Xəbər lenti

Yaşar Sultanov: “AFFA-da bu təklifimiz soyuq qarşılandı...”
İdman11:40 09.05.2022

Yaşar Sultanov: “AFFA-da bu təklifimiz soyuq qarşılandı...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şübhəsiz, "Turan Tovuz”un növbəti mövsümdən Premyer Liqada iştirakının təsdiqlənməsi ən çox tovuzlu azarkeşləri sevindirir. Hər halda onlar komandalarını Premyer Liqada görməkdən çox məmnunluq duyacaqlar. Bu uğura sevinənlərdən biri də klubun keçmiş idarəçilərindən olan Yaşar Sultanovdur.  
O, Qaynarinfo-ya müsahibəsində klubun Premyer Liqaya vəsiqə qazanmasına toxunub, sponsorluq məsələsindən və perspektivindən danışıb.

- Sabiq rəhbərləridən biri kimi "Turan Tovuz”un elitaya qayıtmasını necə qarşıladınız?
- Bunu qəbul edək ki, hər birimizin yerinə yetməsini çoxdan gözlədiyi arzu idi. Bilirsiniz ki, bir neçə dəfə "Turan Tovuz”u yüksək mövqe tutmasına baxmayaraq, Premyer Liqaya buraxmadılar. Amma bu gün Gəncənin də, Tovuzun da elitada təmsil olunması futbolun inkşafı üçün son vaxtlar atılmış müsbət addımlardan biridir. Əminliklə deyirəm, özünüz də yaxın gələcəkdə izləyə bilərsiniz, komandalar tutduğu mövqelərdən asılı olmayaraq, bütün oyunlarda stadionlar dolacaq. Uşaqların futbolla kütləvi məşğuliyyəti üçün zəmin yaranacaq. Tovuzda boş meydança qalmayacaq, uşaqlar oraları dolduracaq. Bu klublar Premyer Liqada daim olmalıdır ki, bütün uşaqlarda həvəs yaransın. "Turan Tovuz”un hətta əvəzedicilərinin oyunu belə onlar üçün böyük bayramdır. Həm də stimuldur. Birinci Divizionda bu gün tribunalara Premyer Liqadakı derbilərdən daha çox, 500 azarkeş yığılırsa, görün bu nə deməkdir. Bu, futbolun kütləviliyidir. Hələ ki, "Turan Tovuz” AFFA-nın maliyyəsi hesabına formalaşır. Ancaq biz Vidadi Əhmədovla AFFA-ya getdik, təklif etdik ki, açıq tipli səhmdar cəmiyyət yaradılsın. Hər bir "Turan”sevər yatırdığı vəsaitin miqdarına baxmayaraq, həmin cəmiyyətin üzvü, eyni zamanda pay sahibi olsun. Bu halda kütləvilik yaranar və maliyyə dəstəyi arta bilər. Bu, dünya praktikasıdır. 
- Təklifinizi necə qarşıladılar?
- Açığı, soyuq qarşılandı. Amma çox mütərəqqi və doğru təklif, sözün həqiqi mənasında çıxış yolu idi. Nə etmək olar? Aktuallığını itirməyib, ümidvaram ki, bir də gündəmə gələr.
- Son vaxtlar Tovuzdakı infrastrukturla tanış olmusunuz?
- Açığı, xeyr. Rayonda az-az olduğum üçün ancaq mətbuatdan izləyirəm. Protokol nəticələrindən başqa heç nə ilə tanış deyiləm. Təbii ki, dostluq əlaqələrimiz davam edir. Amma klubun daxili strukturu ilə tanış deyiləm.
- Adətən hansısa klub Premyer Liqaya vəsiqə qazananda, həm maliyyə, həm də komanda baxımından tam hazır gəlməlidir. Ancaq "Turan Tovuz”da belə deyil. Bu, klubun gələcək perspektivi üçün narahatlıq yaradırmı?
- Sizilə razıyam, bütün hallarda dəstək olmadan çətindir. Həm UEFA-nın tələbidir, həm də yarımçıq qayıdacaqsansa iştirak etməsən, daha yaxşıdır. Yəqin, etibarlı baza var ki, bu addım atılıb. Arzulayıram ki, bu, sözün həqiqi mənasında əksini tapsın. Güman edirəm ki, məsuliyyətsiz addım atılmaz. Yəqin hansısa tədbir görülür. Danışıqlar aparılırsa, sponsor axtarışları davam edirsə… Məncə, maliyyə dəstəyi tapılıb, sadəcə, miqdar məsələləri müzakirə edilə bilər. Müxtəlif formalar var, yəqin ki, onların işlənməsi haqda danışıqlar gedir. Hər halda, dəqiq nəsə deyə bilmərəm, bu, sadəcə, mənim versiyamdır.
- Sizə də sponsorluq və ya dəstək tapmaq üçün müraciət etmişdilər?
- Mən bütün hallarda komandanın idarə olunmasında iştirak etmişəm. O biznesin sahibi deyiləm ki, maliyyə baxımından dəstək verim. Bu barədə müraciət etməzlər, bilirlər ki, biznes sahəsində deyiləm.
- Klubun perspektivi ilə bağlı nə düşünürsünüz?
- Güman edirəm ki, böyük həvəs yaranacaq. Həvəs, ruh hesabına həm Gəncədə, həm də Tovuzda çox ciddi və döyüşkən komanda görəcəyik. Hər iki şəhərdə aparıcı futbol sektoru yaranacaq. 
- Azərbaycan futbolu ilə maraqlanırsınız? "Qarabağ” vaxtından əvvəl çempion oldu. Düşüncələriniz necədir?
-Əlbəttə, maraqlanıram. "Qarabağ” futbolumuzun flaqmanıdır. Aparıcı mexanizmdir, roldur. Həm xaricdə yaşayan, həm də ölkədə olan "Qarabağ”sevərlər üçün futbol simasıdır. Hər kəsin diqqət mərkəzindədir. Sağ olsunlar, biz istəyən şəkildə olmasa da, ümidləri doğrultdular. Artıq Avropada tanınmış klublarda birinə çevrilib. Hazırda "Qarabağ” Qafqazın ən güclü klubudur. Keçmiş SSRİ ölkələrinin təmsilçiləri arasında isə ilk "beşliy”ə düşə bilən komandalardandır.

Səbuhi Həsənov