Xəbər lenti

Yeni tikinti qaydaları nələri dəyişəcək?
Ekonomiks16:23 24.04.2015

Yeni tikinti qaydaları nələri dəyişəcək?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ekspert: “Burada önəmli olan məsələ məlumatlandırma icraatı qaydasında vaxtın tezləşdirilməsi və prosedur qaydalarının sadələşdirilməsidir”
Yeni tikinti qaydaları qəbul edilərsə, fərdi yaşayış evlərinin və kiçik obyektlərin tikintisi üçün icazə almağa ehtiyac olmayacaq. Sadəcə, məlumatlandırma icraatı ilə tikintiyə başlamaq mümkün olacaq. 
Şəhərsalma və Tikinti Məcəlləsinə edilən dəyişikliklərlə Azərbaycanda tikintiyə icazə verilməsinin ümumi qaydaları sadələşdiriləcək. Milli Məclisin aprelin 28-də keçiriləcək plenar iclasının gündəliyində sözügedən məcəlləyə dəyişikliklər edilməsi də nəzərdə tutulur. 
Məcəllənin 75.4 maddəsinə təklif edilən dəyişikliyə əsasən isə tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra müvafiq icra hakimiyyəti orqanı tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan və müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikintinin təyinatına uyğun olaraq, müəyyən edilən aidiyyatı qurumlara rəy bildirilməsi üçün göndərilən sorğuya cavab verilmə müddəti 1 aydan 15 günə qədər azaldılır.
Məcəllənin 75.6-cı maddəsinə edilən dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanı tikintiyə dair ərizəyə həmin ərazi üzrə müfəssəl plan olduqda 1 ay müddətində, belə plan olmadıqda və ya onun müddəti bitdikdə 3 ay müddətində baxır və qərar qəbul edir.
Hazırki Məcəllənin həmin maddəsində isə qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanı tikintiyə dair ərizəyə 3 ay ərzində baxır və qərar qəbul edir.
Həmçinin Məcəlləyə məlumatlandırma icraatı ilə bağlı əlavənin edilməsi təklif olunur. 
Təklif edilən əlavəyə görə, insanların yaşaması və toplaşması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən və tikinti sahəsi 1000 kvadratmetrdən çox olmayan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur. 
Hazırki, məcəllədə isə mərtəbələrin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırmalarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir.
Şəhərsalma və Tikinti Məcəlləsinə ediləcək dəyişiklikləri dəyərləndirən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı musavat.com-a açıqlamasında bildirib ki, bu düzəlişlər tikintiyə icazə alınması ilə bağlı prosedurları sadələşdirəcək: “Şəhərsalma və Tikinti Məcəlləsin 74.4 maddəsində məlumatlandırma icraatında, yəni müvafiq icra hakimiyyətinə verilən müraciətə 1 ay müddətində cavab verilməli idisə, indi həmin cavab 15 günə qədər azaldılıb. 74.6-cı maddədə isə deyilir ki, əgər ərazinin müfəssəl planı varsa, 1 ay müddətinə, yoxdursa 3 ay müddətinə müraciətə cavab verilməlidir. Əgər müraciətə cavab verilməzsə, yeni qaydaya görə məlumatlandırma icraatı qəbul olunmuş hesab olunur və tikintiyə başlamaq olar. Tikintinin ölçüləri məsələsi də gündəmdədir. İki mərtəbəli ev hər mərtəbəsinin hündürlüyü 3 metr, ümumi sahəsinin ölçüsü 1400 kvadratmetr, tikinti sahəsi isə 1000 kvadratmetrdən çox olmamaq şərtilə tikilməlidir. Ancaq onu da deyim ki, bu məsələ mənim özümə də tam aydın deyil. Əvvəlki məcəllədə hündürlüyü 12 metrə qədər olan tikililər məlumatlandırma icraatına daxil idi. Hazırda bu müddəanın qüvvədə qalıb-qalmadığını dəqiq bilmirəm”. 
Ekspert bildirdi ki, bu dəyişiklik fərdi yaşayış evləri ilə yanaşı, kiçik ölçülü obyektlərə də aiddir. Əvvəllər kiçik ölçülü obyektlərin tikintisi üçün icazə alınmalı idi. İndi isə bu, məlumatlandırma icraatına daxildir. Yəni sadəcə, xəbərdarlıq etməklə tikintiyə başlamaq mümkündür. Əvvəlləri kiçik ölçülü tikililərin sahibləri xeyli sənəd toplamalı olurdu. İndi artıq məlumatlandırma icraatı qaydasında tikintiyə icazə veriləcək. Burada önəmli olan məsələ məlumatlandırma icraatı qaydasında vaxtın tezləşdirilməsi və prosedur qaydalarının sadələşdirilməsidir.
Qaynar.info