“Körpü-Bina-Tikinti” MMC-nin Abşeron rayonunda fəaliyyət göstərən zavodunda oğurluq hadisəsi baş verib.
Qaynarinfo xəbər verir ki, araşdırmalar nəticəsində cinayəti MMC-nin keçmiş işçisinin törətdiyi müəyyənləşib. Həmin şəxs saxlanılıb və ona Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi (yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq) ilə ittiham elan olunub.
Cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb.
Məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs uzun müddət həmin müəssisədə işlədiyindən zavodun ərazisini və sexləri yaxşı tanıyıb. O, məhkəmədəki ifadəsində bildirib ki, 2008-ci ildə MMC-də fəhlə kimi işə başlayıb, 2022-ci ildə mexanik vəzifəsinə keçirilib, 2023-cü ilin noyabrında isə öz ərizəsi ilə işdən çıxıb.
Müttəhim məhkəmə zamanı deyib ki, zavodun ərazisində mexaniklərin işlədiyi sexlər olub və burada təmir alətləri saxlanılıb. Müəssisənin ərazisi 24 saat müşahidə kameraları ilə izlənilib və mühafizəçilər tərəfindən qorunub.
O, zavoda girərək oradakı təmir alətlərini oğurlamaq qərarına gəlib. Həmin sexdə fen, drel, qaynaq aparatı və elektron kəsici cihazların olduğunu əvvəlki işindən bilib.
Təqsirləndirilən şəxs bildirib ki, həmin gecə hava küləkli və yağışlı olduğundan mühafizəçilərin onu görməyəcəyini düşünüb. Öz avtomobili ilə zavodun yaxınlığına gəlsə də, avtomobilinin diqqət çəkəcəyindən ehtiyatlanaraq onu ərazidən bir qədər aralıda saxlayıb.
Gecə saatlarında ətrafda heç kimin olmadığını gördükdən sonra daş hasara bitişik dəmir konstruksiyaların üzərinə, oradan isə hasarın üstünə çıxaraq zavodun ərazisinə keçib. Daha sonra sexin pəncərəsini əli ilə açaraq içəri daxil olub.
Buradan bir ədəd drel, bir ədəd fen, bir ədəd qaynaq aparatı, bir ədəd elektron kəsici cihaz və bir ədəd oksigenlə cihaz götürüb.
O, oğurladığı əşyaları pəncərədən çıxararkən hadisənin üstünün açılmasından ehtiyat edib. Oksigenlə cihazı pəncərədən yerə qoyduğu zaman ayağı içəridə yanılı vəziyyətdə olan kiçik qızdırıcı sobaya dəyib. Sobanın oturacağa dəyməsi nəticəsində səs yaranıb.
Səsdən qorxan təqsirləndirilən şəxs dərhal sexdən çıxıb. Daha sonra oğurladığı avadanlıqları tək-tək hasarın üzərindən küçəyə çıxararaq avtomobilinə aparıb. Əşyaları avtomobilin arxa yük yerinə qoyaraq evinə gedib və oğurladığı avadanlıqları heç kimin görməməsi üçün zirzəmiyə yerləşdirib.
Məhkəmə materiallarına əsasən, oğurlanan əmlakın ümumi dəyəri 1 765 manat olub. Siyahıya 45 manat dəyərində “Bosch” markalı fen, 30 manatlıq “Meakida” markalı drel, 90 manatlıq “Bosch” markalı qaynaq aparatı, 100 manatlıq “Total” markalı elektron çoxfunksiyalı kəsici cihaz və 1 500 manat dəyərində “Hyperterm Powermax 30” cihazı daxil olub.
Bir müddət sonra polis əməkdaşları təqsirləndirilən şəxsi Aşağı Güzdək qəsəbəsində saxlayıblar. O, polisə cinayəti törətdiyini etiraf edib və oğurladığı əşyaların evinin zirzəmisində olduğunu bildirib.
Təqsirləndirilən şəxs oğurladığı bütün avadanlıqları polisə təqdim edib. Məhkəmədə o, ittiham üzrə özünü təqsirli bilib və törətdiyi əməldən peşman olduğunu deyib. Hadisəni tək törətdiyini, ona kömək edən şəxsin olmadığını bildirib.
O, həmçinin MMC-nin müraciətində qeyd olunan bəzi hallarla razılaşmayıb. Müttəhim sexdə yanğın törətmədiyini və buna cəhd göstərmədiyini deyib. Onun sözlərinə görə, yanğın sobanın aşması nəticəsində təsadüfən baş verib və yaranan səsdən qorxaraq ərazidən uzaqlaşıb.
Təqsirləndirilən şəxs həmçinin MMC-nin anbarından 20 dəst keçə dəsti oğurlamadığını, yalnız məhkəmədə sadaladığı əşyaları götürdüyünü bildirib. Oğurlanan əmlakın hamısının geri qaytarıldığını deyib.
Məhkəmədə təqsirləndirilən şəxsin ailə vəziyyəti də nəzərə alınıb. Onun iki azyaşlı övladının olduğu, həyat yoldaşının xəstə olduğu, atasının səhhətinin yaxşı olmadığı və ailənin yeganə qazanc gətirən şəxsi olduğu bildirilib.
Məhkəmənin hökmü ilə müttəhimə 2 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun həbsdə olduğu 3 ay 21 gün müddət bir günə iki gün hesabı ilə təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 1 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
“Körpü-Bina-Tikinti” MMC iş adamı Xəlil Göyüşovun şirkəti kimi tanınır. MMC-nin qanuni təmsilçisi isə iş adamının qardaşı Xaliq Göyüşovdur.
Seyid
Şərhlər