
Dolların günü-gündən bahalaşması bütün sahələrdə təsir edir. Bundan ən çox əziyyət çəkən isə xaricdən ölkəyə məhsul idxal edən iş adamlarıdır.
Məzənnə stabil qalmadığına görə iş adamlarına malı istehlakçıya hansı qiymətlə təqdim edəcəklərini bilmirlər. Belə ki, məzənnənin dəyişməsi bazara çıxarılacaq mala stabil qiymət qoymağa çətinlik yaradır. Belə olan halda iş adamları qiymət çıxarışında maksimum yüksək məzənnəni götürməyə məcbur olurlar. Bu da bazarda süni qiymət artımı kimi qiymətləndirilir.
Çətin durum iş adamlarında çaşqınlıq yaradıb. Bəs vəziyyətdən çıxış yolları hansılardır?
Məsələ ilə bağlı Qaynarinfo.Az-a danışan bank üzrə ekspert Əkrəm Həsənov bildirib ki, valyuta məzənnəsini qısa müddətdə proqnozlaşdırmaq olmur və belə vəziyyətdə ilk növbədə əziyyət çəkən xaricdən mal alıb Azərbaycana gətirənlərdir:

"Çünki onlar məhsulu dollarla alır. Burda isə bilmir ki, nə vaxt satılacaq, pulu nə vaxt götürəcək. Buna görə də onlar qiyməti məzənnəyə uyğun müəyyənləşdirməkdə əziyyət çəkir. Prinsipcə dollar ilin sonuna qədər 2 manatdan baha olmaz. Təxminən 1.9-a qədər gəlib çıxacaq. Biznesmenlər elə bunu rəhbər tutmalıdırlar. Bunun pis cəhəti də odur ki, qiymət artımı çox olacaq. Satıcılar özlərini qorumaq üçün maksimum məzənnəni götürəcək. Düzdü, bəzi satıcılar da vəziyyətdən süi-istifadə edirlər. Təbii ki, bunlar da qiymət artımına səbəb olacaq".
Ekspert vurğulayıb ki, dünyanın heç bir yerində, xüsusilə də Azərbaycanda məzənnəni təyin etmək olmur:
"Mərkəzi Bank məzənnəni inzibati yolla da tənzimləyə bilər. Biz bunu bu il ərzində gördük. Mərkəzi Bank mayda hətta manatı bir müddət bahalaşdıraraq, məzənnəni 1.49 etmişdi. Proqnoz vermək olmur, çünki Mərkəzi Bank istənilən halda müdaxilə edir. Dollar bahalaşa-bahalaşa gedəcək. Harda dayanacağını demək olmur. Aydın məsələdir ki, Mərkəzi Bankın ehtiyyatı 4 milyarda enib. Bank imkan vermək istəmir ki, ehtiyyatlar bundan aşağı düşsün".
Mövzu ilə bağlı Qaynarinfo.Az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib ki, iş adamlarında günah yoxdur:

"Çünki qiymətlərin sürətlə artması prossesi məzənnə ilə bir başa əlaqəlidir. Onlar növbəti dəfə mal alarkən daha baha məzənnə ilə dollar aldıqlarına görə, ən azı indiki məzənnədən 10 faiz artıq sığorta qiyməti çıxarmağa məcburdular".
Natiq Cəfərlinin fikrincə, məzənnənin artma marjı da qiymətin üzərinə qoyulmalıdır:
"Satıcılar məzənnədən ən azı 10 faiz yüksək qiyməti məhsulun üzərinə qoymaq məcburiyyətində qalırlar. Çünki malı gətirdikdən sonra burda manatla satılırlar, sonra isə onu dollara çevrib, ödənişlər edilməlidir. Son bir ayında manatın dəyərini 10 faiz itirdiyini nəzərə alaraq iş adamları özlərini sığortalamağa çalışırlar. Qiymətlərin son zaman sürətlə qalxmasının səbəbi də budur. Ona görə də iş adamları məcburən belə bir addım atırlar".
Ekspertin sözlərinə görə, qısa müddətli qiymət çıxarışı üçün məhsullar indiki məzənnədən ən azı 10 faiz yüksək qiymətlə hesablanır:
"Bu özlərini sığortalamaq üçün əlavə 10 faizlik marjdır. Bu gün rəsmi məzənnə 1.70-dir. Amma bunun özündə də problem var. Çünki rəsmi məzənnə ilə dolların alışı arasında ciddi fərq var. Yəni iş adamları dollar almaq üçün 1.75-lə ödəniş edirlər. Buna görə də gətirdikləri malı ən azı 1.85-lə hesablayıb bazara verməlidirlər ki, gələcəkdə artacaq qiyməti konpensasiya edə bilsinlər".
Qafqaz Rafiqoğlu
Qaynarinfo.Az