Dünya 14:07 20.10.2023

Xorvatiya bütün Mi-8 helikopterlərini Ukraynaya verdi

Xorvatiya Ukraynaya hərbi yardımın bir hissəsi olaraq bütün Mi-8 nəqliyyat helikopterlərini təhvil verib. Bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin Pentaqonda xorvatiyalı həmkarı ilə görüşündə deyib.

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
 
Ostin salamlama nitqində vurğulayıb ki, Birləşmiş Ştatlar "bütün Mi-8 helikopterləriniz də daxil olmaqla” çoxsaylı hərbi texnika yardımlarını, habelə Xorvatiyanın Ukraynaya humanitar yardım üçün etdiyi ianələri görür. O, bütün bunların "real fərq yaratdığını" bildirib. 

Amerikalı nazir Xorvatiyanın müdafiəsinin qarşıdan gələn modernləşdirilməsini müzakirə etmək istədiyini bildirib. ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, o, Balkan ölkəsinin ABŞ Milli Qvardiyası ilə tərəfdaşlığının davam etdiyini də qeyd edib.

Xatırladaq ki, bu ilin fevral ayında Xorvatiya yardım məqsədilə 14 Mi-8, 12 Mi-8MTV-1 və 2 Mi-8T helikopterini Ukraynaya verməyə hazır olduğunu bəyan edib. 

Nizami Bağırov