
Milli Məclisin keçirdiyi son iclaslarda şəffaflığın artırılması və dövlət büdcəsindən ayrılan vəsaitin hesabatlılığının artırılması ilə bağlı bir neçə qanun qəbul edilib, əlavə və dəyişikliklər edilib.
Təklif edilən yeni qanun dəyişikliyinə görə isə Azərbaycanda məqsədli büdcə fondları və büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə edilməməsi cinayət məsuliyyəti yaradacaq.
Belə ki, “Büdcə sistemi haqqında” qanunun 5.3-cü maddəsinə edilən əlavəyə görə, məqsədli büdcə fondlarının vəsaitinin təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər Cinayət və İnzibati Xətalar məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyacaqlar.
İndiyənə qədər qanunda vəzifəli şəxslər büdcə xərcləri ilə bağlı məsuliyyət daşıyırdılarmı? Qəbul edilmiş qanunlar nələri dəyişəcək? Qaynarinfo.Az-ın suallarını hüquqşünas vəkil Aslan İsmayılov cavablandırarkən bildirdi ki, bundan öncədə məmurlar və vəzifəli şəxslər cinayət məsuliyyəti daşıyırdı:

“Vəzifədən sui-istifadə və vəzifə səlahiyyətini aşma Cinayət Məcəlləsində var idi. Bu gün Azərbaycanda baş verən qanunsuzluqlar qanunlarda olan çatışmamazlıqla bağlı deyil. Mən bunu dəfələrlə qeyd etmişəm. Sadəcə, qanunların icra olunmaması ilə bağlıdır. Qanunlar icra olunmur, əgər 10 il bundan əvvəl qəbul edilən qanunlar icra olunsaydı, qanuna əlavə dəyişikliklərə ehtiyac olmazdı. Düşünürəm ki, qanuna edilən dəyişikliklər və əlavələr heç nəyi dəyişməyəcək".
Millət vəkili Aydın Mirzəzadə şəffaflığa dair aparılan işləri iqtidarın prinsipial siyasəti olduğunu diqqətə çatdırdı:

“Maliyyə prosesində şəffaflıq iqtidarın apardığı ardıcıl prinsipial siyasətidir. Gördüyünüz kimi, qanunlar qəbul olunur, əlavə və dəyişikliklər edilir. Şəffaflığın artırılması ilə bağlı hökumət daim diqqətdədir".
Qeyd edək ki, təklif edilən qanun dəyişikliyinə əsasən vəsaitin təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər Cinayət və İnzibati Xətalar məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Oktyabrın 14-də qanuna dəyişiklik yenidən müzakirəyə çıxarılacaq.
Pərvin Zeynal
Qaynarinfo.Az