
Hollandiyanın əfsanəvi futbolçusu, 3 dəfə "Qızıl Top"un sahibi olmuş Yohan Kroyfun bu gün 68 yaşında İspaniyanın Barselona şəhərində dünyasını dəyişdiyi məlum olub.
Qaynar.info xəbər verir ki, ölümün səbəbi veteran futbolçuda olan ağciyər xərçəngidir. Bu barədə Kroyffun saytında bildirilib.
O, fevralda hələ bu xəstəlikdən müalicə aldığını və hər şeyin yaxşılığa doğru getdiyini bildirmişdi: "Bir neçə tibbi müayinədən sonra deyə bilərəm ki, nəticələr çox müsbətdir. Əla işlərinə görə həkimlərə, narahatçılıqlarına görə xalqa və pozitiv xasiyyətimə görə özümə təşəkkür edirəm. İndi məndə belə bir hissiyyat var ki, hələ başa çatmamış matçın ilk hissəsindən sonra mən 2:0 öndəyəm. Ancaq əminəm ki, mən oyunu qələbə ilə başa çatdıracağam"... Lakin göründüyü kimi, xərçəng xəstəliyi ona qalib gəldi.
Xatırladaq ki, Hollandiyanın "Ayaks", "Feyenord", İspaniyanın "Barselona", "Levante", ABŞ-ın "Los-Anceles Asteks" və "Vaşinqton Diplomats" klublarında çıxış etmiş Yohan Kroyf məşqçi kimi də çalışıb. O, "Barselona", "Ayaks" klublarını və Kataloniya yığmasına baş məşqçilik edib. Kroyf 48 oyuna 33 qol vurduğu Hollandiya millisi ilə dünya çempionatının gümüş (1974) və Avropa çempionatının bürünc (1976) medalını qazanıb. Ona futbol oynadığı müddətdə "uçan holland" deyirdilər. Kroyf holland məşqçi Rinus Mixels tərəfindən kəşf edilmiş total futbol fəlsəfəsinin əsas fiqurlarından olub.
Qaynar.info