"Kreml gələcəkdə Xəzəryanı ölkələrin Qərbin Rusiyaya qarşı planlarında yer almasına əngəl olmaq üçün sözügedən akvatoriumda fəaliyyətini gücləndirmək qərarına gəlib".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Rusiya XİN rəhbəri Sergey Lavrovun Xəzəryanı dövlətlərin diplomatik missiya rəhbərlərilə görüşü fonunda Moskvanın bölgəyə son zamanlar artan xüsusi diqqətinin səbəblərindən danışarkən deyib.
Ekspert bildirib ki, oktyabrın 13-də Lavrovun 4 Xəzəryanı dövlətlərin diplomatik missiya rəhbərlərilə görüşü barədə Rusiya tərəfi rəsmi məlumat verib. Amma bütün hallarda Rusiyanın görüşlə bağlı özəl gündəliyinin olmamaması da mümkün deyil:
"Qərb tərəfindən Rusiyaya qarşı artan təzyiqlərin yumşaldılması səbəb ola bilər. Rusiya getdikcə daha sıx problemlərlə üzləşir. Mürəkkəb situasiyadan çıxmaq, onu az da olsa yüngülləşdirmək üçün Kreml əvvəllər müraciət etmədiyi, arxa planda saxladığı tədbirləri yada salır. Kremli qorxudan amillərdən biri Xəzər dənizi vasitəsilə də Rusiyaya təzyiq etmək ehtimalıdır. Buna görə də gələcəkdə Xəzəryanı ölkələrin Qərbin Rusiyaya qarşı planlarında yer almaması üçün bu istiqamətdə fəaliyyəti gücləndirir".
Həmsöhbətimiz qeyd edib ki, Rusiya rəsmiləri Avrasiya təhlükəsizliyinin yeni arxitekturasının formalaşdırılması kontekstində Xəzər regionunun da artan əhəmiyyətini dərk etməyə başlayıb:
"Moskvadakı görüş Rusiyanın son diplomatik fəaliyyətləri ilə də üst-üstə düşür. Həmin gün İran və Rusiya nümayəndələri də Xəzər məsələləri və gələn il keçirilməsi nəzərdə tutulan sammiti əlaqələndirmək üçün görüşüblər. Bundan əlavə, Bakıda Azərbaycan, İran və Rusiya arasında ayrıca yüksək səviyyəli üçtərəfli görüş keçirilib və burada ticarət, nəqliyyat və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi, xüsusilə Şimal-Cənub Nəqliyyat Dəhlizinə xüsusi diqqət yetirilib".
Qeyd edək ki, oktyabrın 13-də Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov dörd Xəzəryanı dövlətin diplomatik missiyalarının rəhbərləri ilə görüş keçirib. İclasda Azərbaycanı səfir Rəhman Mustafayev təmsil edib.
Xəzər regionunda çoxşaxəli əməkdaşlıq və "beşlik" çərçivəsində qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi, o cümlədən Xəzəryanı dövlətlər arasında sammitə və yüksək səviyyəli görüşlərə hazırlıqla bağlı geniş spektrli məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bundan bir həftə əvvəl isə Azərbaycan, İran, Rusiya və Qazaxıstan Hərbi Dəniz Qüvvələri Xəzər dənizində təhlükəsizliyin möhkəmləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə strateji əməkdaşlıq sazişi imzalayıb. Eyni zamanda Kreml xəzəryanı dövlələrin hərbi-dəniz donanmalarının təlimlərinin keçirilməsi təşəbbüsü ilə də çıxış edib.
Bütün bunlar isə Kremlin Xəzər akvatoriyasına son zamanlar diqqətinin artdığına işarə sayıla bilər.
Rüfət Sultan
Şərhlər