Xəbər lenti

Yataqxanada böyüyən 3 məktəblinin həbs olunmuş arzuları - FOTOLAR
Ölkə10:37 02.09.2016

Yataqxanada böyüyən 3 məktəblinin həbs olunmuş arzuları - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Artıq yeni tədris ilinin başlanmasına bir neçə gün qalıb. Bazarlarda məktəb ləvazimatları və məktəbli formalarının qiymətində ötən ilə nisbətən artım var. 

Ekspertlərin sözlərinə görə, məktəb ləvazimatlarının qiyməti 30 faiz artıb və bir məktəblinin xərci orta hesabla 130-150 AZN təşkil edir. Məktəbli formalarına gəlincə isə, 34 manatlıq kostyumlar 37, 43 manatlıq kostyumlar 46 manata olub. 

Devalvasiyanın baş verdiyi dövrdə normal əməkhaqqı alan insanlar üçün belə bu qiymətlər yüksəkdir. Amma nəzərə alaq ki, ölkədə həmçinin aztəminatlı ailələr, eləcə də məcburi köçkün olan vətəndaşlarımız var. 

Qaynarinfo.Az-ın əməkdaşı məhz belə bir ailənin qonağı oldu. Tibb Universitetinin 4 saylı yataqxanasında yaşayan Amilə xanım 3 övlad sahibidir. Yoldaşından ayrılan bu xanım evindən 3 uşaq məktəbə yola salır - 12 yaşlı Elçin, 10 yaşlı Rəfiqə və  9 yaşlı Fatimə. Amilə xanım deyir ki, ayda evinə cəmi adambaşı 20 manat, toplamda isə 80 manat çörək pulu verilir:

"İndiki zamanda 80 manat heç bir nəfərin dolanacağı pul deyil. Uşaqları oxutmaq istəyirəm, amma mənə çox çətindir. Özüm xadimə kimi gedib ev silib təmizləyib 5-10 manat qazanıram ki, balalarıma yemək bişirə biləm. Ancaq bu uşaqların da gələcəyi var".

Amilə xanım deyir ki, nə komitədən, nə də digər qurumlardan ona kömək edən yoxdur: "Uşaqlarım məktəbə gedir. Sağ olsun tanışlar, uşaqlarının keçən ilki məktəb paltarını, çantasını verirlər. Olmayanda da məcbur gedib “Sədərək”dən sintetik forma alıram. 50 manat bir uşaq üçün forma puludur, mən 150 manat haradan tapa bilərəm?".

Uşaqlar isə vəziyyəti anlayır, amma onların arzuları var. Elçin polis olmaq istəyir. Rəfiqə həkim, Fatimə isə müəllimə. Amilə xanım bu körpələri yataqxananın balaca otağında əziyyətlə böyüdür. Kim bilir, bəlkə uşaqlar böyüyüb vətənə nə qədər xeyir verə bilər. Amma onların çarəsiz baxışları və arzuları ümidi kəsilən qəfəsdəki quşa bənzəyir…

Pərvin Zeynal

Qaynarinfo.Az