Xəbər lenti

Yeni kart limitləri biznesi rəsmiləşdirməyə sövq edəcək? - Ekspert şərhi
Ekonomiks 13:53 04.08.2026

Yeni kart limitləri biznesi rəsmiləşdirməyə sövq edəcək? - Ekspert şərhi

Azərbaycanda avqustun 1-dən kartdan-karta köçürmələrə tətbiq edilən yeni limitlər cəmiyyətdə müxtəlif müzakirələrə səbəb olub. Bəziləri bunu maliyyə sistemində şəffaflığın artırılması istiqamətində mühüm addım hesab etsə də, digər tərəf kiçik sahibkarların və bəzi vətəndaşların gündəlik maliyyə əməliyyatlarına təsir göstərə biləcəyini düşünür. 

Biznes məsləhətçi Çinarə Ağayeva Qaynarinfo-ya açıqlamasında bildirib ki, yeni qaydaların əsas məqsədi vətəndaşların gündəlik pul köçürmələrini məhdudlaşdırmaq deyil:

"Bu yanaşma daha çox bank sistemindən qanunsuz məqsədlərlə istifadənin qarşısının alınmasına, vergidən yayınma risklərinin azaldılmasına, maliyyə əməliyyatlarının izlənilə bilməsinə və iqtisadiyyatda şəffaflığın artırılmasına xidmət edir. Bu cür mexanizmlər dünyanın bir çox ölkəsində də tətbiq olunur".

Ekspertin sözlərinə görə, son illərdə sosial şəbəkələr vasitəsilə satış həyata keçirən şəxslər, fərdi xidmət göstərənlər və bəzi mikro sahibkarlar ödənişləri əsasən şəxsi bank kartlarına qəbul edirdilər:

"Bu isə həm vergi uçotunun aparılmasını çətinləşdirirdi, həm də istehlakçı hüquqlarının qorunması baxımından müəyyən problemlər yaradırdı. Şəxsi kartların biznes hesabı kimi istifadəsi iqtisadi dövriyyənin tam görünməsinə mane olurdu".
 


Çinarə Ağayeva vurğulayıb ki, yeni qaydalarda kartdan-karta köçürmələr üzrə aylıq limitin müəyyən edilməsi də məhz bu məqsədlərə xidmət edir:

"İlk baxışdan məbləğ kifayət qədər yüksək görünsə də, sosial şəbəkələr üzərindən satış edən mağazalar, fərdi ustalar, təlimçilər, logistika xidmətləri göstərən şəxslər və digər mikro sahibkarlar üçün bu limit praktik əhəmiyyət daşıya bilər. Dövriyyəsi müəyyən edilmiş həddi aşan şəxslər biznes fəaliyyətini şəxsi kart vasitəsilə davam etdirməkdə çətinlik çəkəcək və nəticədə biznes hesablarından istifadə etməyə, ödənişləri rəsmiləşdirməyə və vergi uçotunu düzgün aparmağa təşviq olunacaqlar. 

Bununla yanaşı, eyni limitin bütün istifadəçilərə tətbiq edilməsi bəzi hallarda qanuni maliyyə əməliyyatları aparan vətəndaşlar üçün də müəyyən narahatlıqlar yarada bilər. Məsələn, avtomobil alqı-satqısı, tikinti materiallarının alınması, ailədaxili iri məbləğli köçürmələr və ya mövsümi dövriyyəsi yüksək olan fərdi sahibkarlar bu məhdudiyyəti hiss edə bilərlər. Bu baxımdan gələcəkdə risk əsaslı yanaşmanın tətbiqi daha məqsədəuyğun olardı. Şəffaf gəlir mənbəyi olan, vergi öhdəliklərini vaxtında yerinə yetirən və maliyyə intizamı yüksək olan müştərilər üçün daha çevik limitlərin müəyyən edilməsi həm təhlükəsizliyi təmin edər, həm də əlavə çətinliklərin qarşısını alar".

Çinarə Ağayevanın sözlərinə görə, digər mühüm məsələ isə nağd hesablaşmalara  qayıdış riskidir:

"Əgər bəzi sahibkarlar limitlərdən yayınmaq üçün yenidən nağd ödənişlərə üstünlük versələr, bu, son illər nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində əldə olunan nəticələrə mənfi təsir göstərə bilər. Halbuki dövlət siyasətinin əsas istiqamətlərindən biri məhz rəqəmsal ödənişlərin payını artırmaq və iqtisadiyyatda nağdsız hesablaşmaları stimullaşdırmaqdır. Ona görə də bu qərarın uğuru təkcə limitlərin tətbiqindən deyil, paralel həyata keçiriləcək islahatlardan da asılı olacaq".
 


Ekspert hesab edir ki, kiçik sahibkarlar üçün biznes hesablarının açılması sadələşdirilməli, POS-terminal və QR ödəniş imkanları daha geniş əlçatan olmalı, nağdsız ödəniş qəbul edən sahibkarlara bank komissiyaları və vergi mexanizmləri baxımından əlavə stimullar verilməlidir:

"Eyni zamanda, Mərkəzi Bank və kommersiya bankları yeni qaydaların məqsədini və tətbiq mexanizmini cəmiyyətə daha aydın izah etməlidirlər. Bu halda dəyişikliklər vətəndaşlar tərəfindən məhdudiyyət kimi deyil, maliyyə təhlükəsizliyinin və iqtisadi şəffaflığın gücləndirilməsinə xidmət edən islahat kimi qəbul edilə bilər. Hesab edirəm ki, kartdan-karta köçürmələrə limitlərin tətbiqi ümumilikdə maliyyə sistemində şəffaflığın artırılması istiqamətində düzgün addımdır. Bununla belə, proses elə idarə olunmalıdır ki, nağdsız ödənişlərin inkişaf tempi zəifləməsin. Əksinə, yeni qaydalar rəqəmsal ödəniş  alətlərinin daha geniş yayılmasına və biznes fəaliyyətinin rəsmiləşməsinə təkan verməlidir. Balanslı və çevik yanaşma həm maliyyə  təhlükəsizliyini gücləndirəcək, həm də Azərbaycanda rəqəmsal iqtisadiyyatın dayanıqlı inkişafına töhfə verəcək".

Siyasət şöbəsi

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->