Xocalı soyqırımının daha bir ildönümünü də yola verdik. Bakını bilmirəm, amma Türkiyənin dördbir tərəfində azərbaycanlı tələbələr sayəsində anma mərasimləri düzənləndi. Bəzi tədbirlər faciənin təbii ağrısını yansıtdı, bəziləri ruslar demiş “qaloçka” xətrinə təşkil olunmuş təəssüratı yaratdı. İnternetdə, xüsusilə sosial mediada “yola verdik” təəssüratını daha da möhkəmləndirən boy-boy şəkil -hesabatlar yayınlandı. Nə isə ki hazırda ortalıq sakitləşmiş durumda və olub keçənlərə bir göz atmaq imkanımız da var.
Ankaradakı Orta Doğu Texnik Universitetinin tələbələri keçən il öz imkanları ilə dünyanın 14 dilində Xocalı üçün ədalət istədiklərini səsləndirməklə bir video çəkib internetə yerləşdiriblər. Gənclərin bu ürəkdən gələn işini alqışlamaq olar. Təxminən 45 min dəfə tıklanib. Bu il Türkiyə Barolar Birliyi (Vəkillər Kollegiyası) Ankarada Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbirdə gənclərin çəkdiyi videodan da istifadə etmək istəyib. Amma çəkimlərin aşağı səviyyəli keyfiyyəti buna imkan verməyib. Vəkillər Kollegiyası da öz təşəbbüsü ilə gəncləri təkrar professional studiyaya toplayib və professional çəkimlərlə videonu yenidən çəkdirib. Dünyanın 13 dilində “Xocalıya ədalət istəyirik!” deyən video-çarx internetə yerləşdirilib. Çəkimləri əsasən sənədli film çəkimləri ilə tanınmış rejissor Erol Onal həyata keçirib. Azərbaycanın böyük yarasını anlatan bir layihənin içində yer almaq necə bir duyğudur sualımızı belə cavablandırdı: “Xocalı bizim coğrafiyanın ortak acısıdr. Və hər kəsin səsini duyurması gərəkdir. Bu işimizi böyük dövlətlərin diqqətini çəkmək məqsədi daşıyır. Getdikcə daha çox bu tərzdə işlər görülməlidir ki, insanlar bu qətliamın ağrısını hiss etsinlər. Bəzi yerlərdə bu ağrı hiss edilsə də, bəzi yerlərdə görməzdən gəlinir. Təbii ki, nə qədər çox çabalasak bu o qədər önəmlidir”.
Qətliamdan 23 il keçdi. Təəssüf ki, diasporumuzun bu illər ərzində işi o qədər “güclü” olub ki, başqalarını bir tərəfə qoyaq, dili bir, dini bir türklərin bir çoxunun belə Xocalı soyqırımından xəbəri yoxdur. Hətta Xocalı soyqırımını tanıyan ölkələr arasında Türkiyə yoxdur. Türkiyə Vəkillər Birliyinin sədri Mətin Feyzioglunun “Facebook”dakı rəsmi səhifəsində Xocalı qətliamı haqqında iki paylaşım var. Onların altındakı yorumlarda 23 ildən bu yana diasporun “anlatdığı” Xocalı soyqırımını ilk dəfə eşitdiyini deyən türk qardaşımızın qanlı hadisəni bilmədiyini deyil, onun xəbərdar olması üçün gərəkdiyi qədər çaba göstərməyən diasporumuzu qınadım. Azərbaycan hökuməti və də xaricdə yaşayan diasporumuzun 23 ildə Xocalı ilə bağlı gördüyü – ABŞ-ın 16 ştatı və Azərbaycan da daxil olmaqla 8 ölkə və bir islam təşkilatı tanıyıb. Bu da nəticənin sıfıra bərabər olduğunu deməyə əsas verir. Amma sadəcə Türkiyədə Azərbaycandan gələn nümayəndə heyəti və Ankaradakı Azərbaycan səfirliyinin təşəbbüsü ilə keçirilən tədbirlərin sosial şəbəkədəki hesabat xarakterli şəkil paylaşımları Xocalının qisasını almışcasına qürurla nümayiş etdirildi.
Böyük ehtimal, bu fikrə qərəzli münasibət kimi baxanlar tapılacaq. Amma bu paylaşımlar türk qardaşlarımız tərəfindən həyata keçirilmiş olsaydı, buna nəticə demək olardı. Bu səbəbdən də anma tədbirlərindən boy-boy şəkillərin paylaşılması yuxarıya hesabatdan başqa bir şey deyildi.
M.Feyzioglunun paylaşdığı iki material altında ən azından bir fikir mübadiləsi, başsağlığı və üzüntünü ifadə edən kommentlər var. Bizim diaspor və səfirliyimizin paylaşımları altında isə təəssüf ki, buna da rast gəlinmədi.
Azərbaycan İnsan Kapitalının İnkişafı Mərkəzi “İNDEX” Nigar Camalın çəkildiyi “Talehsiz arzular” mahnısının klipini isə birmənalı qarşılamaq olmur. Layihəni cılızlaşdırmaq fikrindən çox uzak olmaqla yanaşı, mediada bu layihənin önəmindən daha çox fərqli ölkədən gəlmiş 300 nəfərlik peşəkarlar qrupu ilə dünyanın “Eurovizion”, “Qrammy”, “Billboard” kimi böyük proyektlərdə istifadə olunan texnika ilə çəkildiyini və ön planda verildiyini qeyd etməmək olmaz. Hətta bu barədə xəbəri “şou-biznes” bölümündə yerləşdirənlər də oldu.
Bu arada mətbuatda Xocalıdan olan fərqli insan portretləri gündəmə gəldi. Hər hekayə bir ayrı ağrı-acı yaşatdı bizlərə. Hətta bəzi gerçəklərlə qurban və şahidlərin dilindən tanış olduqca, ağla nədən bu gədər zaman susmuşuq, nədən həqiqətləri bunca zaman hayqırmamışıq, dünyaya düşünməmək olmurdu. Hətta faciənin içindən çıxmış insanların gerçək hekayələri əsasında qısa sənədli film çəkmək “Empathy”dən daha effektli olmazmıydı, deyə düşünmədik də deyil. Uzun sözün qısası, Xocalıya ədalət istəyiriksə, ədalət istəyək.
Məsələn, Türkiyə Vəkillər Kollegiyası və ÖTDU tələbələrinin istədiyi kimi.