"Neftçi"nin braziliyalı futbolçusu Yuri Matias ailəsindən uzaqda yaşamağın çətinliklərini qatlaşmaq məcburiyyətində qalıb.
31 yaşlı mərkəz müdafiəçisi özü ölkəsinin mətbuatına açıqlamasında bunu deyib.
İki övladı olan Matiasın oğlanlarından biri - 5 yaşlı Mateus autizm spektri pozuntusundan (TEA) əziyyət çəkir. Bu səbəbdən Yuri oğlunun müalicəsinin davam etməsi üçün onlardan ayrı qalıb.
Futbolçu bu amilin onu psixoloji cəhətdən çox yüklədiyini bildirib: "Ailədən uzaq qalmaq çox çətindir. Bunu izah edə bilmirəm. Çünki mənə çox təsir edən, incidən məqamdır. Kiçik oğlumun autizmli olması da ayrı bir mübarizədir. Bu, bizim bir yerdə yaşamağımıza mane olur. Onun müalicəsini və inkişafını prioritet tutmalıyam".
Yuri Matiasın həyat yoldaşı Mişel də uşaqların atalarına çox bağlı olduğunu deyib: "Oğlanların Yuri ilə güclü bağları var. O, yanlarında olmayanda, xüsusilə də, autizmdən əziyyət çəkən Mateus üçün vəziyyət daha da çətinləşir. Amma bir yerdə olanda hər şey dəyişir, daha sakit və stressiz olur. Həmişə deyirəm ki, Yuri onların dərmanıdır".
Yazıda o da bildirilib ki, Yuri Matias Braziliyadan təklif alarsa, ailəsi ilə birlikdə yaşamaq üçün geri dönməyi düşünür. Onun "Neftçi" ilə müqavilə müddəti mövsümün sonuna qədərdir.//Oxu.az
Şərhlər