2025-ci il noyabrın 21-də paytaxtın Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar məsuliyyətə cəlb olunan "Taxes Group" MMC-in ("Loft Dent" klinikası) qanuni təmsilçisi - direktoru Bəhruz Paşayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən və zərərçəkənlərin anket məlumatları dəqiqləşdirilib.
Prokuror məhkəməyə təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsini təklif edib. Zərərçəkənlərin vəkilləri isə cinayət işinin istintaqı zamanı müəyyən pozuntulara yol verildiyini və əlavə cəlb etmələrin zəruriliyini nəzərə alaraq işin yenidən istintaqa qaytarılmasını istəyiblər.
Hakim vəkilin şifahi vəsatətini açıq saxlayaraq növbəti iclaslarda müzakirə olunacağını bildirib.
Hadisə zamanı azyaşlını övladını itirən vəkil Əli Qənbərov da vəsatətlə çıxıs edərək baş verən hadisə ilə bağlı yanğın baş verən obyektin sahibi Vüqar Ağayevin də istintaqa cəlb olunmasını istəyib. Zərərçəkən, həmçinin işin yenidən istintaqa qaytarılaraq övladının ölümündə təqsirkar olan şəxslərin layiqincə cəzalandırmasını istəyib. Digər zərərçəkənlər də vəsatəti yekdilliklə dəstəkləyiblər.
Vəsatətlərin baxılması isə növbəti iclasa saxlanılıb. Məhkəmənin baxış iclası iyunun 30-na təyin edilib.
Xatırladaq ki, ötən ilin noyabrın 21-də paytaxtın Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.
İstintaq zamanı aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və müvafiq ekspertlərin iştirakı ilə hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, çoxsaylı istintaq hərəkətləri icra edilib.
Hazırkı vaxtadək keçirilmiş tədbirlərlə müəyyən edilib ki, binanın zirzəmisində başlamış yanğın nəticəsində üç sakin - Arzu Qəmbərli, Samir Məhəmmədov və Könül Hümbətova həyatını itirib, 25 nəfər tüstüdən zəhərlənib, habelə müxtəlif şəxslərə məxsus əmlaka ziyan dəyib.
Həmçinin, istintaqla hadisənin baş verdiyi binanın zirzəmi qatı və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini icarəyə götürmüş "Taxes Group" MMC-nin ("Loft Dent" klinikası) qanuni təmsilçisi - direktoru Bəhruz Paşayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi bu qaydaları pozub ehtiyatsızlıqdan üç şəxsin ölümünə, habelə digər ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Noyabrın 23-də Bəhruz Paşayev şübhəli şəxs qismində tutulub, noyabrın 24-də isə Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında B.Paşayevin barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, həyatını Arzu Qəmbərli Vəkillər Kollegiyasının üzvü Əli Qəmbərovun övladı olub. Bundan başqa, digər vəfat edən Könül Hümbətova Bakı Milli Geyim Evinin rəhbəri olub.
Şərhlər