Rövşən AğayevRusiya gömrük orqanlarının məlumatlarından aydın olur ki, Qərbin sanksiyalarından sonra Rusiyanın boş qalan ərzaq bazarını 5-6 ölkə qazanıb. Ət bazarını Braziliya, Paraqvay, Argentina və Belorus tutub. Meyvə-tərəvəz bazarında Türkiyə, Ekvador, Misir, İsrail və Çin üstünlük qazanıb. Süd bazarı Uruqvay, Argentina, Belorus və Qazaxıstan fermerlərinin əlinə keçib. Bizim milli statistikamızın rəqəmlərini Rusiya tərəfinin rəqəmləri ilə tutuşdurduqda məlum olur ki, boşalmış nəhəng bazardan bizə demək olar ki, heç nə düşməyib.
Rusiya tərəfin məlumatına görə, 2014-cü ildə bu ölkəyə 1.255 milyon ton ət və ət məhsulları (quş əti və ət konservləri də daxil olmaqla) idxal olunub. Bundan 266.6 min tonu (21.2%-i) MDB ölkələrinin payına düşüb - amma Azərbaycan bu sırada yoxdu.
Rusiya il ərzində 21.2 min ton süd və süd məhsulları idxal edib ki, bundan 10.3 min tonu (təxminən 50%-i) MDB ölkələrinin payına düşüb - amma Azərbaycan bu sırada yoxdu.
Rusiya il ərzində 84.8 min ton kərə yağı idxal edib ki, bundan 62.3 min tonu (73.5%-i) MDB ölkələrinin payına düşüb - amma Azərbaycan bu sırada yoxdu.
Ölkəyə 1.642 milyon ton sitrus meyvələri idaxl edilsə də, Azərbaycandan idxal cəmi 25 ton təşkil edib. Bu ölkə üzrə idxalın az qala 1000-də biri deməkdi.
Sitruslar istisna olmaqla Rusiyaya yerdə qalan meyvə giləmeyvələrin idxalı 5.5 milyon ton təşkil edib. Azərbaycandan idxal cəmi 142.6 min ton olub - bütün idxalın cəmi 2.5%-i.
Rusiya 2014-cü ildə 2.180 milyon təzə tərəvəz idxal edib. Bundan cəmi 129 min tonu (5.9%-i) Azərbaycandan olub.
Ümumilikdə 2014-cü ildə Azərbaycandan Rusiyaya 245 milyon dollar dəyərində təzə meyvə-tərəvəz ixrac edilib. Bu, 2013-lə müqayisədə cəmi 37 milyon dollar çoxdu. Nəzərə alaq ki, Qərbin sanksiyaları nəticəsində Rusiyanın meyvə-tərəvəz bazarında təxminən 15 milyard dollarlıq boşluq yaranmışdı. Bu rəqəmin qarşısında Azərbaycandan meyvə-tərəvəz ixracanın cəmi 37 milyon dollar artımı çox kiçik göstəricidi.
Doğrudur, hazırda özünün ərzaq ehtiyaclarının yarısını ancaq təmin edən Azərbaycanın Rusiyanın qida bazarında yer ala bilməsini gözləmək ciddi görünməyə bilər. Amma ən azından yaranmış vəziyyət bir məsələni sübut etdi: böyük neft pullarının daxil olduğu 10 il ərzində Azərbaycan hökuməti ixrac qabiliyyətli aqrar-sanaye kompleksi yaratmağa nail ola bilmədi.
Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə son 12 ildə ayrılan 1 milyard manatdan artıq güzəştli kreditlərin azı 80%-i aqrar-sənaye kompleksinə yönəlib, Aqrolizinq, Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi, dövlət büdcəsi vasitəsilə yüz milyonlarla vəsait aqrar sektorun dəstəklənməsinə sərf olunub.
Amma əldə olunan nəticə, irəliləyiş həddən artıq zəifdi. Səbəb rəqabət mühitinin olmaması - güzəştlərin əhəmiyyətl hissəsi bu rəqabəti yaradacaq kiçik və orta fermerlərin deyil, iri holdinqlərin və ya onların himayə etdiyi, rəqabəti sevməyən iri sahibkarların gücləndirilməsinə xidmət edib. Hələ də böhranın qapımızı döydüyü, aqrar-sənaye sektoru üçün nəhəng ixrac bazarlarının yarandığı bu şəraitə hökumət kənd təsərrüfat kopperativləri, xırda və orta fermerlərin istehsalçı birliklərini, onların assosiasiyalarını dəstəkləmək əvəzinə "aqroparklar" adı altında iri fermerçiliyə arxa durur. Yanlış yanlışın ardınca...
Zərərini ölkə görür.
Qaynar.info