Hüseynbala Səlimov
Qarabağ probleminin, demək
olar ki, otuz illik həll axtarışlarının gedişində Azərbaycan Dağlıq Qarabağ
separatçılarına daha hansı müxtariyyat modellərini təklif etmədi? Bir daha
xatırladaq ki, onların arasında Tatarıstan və Aland adaları variantları kimi
çox geniş və yüksək statusa malik modellər də vardı.
Sonradan Ermənistanın
birinci prezidenti L.Ter-Petrosyan nə qədər böyük səhvə yol verdiyini anladı,
amma 90-cı illərdə danışıqlarda iştirak edən insanlar xatırlayır ki, Levon
Ter-Petrosyana deyəndə ki, biz Dağlıq Qarabağa eynilə Tatarıstanın statusu kimi
çox yüksək və geniş bir status veməyə hazırıq, erməni prezidentinin heyrətdən az
qala, gözləri bərəldi və o, təkrar soruşdu ki, doğrudanmı siz bunu etməyə
hazırsınız?..
Amma sonradan ruslar onu
çağırıb nə dedilərsə, Levon Ter-Petrosyan bir daha bu məsələyə qayıtmadı. Bir
sözlə, yalnız tamam ayrılmaq – bəli, onlar "öz müqəddaratını təyin etməni”
yalnız bu cür anlayırdılar.
Odur ki, Azərbaycanın
bütün təkliflərini rədd edir və düşünmürdülər ki, elə bir gün gələcək ki,
onların yadına heç mədəni muxtariyyat da düşməyəcək, halbuki həmin
Ter-Petrosyan bir dəfə demişdi ki, elə bir gün gələcək ki, biz bu gün rədd
etdiklərimizi Azərbaycandan almaqçün yalvaracağıq, çünki biz müharibəni yox,
onun bircə döyüşünü udmuşuq!
Şəxsən bizə elə gəlir ki,
həmin gün artıq yetişib. Düzdür, erməni tərəfi hələ ağ bayraq qaldırmağı
düşünmür və bütün əraziləri boşaltmağa razı olmur ki, heç olmasa Dağlıq Qarabağ
ermənilərinin bir hüququnu, bəli, bu ərazilərdə qalıb yaşamaq hüququnu təmin
etsinlər.
Biz bu sətirləri yazanda
artıq üç rayon düşmən əsarətindən azad olmuşdu və azad olan ərazilərin
coğrafiyası getdikcə genişlənirdi.
Aydın məsələdir ki, bu həqiqətən
də tarixi hadisələr, tarixi döyüşlər keçmiş status-kvo və ya təmas xətti
haqqında deyilənlərin hamısının üstündən xətt çəkdi. "Artıq heç bir status-kvo
və ya təmas xətti yoxdur, biz onları tamam dəyişdik!” – Azərbaycan prezidenti
ilk ciddi hərbi uğurlardan sonra belə bəyan etdi.
Amma prezident təkcə
bunların üstündə dayanmadı, Yaponiya qəzetlərinin birinə müsahibəsində o,
bildirdi ki, gələcəkdə də Dağlıq Qarabağda hansısa bir referendum keçirməyə
lüzum yoxdur...
Bəs niyə görə biz bəzi bəlli
faktları bir daha, təkrar xatırladıq? Məsələ bundadır ki, Azərbaycan ordusu bu
günlərdə həqiqətən də yeni reallıqlar yaradır və artıq demək olar ki, biz ermənilərin
əlindən onların ən "əsas saqqızını”, yəni "alver predmeti”ni almışıq, çünki
onlar daim bizə deyirdilər ki, əgər torpaqlarınızın azad olunmasını istəyirsinizsə,
onda Dağlıq Qarabağın müstəqilliyini tanıyın!..
Bəli, belə getsə, gələcək
danışıqlarda artıq biz diqtə edəcəyik - əlbəttə, əgər danışıqlara lüzum
olarsa...
"Yalnız mədəni
muxtariyyat” – indi təkcə sadə adamlar deyil, hətta təcrübəli politoloqlar da
bu mövqeyə - Dağlıq Qarabağ "problemi”nin belə həll variantına yönəlir. Məsələ
bundadır ki, Azərbaycanda onlarla böyük və kiçik xalqların nümayəndələri
yaşayır, burada neçə-neçə dinin təmsilçiləri var.
Dağlıq Qarabağ erməniləri
onlar arasında ən azsaylı icmalardan biridir. Sual olunur: niyə görə məhz
onların xüsusi imtiyazı olmalıdır? İkincisi, bizim digər xalqlardan fərqli
olaraq ermənilər öz müqəddaratlarını artıq bir dəfə təyin ediblər – bəli, onlar
üçün Ermənistan var və kim buralarda yaşamaq istəmirsə, erməni dövlətində
yaşamağı düşünürsə, buyurub indi dediyimiz ünvana, Ermənistana yollana bilər...
Konkret özünüidarəetmə
mexanizminə gəldikdə isə, onlar bizim ölkəmizdə bütün xalqlara, icamalara və vətəndaşlara
verilib. Bəli, söhbət bələdiyyə institutlarından gedir. Bəlli olduğu kimi, ölkəmiz
Avropa Şurasının üzvüdür və bura daxil olarkən bələdiyyələrlə bağlı da öhdəlik
götürmüşdü. İndi biz təkcə Avropa Yerli Özünüidarəetmə Xartiyasına qoşulmamışıq,
həm də müxtəlif səviyyəli bələdiyyə struktuları yaradıb, onların fəaliyyətini təmin
etmişik.
Bir sözlə, ermənilər əgər
özünüidarəetmə haqda düşünürsə, bu reallıqlardan və mexanizmlərdən yararlana
bilərlər, necə ki, bunu digər vətəndaşlar edirlər.
Bundan başqa, bir çox
politoloqların fikrincə, Dağlıq Qarabağ ermənilərinə daha yüksək özünütəyinetmə
statusu verməyin gələcəkdə də fəsadları ola bilər: təminat varmı ki, bir neçə
ildən sonra onların könlündən bir daha "öz müqəddaratını təyin etmək” keçməyəcək?
Elə məsələ bundadır ki, belə təminatlar yoxdur, çünki erməni millətçilərinin
fantaziyası hüdud-filan bilmir, bu müstəvidə hətta Jül Vern onlara həsəd aparardı.
Bəli, onlar hər şey uydura bilər, məsələn, deyərlər ki, hələ bizim eraya qədər
Tiqranın tapşırığı ilə qədim ermənilər Ayda da olublar...
Odur ki, biz yalnız öz ordumuzun
hücumlarını gücləndirməliyik, ona görə ki, ordumuz qısa müddət ərzində
diplomatların otuz ildə edə bilmədiyini etdi və sadə həqiqəti bir daha təsdiqlədi:
təcavüzkara yalvarmaq yox, onu məcbur etmək lazımdır, necə ki, konfliktologiyaya
aid dərsliklərdə buna sülhəməcburetmə deyirlər.
Çünki təzyiq hiss edən
düşmən quyruğnu qısıb qaçacaq və bir müddət keçəndən sonra özü danışmaqçün
yalavaracaq. Biz artıq bunun bəzi, ilk əlamətlərini duyuruq, belə ki, ermənilər
Dağlıq Qarabğda xidmət etmək istəmir və deyirlər ki, heç vaxt onların olmayan ərazilər
uğrunda savaş aparmağın mənası yoxdur...
Şərhlər