ildir, deyirlər ki, Əliyar VAR üçün seminar keçir. Yaxşı, bəs niyə heç olmasa VAR-a getmədi?
- Düşünmək olar ki, ya bilərəkdən, ya paxıllıqdan, yaxud məhz sizin kadr olduğu üçün Əliyarın da yavaş-yavaş qarşısını kəsməyə çalışırlar?
- Necə qiymətləndirirsiniz elə olsun. Dediklərinizin hamısı var. Bezdirəcəklər, o da çıxıb gedəcək. Əliyarın birinci kateqoriyaya yüksəlməsi üçün biz çox iş görmüşdük.
- VAR sisteminin Azərbaycana gəlməsi artıq gecikibmi?
- Gecikməyib, indi çox az ölkələr VAR sistemindən istifadə edir. Bilirsizniz, bu uzun prosesdir. Problemləri çoxdur. Məsələ, təkcə maddiyyatda deyil. VAR sistemi üçün otaqlar, apartlar, hakimlərin hazırlığı da əsasdır. Fevralda alınsa, lap yaxşı. Amma buna şübhəm var. Əslində Azərbaycanda VAR sisteminin tətbiqi 2022/2023 mövsümü üçün nəzərdə tutulmuşdu. Amma İcraiyyə Komitəsi VAR-ın fevraldan etibarən tətbiqi ilə bağlı qərar qəbul etdi. Əslində VAR-a münasibət də birmənalı deyil.
- Sizin münasibətiniz necədir?
- Düzdür, ədalət bərpa olunur. Digər tərəfdən futbolun gözəlliyi itir. Futbolçu gözləyir ki, nə vaxt VAR-a baxılacaq. Bəzən oradakı hakimlər də səhv qərar verir. Avropa çempionatında da gördük. Hələ təkmilləşməlidir. Əlbəttə, VAR olsa da, problemlər bitməyəcək. Platininin gözəl bir sözü var. Deyir, "futbolun gözəlliyi, populyarlığı hakim səhvlərindədir". Yəni, o səhvlər aylarla, illərlə müzakirə olunur. Digər idman növlərində, məsələn həndbolda, voleybolda səhvlər olur, elə orada da qalır. Demirəm, səhv etsinlər, amma hakim də insandır. 90 dəqiqə ərzində oyuna köklənə bilməməsi, səhv buraxması mümkündür.
Səbuhi Həsənov