Ribeyro xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Yaşıl meydanlarda daha bir ölüm hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, Braziliyanın "Friburqense" klubunun futbolçusu Bernardo Ribeyronun oyun zamanı ürəyi dayanıb.
Ribeyro təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. 2 gün öncə isə Rumıniyanın “Dinamo” klubunun 26 yaşlı yarımmüdafiəçisi Patrik Ekenqin oyun zamanı ürəyi dayanmışdı.
Ölkə birinciliyinin “Viitorul”la oyununda 26 yaşlı futbolçu meydana girəndən 7 dəqiqə sonra huşunu itirib. Klubun həkimləri dərhal meydana daxil olublar. Məlum olub ki, Patrik Ekenqin ürəyi dayanıb. Həkimlər onun ürək döyüntülərini bərpa etsələr də, vəziyyətin gərgin olduğunu görüb təcili tibbi yardım maşını ilə xəstəxanaya yola salıblar. Ancaq Ekenq heç bir xüsusi avadanlığı olmayan, sadəcə nəqliyyat kimi istifadə edilən tibbi yardım maşınında xəstəxanaya çatmamış vəfat edib.
Analoji hadisə aprelin 27-də Türkiyədə baş verib. Nevşehir rayonunda yaşanan faciədə gənc futbolçu həyatını itirib. Nevşehirdən Göreyə gedən yolda avtomobillə motosiklet toqquşub. Motosikleti idarə edən 17 yaşlı Əmrə Çakır qəza zamanı ağır yaralanıb. Çakır xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Çakır Nevşehirin Hacı Bektaş Vəli Üniversitesi U-17 yerli futbol komandasının üzvü olub.
Fevral ayında Türkiyə çempionatının iştirakçısı 17 yaşlı futbolçu Məsut Sarıkaya da dünyasını dəyişib. “Antalyaspor” klubunun futbolçusu şəkil çəkdirmək üçün yüksəkliyə çıxıb. Gənç futbolçu tarazlığını itirərək 40 metrlik yüksəklikdən yerə yıxılıb.
Qaynarinfo.az