PSJ-yə transferi ilə həyatında yeni səhifə açan Lionel Messi karyerasının ən pis günlərini yaşayır.
Qaynarinfo xəbər verir ki, mövsümün əvvəlində "Barselona"dan ayrılaraq Fransa klubuna azad agent kimi keçən argentinalı superulduz yeni komandasında hələ ki, gözlənilən performansı göstərmir.
Hücumçu Çempionlar Liqasında Paris təmsilçisinin formasında meydana çıxdığı 5 oyunda eyni sayda qol vursa da, ölkə çempionatında stabillik əldə edə bilməyib. Messi bu mövsüm PSJ-nin heyətində meydana çıxdığı 11 liqa matçında cəmi 1 qola imza atıb. Əvəzində mövsümün ilk yarısında 4 məhsuldar ötürmə ilə yadda qalıb.
34 yaşlı futbolçu bu statistika ilə karyerasının ən zəif başlanğıcını yaşayıb.
Messi "Barselonada" keçirdiyi son mövsümdə meydana çıxdığı 47 oyunda 38 qol vurmuş, 11 məhsuldar ötürməyə imza atmışdı. Bu performansdan sonra Messi yeddinci dəfə "Qızıl top” mükafatına yiyələnmişdi.
Səbuhi Həsənov